“Ruhun biologiyası: ibadət, dua və Quran oxumağın, yaxşı insanlarla birlikdə olmağın insan beyninə heyrətamiz təsirləri...”
“İnanc sadəcə bir duyğudurmu, yoxsa insan fitrətinə kodlanmış bioloji bir zərurətdir?..”
“Keçmişdə yalnız qəlblə hiss edilən, təsəvvüf dili ilə ifadə olunan mənəvi coşqunluq və transsendent (fiziki aləmi aşan) təcrübələr, bu gün artıq müasir elmin ən heyrətamiz laboratoriyalarında tədqiq edilir. Bu yeni sahənin adı Neyroteologiyadır...”
“Elm sübut edir ki, nizamlı dua və zikr vərdişi beynin bu hissəsini fiziki olaraq qalınlaşdırır və insanın iradəsini, yaddaşını, eləcə də qərarvermə qabiliyyətini gücləndirir...”
Moderator.az bir sıra oxucuların mövzuya marağını nəzərə alaraq “Mənəviyyata açılan pəncərə” nəşrində dərc olunmuş “Ruhun biologiyası: ibadət, dua və Quran oxumağın, yaxşı insanlarla birlikdə olmağın insan beyninə heyrətamiz təsirləri...” başlıqlı ibrətamiz materialı təqdim edir:
“ ...“وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ ۙ وَلَا يَزِيدُ الظَّالِمِينَ
إِلَّا خَسَارًا
“Biz Qurandan möminlər üçün şəfa və rəhmət olan, zalımların isə yalnız ziyanını artıran ayələr nazil edirik.” (İsra, 17/82)
يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَتْكُمْ مَوْعِظَةٌ مِنْ رَبِّكُمْ وَشِفَاءٌ لِمَا فِي الصُّدُورِ وَهُدًى وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ
“Ey insanlar! Rəbbinizdən sizə öyüd-nəsihət, qəlblərdəki (şirk və şübhə kimi xəstəliklər) üçün şəfa və möminlər üçün hidayət və mərhəmət (olan Quran) gəlmişdir.” (Yunus, 10/57)
إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آَيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ أُولَئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا لَهُمْ دَرَجَاتٌ عِنْدَ رَبِّهِمْ وَمَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ
Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkildiyi zaman ürəkləri titrəyər, onlara Allahın ayələri oxunduğu zaman bu, onların imanlarını artırar və yalnız Rəbbinə təvəkkül edərlər. Onlar namazı düzgün bir şəkildə qılar və verdiyimiz ruzidən infaq edərlər. Həqiqətən, onlar əsil möminlərdir. Onlar üçün Rəbbi dərgahında (cənnətdə) dərəcələr, bağışlanma və bitməz-tükənməz bir ruzi vardır. (Ənfal, 8/2-4)
Dua edərkən, dərin bir təfəkkürə dalarkən və ya vəcd halında qəlbimiz titrəyərkən beynimizdə nələr baş verir? İnanc sadəcə bir duyğudurmu, yoxsa insan fitrətinə kodlanmış bioloji bir zərurətdir? İnsan Allaha yönələndə beyində nə baş verir?..
İnsanlıq tarixi boyu iman və ağıl arasındakı əlaqə hər zaman filosofların və ilahiyyatçıların diqqət mərkəzində olmuşdur. Keçmişdə yalnız qəlblə hiss edilən, təsəvvüf dili ilə ifadə olunan mənəvi coşqunluq və transsendent (fiziki aləmi aşan) təcrübələr, bu gün artıq müasir elmin ən heyrətamiz laboratoriyalarında tədqiq edilir. Bu yeni sahənin adı Neyroteologiyadır. Bu elm sahəsi artıq ruhani təcrübələrin, ibadət və duanın insan ruhu ilə yanaşı, onun bioloji mərkəzi olan beyninə necə təsir etdiyini laboratoriya şəraitində araşdırır. Dini yaşantı sadəcə mənəvi bir ritual deyil, eyni zamanda beynimizi yenidən quran, onu sağaldan və kamilləşdirən bioloji bir prosesdir...
Dua və Zikrin Diqqət Mərkəzi: Frontal Payın Güclənməsi...
Həqiqi ibadət və dərin təfəkkür insandan yüksək dərəcədə fokuslanma tələb edir. İnsan bütün dünyəvi qayğıları kənara qoyub Yaradanına yönəldiyi zaman, beynin alın hissəsində yerləşən Frontal pay (diqqət və iradə mərkəzi) maksimum dərəcədə aktivləşir. Bu əslində beynin icraçı direktorudur. Elm sübut edir ki, nizamlı dua və zikr vərdişi beynin bu hissəsini fiziki olaraq qalınlaşdırır və insanın iradəsini, yaddaşını, eləcə də qərarvermə qabiliyyətini gücləndirir. Bu, imanın insana qazandırdığı daxili nizamın və koqnitiv təmərküzləşmənin ən bariz göstəricisidir.
İnsan beyni ən düzgün qərarları bu zamanlarda verir. Mənəvi bir mühit içində olarkən beyinə keçmiş alimlərin varidat dedikləri ilahi əsintilər gəlir. Bunlar şölə, rəmz, nöqtə və s. şəkildə zehnimizə damlayar. İnsan onları dəyər verib yadda saxlayar və ya qeyd edərsə, bu, elimə, düşüncəyə yeni üfüqlər açar...
Vəcd Halı və “Mən”in İtməsi: Parietal Nahiyənin Səssizləşməsi...
Mənəvi yaşantının ən ali məqamlarından biri insanın öz bədən hüdudlarını aşaraq Yaradanın sonsuz rəhmətində əriməsi — yəni “fəna” halıdır. Neyro-elm sahəsində aparılan “SPECT” tomoqrafiyası göstərir ki, dərin dua və ya vəcd halında beynin təpə nahiyəsində yerləşən Parietal payda (fiziki sərhədləri müəyyən edən zona: “Mən indi haradayam? Ətrafımda nə var? Onunla (obyekt) mənim aramdakı məsafə nə qədərdir?” sualları meydana çıxır) aktivlik kəskin şəkildə azalır. Həmin bölgəyə gedən qan axını, beyin siqnalları azalır. Bu nöqtə əslində bizim eqomuzun fiziki mərkəzidir. Bu “səssizləşmə” nəticəsində insan öz eqosunun məhdudiyyətlərindən xilas olur və özünü kainatla, Yaradanla bir bütün kimi hiss edir. Din dilində bu, ruhun bədən qəfəsindən çıxaraq sonsuzluğa toxunması kimi təsvir edilir...
“Məkanım laməkan oldu, bu cismim cümlə can oldu;
Nəzəri-Haqq əyan oldu, özüm məsti-liqa gördüm.
Mənə Haqdan nida gəldi: “Gel ey aşiq ki, məhrəmsən;
Bura məhrəm məqamıdır, səni əhli-vəfa gördüm…”(Nəsimi)
“Sən təcəlli eyləməzsən pərdədə mən var ikən
Şərti izharı vücudundur adim olmaq mənə…”(Qövsi)
Quran Oxumağın və Dinləməyin Beyin Dalğalarına Təsiri...
(Davamı var)
Meneviyyat.az