"Patentlər təsadüfi yaranmır. Onlar aşağıdakı zəncirin son məhsuludur: təhsil + elm+ tədqiqat + innovasiya+ patent + iqtisadi dəyər. Bu zəncirin hər hansı halqası zəifdirsə, nəticə də zəif olacaq..."
“Mövcud vəziyyətdə təhsil əzbərçilik üzərində qurulub, test sistemi düşüncə yox, yaddaşı ölçür, kölgə təhsili (repetitorluq) məktəbi əvəz edir, tənqidi və yaradıcı düşüncə zəif inkişaf edir. Nəticədə sistem innovator yox, diplom sahibi yetişdirir…” “
"Paradoks ondadır ki, “TRİZ” Bakıda bakılı alim tərəfindən yaradılıb, amma Azərbaycanda tətbiq olunmur…”
“Bizim ən ciddi problemimiz problemləri görməməyimizdir. Çox vaxt biz problemləri “görmürük, eşitmirik, hiss etmirik”. Nəticədə problem daha da böyüyür, zaman itiririk, həll çətinləşir…”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Patent sahəsindəki problemlərin həlli sistemli yanaşma tələb edir…” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır
Qlobal patent reytinqlərində Azərbaycanın 102-ci yerdə qərarlaşması…
Bu,sadəcə statistik göstərici deyil. Bu, ölkənin təhsil–elm–innovasiya sistemindəki struktur problemlərin açıq indikatorudur. Patentlərin yaranmaması özlüyündə ayrıca problem deyil, bu, digər problemlərin nəticəsidir.
Patent necə yaranır?..
Patentlər təsadüfi yaranmır. Onlar aşağıdakı zəncirin son məhsuludur: təhsil + elm+ tədqiqat + innovasiya+ patent + iqtisadi dəyər. Bu zəncirin hər hansı halqası zəifdirsə, nəticə də zəif olacaq. Azərbaycan reallığında problem zəncirin yalnız bir halqasında deyil, bütöv bir sistemin-elm-təhsil-innovasiya sisteminin zəifliyindədir…
Təhsil sistemi innovasiyalara zəmin yaratmır...
Təhsil sistemi normalda innovasiyanın başlanğıc nöqtəsi olmalıdır. Lakin mövcud vəziyyətdə təhsil əzbərçilik üzərində qurulub, test sistemi düşüncə yox, yaddaşı ölçür, kölgə təhsili (repetitorluq) məktəbi əvəz edir, tənqidi və yaradıcı düşüncə zəif inkişaf edir. Nəticədə sistem innovator yox, diplom sahibi yetişdirir. E. Əmrullayevin “təhsil olmasa, innovasiya olmaz” fikri doğrudur, lakin bu fikir hələ də şüar kimi qalıb, problemi isə həll edən yoxdur…
Universitetlər tədris mərkəzi yox, innovasiya fabriki olmalıdır…
Müasir dünyada universitetlər artıq sadəcə tədris müəssisəsi deyil, innovasiya mərkəzidir. Lakin Azərbaycan universitetlərində elmi tədqiqatların maliyyəsi çox aşağıdır, müasir laboratoriyalar çatışmır, elmi nəticələrin tətbiqi yoxdur, akademiya ilə iqtisadiyyat arasında əlaqə zəifdir. Bu səbəblərdən universitetlər bilik istehsal etmir, innovasiya yaratmır, patent generasiya etmirlər.
İqtisadiyyatın tələbi yoxdursa, innovasiya olmaz...
İnkişaf etmiş ölkələrdə milli innovasiya siyasəti var, bu əsasda innovativ ekosistem yaradılıb. Beynəlxalq təcrübədə innovasiyaların yaranma modeli belədir: biznes problem qoyur, universitet problemi həll edir, dövlət prosesi maliyyələşdirir. Bizdə bu modelin heç bir mərhələsi işləmir. Bizim reallıqda rəqabət zəifdir (monopoliya səbəbi ilə), biznes innovasiyaya ehtiyac duymur (rəqabət yoxdur deyə), elmə sifariş yoxdur (innovasiyaya təlabat yoxdur deyə). Nəticədə elm vakuum şəraitində fəaliyyət göstərir...
“TRİZ” paradoksu: unudulan yerli intellektual kapital...
Biz nəinki öz insanlarımıza, mütəxəssislərimizə lazımi dəyər vermirik (bu bütün sahələrdə aydın hiss edilir), insanlarımızın vaxtı ilə yaratdığı dəyərlərə də qiymət vermirik. Dünya üzrə innovasiya lideri olan ölkələrdə “TRİZ” (“Теория решения изобретательских задач” (yaradıcılıq problemlərinin həlli) nəzəriyyəsi) geniş tətbiq olunur: Çin, ABŞ, Yaponiya, Almaniya, İsrail v.s. Paradoks ondadır ki, “TRİZ” Bakıda bakılı alim tərəfindən yaradılıb, amma Azərbaycanda tətbiq olunmur. Bu haqda məlumatı olanlar da azdır. Bu isə sistemin ən acı göstəricilərindən biridir, öz intellektual irsimizi belə, istifadə etmirik...
Etiraf edilməyən problem həll edilə bilməz…
Bizim ən ciddi problemimiz problemləri görməməyimizdir. Çox vaxt biz problemləri “görmürük, eşitmirik, hiss etmirik”. Nəticədə problem daha da böyüyür, zaman itiririk, həll çətinləşir. Problemlərin həlli isə strategiya hazırlamağı, prioritetlər müəyyən etməyi, resurslardan səmərəli istifadəni tələb edir. Əsas çatışmazlıq hələ də bizdə milli innovasiya siyasətinin olmamasıdır. Bu işə məsul olanlar isə ilk növbədə ETN, RTNN, İN olmalıdır. Türkiyədə, İranda, Qazaxıstanda, Rusiyada bu məsələ 15-20 il əvvəl həll edilib...
Postneft dövründə ciddi risklər olacaq...
Tez-tez belə sual verilir: neft gəlirləri bitdikdən sonra bizdə hansı iqtisadi model olacaq? Əgər elm zəifdirsə, innovasiya yoxdursa, patentlər yaranmırsa, onda iqtisadiyyat uzunmüddətli rəqabət qabiliyyətini itirəcək.
Problemin kökü parçalanmış elm-təhsil-innovasiya sistemidir...
Mövcud vəziyyəti belə ümumiləşdirə bilərik. Təhsilimiz innovasiya yönümlü deyil, elmimiz tətbiqdən uzaqdır, iqtisadiyyatımız elmə sifariş vermir, dövlət bu zənciri əlaqələndirmir. Nəticədə zəncirin bütün halqaları zəifdir.
Potensial var, amma sistem qurulmayıb...
Azərbaycanda müəyyən maliyyə potensialı var, müəyyən elmi baza var, amma innovasiya sistemi, deməli, patentlər də yoxdur. Bu isə daha təhlükəlidir, çünki, potensial tükənmək üzrədir, sonra onu bərpa etmək çox çətin olacaq.
Nə etməli?..
1. Normal təhsil islahatı aparmalı. Əzbərçilikdən anlayış əsaslı təhsilə keçid zəruridir. “TRİZ” və problem həlli metodlarının təhsil sisteminə inteqrasiyası qaçılmazdır.
2. Universitet transformasiyası. Tədqiqat büdcəsinin artırılması, universitet–sənaye əməkdaşlığı, spin-off şirkətlərin yaradılması çox vacibdir.
3. İqtisadi stimullar. Innovasiyalardan faydalanan bizneslərə vergi güzəştləri verilməli, patent siyasəti qurulmalı, patentlərə dövlət dəstəyi təmin edilməlidir.
4. Milli innovasiya sistemi yaradılmalıdır. Dövlət səviyyəsində vahid strategiya hazırlanmalı, elm–təhsil–biznes inteqrasiyası təmin edilməli, stimullaşdırılmalıdır.
Problem patent sayında deyil. Problem elm-təhsil sisteminin zəifliyində, səmərəsiz maliyyələşmə və idarəedilməsində, bunların nəticəsi kimi milli innovasiya sisteminin yoxluğundadır. Əgər təhsil dəyişməzsə, elm iqtisadiyyatla birləşməzsə, innovasiya stimullaşdırılmazsa, onda heç bir göstərici də dəyişməyəcək...
Məqsədimiz nədir: innovasiya istehsal edən ölkə olaq, yoxsa texnologiya idxal edən ölkə kimi qalaq?..
Dosent İlham Əhmədov”