Müasir dövrdə ali təhsil müəssisələri cəmiyyətin intellektual və sosial inkişafının əsas dayaqlarından biri kimi çıxış edir. Universitetlər yalnız ixtisaslı mütəxəssis hazırlamaqla kifayətlənmir, eyni zamanda elmi biliklərin formalaşdırılması, innovativ yanaşmaların təşviqi, yaradıcı düşüncənin inkişaf etdirilməsi və ümumi intellektual səviyyənin yüksəldilməsi istiqamətində mühüm təsir göstərir. Bu baxımdan, universitetlərin beynəlxalq akademik məkandakı mövqeyi həm təhsil keyfiyyətinin göstəricisi, həm də ölkənin inkişaf potensialının mühüm indikatoru kimi qiymətləndirilir.
2026-cı il martın 25-də “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi tərəfindən fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin növbəti reytinq cədvəlinin açıqlanması, 1994-cü ildən etibarən bu universitetlə bağlı olan bir şəxs üçün xüsusi qürur mənbəyidir. Qeyd edilməlidir ki, QS reytinqləri ali təhsil müəssisələrini beş əsas meyar üzrə sistemli şəkildə qiymətləndirməyə imkan verir və bu baxımdan beynəlxalq akademik ictimaiyyət tərəfindən etibarlı göstərici kimi qəbul olunur.
Son illər ərzində Azərbaycan Dillər Universitetində həyata keçirilən məqsədyönlü islahatlar, elmi-pedaqoji fəaliyyətin yeni inkişaf mərhələsinə yüksəlməsi, beynəlxalq akademik mübadilə proqramlarının genişləndirilməsi və müasir tədris metodlarının tətbiqi universitetin qlobal akademik məkandakı mövqeyinin güclənməsi istiqamətində müsbət dinamikanı aydın şəkildə nümayiş etdirir. Bu proseslər müəllim və tələbələrin elmi fəaliyyətə marağının artmasına, tədqiqat kompetensiyalarının inkişafına və akademik motivasiyanın yüksəlməsinə əhəmiyyətli təsir göstərmişdir.
Universitetin rektoru, akademik Kamal Abdullayevin rəhbərliyi ilə həyata keçirilən strateji yanaşmalar ali təhsil müəssisəsinin beynəlxalq nüfuzunun artmasına və rəqabət qabiliyyətinin yüksəlməsinə mühüm töhfə vermişdir. QS reytinqinin 2026-cı il nəticələrinə əsasən, Azərbaycan Dillər Universiteti “Müasir dillər” istiqaməti üzrə 151–200-cü yerlər intervalında qərarlaşmışdır. Müqayisəli təhlil göstərir ki, əvvəlki illərdə bu göstərici 301–340 və 201–250 aralığında olmuşdur ki, bu da universitetin davamlı inkişaf yolunda irəliləyişini əyani şəkildə əks etdirir.
Bununla yanaşı, universitetin “Linqvistika” sahəsi üzrə ilk dəfə QS reytinqinə daxil olaraq 251–300-cü yerlər arasında mövqe qazanması xüsusi diqqətəlayiqdir. Bu nailiyyət elmi-tədqiqat fəaliyyətinin genişlənməsi, akademik potensialın güclənməsi və beynəlxalq elmi şəbəkələrə inteqrasiyanın dərinləşməsi ilə birbaşa bağlıdır. QS reytinqlərinin metodoloji baxımdan kompleks və çoxşaxəli xarakter daşıması isə əldə olunan nəticələrin obyektivliyini və etibarlılığını təmin edən əsas amillərdən biridir.
Azərbaycan Dillər Universitetinin əldə etdiyi bu nailiyyətlər yalnız bir təhsil müəssisəsinin uğuru deyil, bütövlükdə ölkənin elmi-intellektual potensialının və təhsil strategiyasının uğurlu təzahürü kimi qiymətləndirilməlidir. Mövcud inkişaf konsepsiyasının davamlı şəkildə həyata keçirilməsi, akademik heyətin yüksək peşəkarlığı və işə məsuliyyətli yanaşması gələcəkdə daha böyük beynəlxalq uğurların əldə olunacağına əsaslı inam yaradır.
V. Z. Babayeva,
İngilis və fransız dilləri fakültəsinin dekanı,
dosent