“Əgər akkreditasiya zəif, amma reytinq yüksəkdirsə, onda problem universitetdə deyil, ölçmə sistemlərinin uyğunsuzluğundadır...”
“Yanlış siqnallar ötürülür. Cəmiyyət düşünür ki, universitet inkişaf edir, amma daxildə keyfiyyət problemi qalmaqdadır…”
““Reytinq audit sistemi” yaradılmalıdır. “QS” nəticələri yoxlanmalıdır ki, bu real məlumatlarla uyğundurmu, süni şişirtmələr varmı?..”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “ “QS” reytinqləri və milli akkreditasiya…” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Elm və Təhsil Nazirliyinin akkreditasiyasından güclə keçən universitetlər də bəzən “QS” reytinqində asanlıqla "irəliləyirlər". QS” Reytinq Agentliyi də, deyəsən, ETN-nin RTİ (Regional Təhsil İdarəsi) olub (Avropa regionu üzrə)…
Fərasətə baxın bir!..
Gəlin bu məsələyə diqqət yetirək. ETN tətbiq etdiyi akkreditasiya meyarları və qlobal reytinq agentlikləŕinin tətbiq etdiyi meyarlar çox vaxt metodoloji ziddiyyət yaradır. Son illərdə Azərbaycan ali təhsilində maraqlı bir paradoks müşahidə olunur: ETN tərəfindən akkreditasiyadan çətinliklə keçən bəzi universitetlər, eyni vaxtda "QS World University Rankings" siyahılarında nisbətən asanlıqla “irəliləyir”. Bu ziddiyyət təsadüfi deyil. Problem metodologiyaların fərqli olmasından və yerli idarəetmə ilə qlobal reputasiya alətlərinin uyğunsuzluğundan qaynaqlanır.
1. İKİ FƏRQLİ ÖLÇMƏ SİSTEMİ…
a. Milli akkreditasiya nəyi ölçür?..
ETN-in akkreditasiyası əsasən klassik universitet meyarlarına əsaslanır, yəni tədris proqramlarının uyğunluğu, müəllim heyətinin keyfiyyəti, infrastruktur və idarəetmə, hüquqi və normativ uyğunluq v.s. fərqlidir. Yəni akkreditasiyada fokuslanma sualı “Universitet real olaraq necə işləyir?” kimidir.
b. QS reytinqi nəyi ölçür?..
"QS World University Rankings" əsasən bu indikatorlara baxır: akademik reputasiya (sorğular), işəgötürən reputasiyası, sitat göstəriciləri, beynəlxalqlaşma v.s. Yəni fokuslanma sualı isə “Universitet qlobal məkanda necə görünür?” kimidir…
2. PARADOKSUN ƏSAS SƏBƏBİ
Bu vəziyyətin mahiyyətini bir cümlə ilə ifadə etsək, akkreditasiya – reallığı ölçür, QS isə imici ölçür.
3. “ASAN İRƏLİLƏMƏ” NİYƏ MÜMKÜNDÜR?..
a. Reputasiya manipulyasiyası edilir. “QS” sistemində sorğu əsaslı reputasiya böyük paya malikdir, bu isə şəbəkələşmə, marketinq, akademik əlaqələr vasitəsilə formalaşa bilər…
b. Məqalə sayının optimallaşdırma amili: müəyyən sahələrdə kütləvi nəşr, süni sitat şəbəkələri, reytinq naminə nəşr strategiyası.
c. Beynəlxalqlaşma indikatorlarının “asanlaşması”. Xarici tələbələrin statistik artırılması, formal əməkdaşlıqlar v.s.
Beləliklə, universitet real keyfiyyəti dəyişmədən reytinqdə yüksələ bilir.
4. “QS Agentliyi ETN-nin Avropa regionu üzrə RTİ (Regional Təhsil İdarəsi ) olubmu?
Bu müqayisənin müəyyən əsası var… “QS” qlobal reputasiya alətidir. ETN isə daxili keyfiyyət nəzarəti funksiyasını icra edir. Problem isə bundadır ki, bu iki sistem sinxron deyil, bəzən bir-birinə zidd işləyir. Çünki məqsədlər fərqlidir. “QS” kommersiya qurumudur, pullu məsləhət verir, müştərinin daxili bazardakı maraqlarını nəzərə alır.
5. STRATEJİ RİSKLƏR…
a. Yanlış siqnallar ötürülür. Cəmiyyət düşünür ki, universitet inkişaf edir, amma daxildə keyfiyyət problemi qalmaqdadır…
b. Resursların yanlış istiqamətləndirilməsi ehtimalı yaranır. ETN real islahatlar əvəzinə reytinqdə yüksəlmə barədə düşünür…
c. Akademik deqradasiya riski yaranır. Belə ki bu halda formal göstəricilər real təhsili əvəz edir…
6. BEYNƏLXALQ PRAKTİKA NƏ DEYİR?..
İnkişaf etmiş ölkələrdə reytinqlər yalnız “benchmarking” alətidir, əsas qərarlar milli keyfiyyət sistemlərinə əsaslanır. Yəni “QS” heç vaxt akkreditasiyanın alternativi ola bilməz.
7. AZƏRBAYCAN ÜÇÜN HƏLL MODELİ...
a. İnteqrasiya olunmuş qiymətləndirmə sisteminin yaradılması. Yeni modeldə 50% milli akkreditasiya, 30% tədqiqat və innovasiya, 20% beynəlxalq reytinqlərin olması məqsədəuyğundur.
b. “Reytinq audit sistemi” yaradılmalıdır. “QS” nəticələri yoxlanmalıdır ki, bu real məlumatlarla uyğundurmu, süni şişirtmələr varmı?..
c. Universitetlər üçün “KPI” sistemi yaradılmalı və tətbiq edilməlidir. Bu zaman məzun məşğulluğu, sənaye ilə əməkdaşlıq, real tədqiqat nəticələri kimi amillər nəzərə alınmalıdır.
d. “Reputasiya yox, nəticə” siyasəti reallaşmalıdır.
PHŞ olan universitetlərə hökmən dövlət dəstəyi olmalıdır. Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və ETN-nin bu məsələyə yanaşması kökündən dəyişməlidir. Universitetlərə dövlət dəstəyi real təsirə görə verilməlidir.
Ölkədə universitetlərə yönəli qrant siyasəti formalaşmalıdır. ETN büdcəsinin 5 % şəffaflıq qorunmaqla (bu çox mühümdür), universitetlərə qrant kimi verilməlidir.
Mövcud vəziyyət göstərir ki, Azərbaycan ali təhsilində iki paralel reallıq mövcuddur: daxili zəiflik və zahiri görünən irəliləyiş ("pokazuxa"). Bu isə uzun müddətli dövrdə aldadıcı və çox təhlükəlidir.
Reytinqdə yüksəlmək, inkişaf demək deyil. İnkişaf isə sistemin real keyfiyyətinin artmasıdır…
Əgər akkreditasiya zəif, amma reytinq yüksəkdirsə, onda problem universitetdə deyil, ölçmə sistemlərinin uyğunsuzluğundadır...
Müəllif: dosent İlham Əhmədov”