“Nazirliyin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir...”-EKSPERT
Elm və Təhsil
245
10:30, Bu gün

“Nazirliyin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir...”-EKSPERT

“Dövlət və milli maraqlar prizmasından baxsaq, hansı daha təhlükəlidir: profilinə uyğun olmayan mövzuda yazılmış məqalə, yoxsa profilinə uyğun omayan sahəyə rəhbərlik etmək? Belə menecerin verdiyi qərarlar daha ziyanlıdır...”
 
“Qaydanın müsbət tərəfi varmı?   Bəli, müəyyən qədər var. Məsələn, yalançı elmin qarşısı  qismən alınacaq, sahə ilə əlaqəsi olmayan səthi yazıları azalacaq, keyfiyyətə nəzarəti güclənəcəkdir.  Amma problem budur ki, niyyət düzgün olsa da,  üsulu  qüsurludur...”
 
“Süni intellekt dövründə elmi fəaliyyətin  əsas prinsip artıq  dəyişib... Əgər sistem hələ də “profil” üzərində qurulursa, o, gələcəyin deyil, keçmişin modelidir...”  
 
“Düşüncə azadlığı olmadan inkişaf mümkün deyil.  Bu prinsipə əməl edilmədən universitet inkişaf etmir, elm yaranmır, innovasiya mümkün olmur...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir...”  başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
“Elm və Təhsil Nazirliyi  yeni qayda hazırlayıb: profilə uyğun olmayan yazılarda müəllifliyə icazə verilməyəcək.  Problem   nədən qaynaqlanır?  Problem əslində qaydada deyil, sistemdədir.  Təklif  edilən yeni qayda sanki  peşəkarlığı qorumağa yönəlmiş addımdır, amma bu qərarın mahiyyətinə  dərindən baxdıqda onun texniki yox, sistem problem yaratdığı aydın olur. 
 
Biliyin  sərhədləri varmı?..
 
Bu qaydanın əsas ideyası belədir: insan yalnız öz ixtisası üzrə düşünə və yaza bilər.  Bu isə müasir bilik dünyasının əsas prinsipinə ziddir. Tarix göstərir ki, ən böyük ideyalar çox vaxt sahələrarası düşüncədən yaranıb.  Məsələn, akademik, Azad Mircəzanzadə texniki sahənin  alimi  idi, amma fəlsəfə və humanitar sahələrdə də dərin fikirlər irəli sürürdü.  Deməli, düşüncə ixtisasla məhdudlaşmır... 
Polimat fenomeni necə olsun?  Dünyada “polimat”lar var, bir neçə sahədə dərin bilik, sahələrarası yanaşma, innovativ düşüncə sahibidirlər.  Belə insanlar yeni ideyalar yaradır, sistemləri birləşdirir, inkişafın sürətini artırırlar.  ETN-nin  təklif etdiyi yeni qaydada isə deyilir ki, sən yalnız öz sahəndə düşünə bilərsən.  Bu  yaradıcılığı məhdudlaşdırır, innovasiyanı zəiflədir, düşüncəni daraldır.  Bu qayda  polimatların  qarşısı kəsilə bilər.  
 
Tarix göstərir ki, ən böyük  elmi sıçrayışlar əsasən sahələrarası düşünən insanlardan gəlib. Məsələn, fizika + riyaziyyat, biologiya + kimya, biologiya+fizika, informatika + dilçilik, informatika + biologiya v.s. Müasir dövrdə isə bu rol: Sİ + digər sahələrin  kombinasiyası kimidir.  ETN-nin  yeni qaydası alimin  yalnız “öz sahəsində qalmasını” məcburi edir, fərqli sahədə məqalə yazsa, onun müəllifliyi tanınmır.  Nəticədə polimat düşüncə zəifləyir. 
Bu yeni   qaydadan təbii olaraq belə bir sual doğur:  profilə uyğun olmayan yazı təhlükəlidir, yoxsa,  profilə uyğun olmayan menecer ?   Əgər ixtisaslarına uyğun olmayan insanlar strateji postlardadırsa, onda əsas risk haradadır:  məqalədə, yoxsa, səriştəsiz qərarlarda?  Təbii ki, risk yazıda yox, qərarvermədədir. Çünki, yazı fikir yaradır, qərar isə sistemə təsir edir. 
 
Dövlətə hansı daha ziyanlıdır?  Dövlət və milli maraqlar prizmasından baxsaq, hansı daha təhlükəlidir: profilinə uyğun olmayan mövzuda yazılmış məqalə, yoxsa profilinə uyğun omayan sahəyə rəhbərlik etmək? Belə menecerin verdiyi qərarlar daha ziyanlıdır.  Yanlış idarəetmə resurs itkiləri, yanlış strategiyalar, uzunmüddətli geriləmə ilə nəticələnir.   Bu qərar göstərir ki, sistem dərin problemləri səthi, formal  qaydalarla həll etməyə çalışır. Amma əsas problemlər kadr siyasəti, liderlik keyfiyyəti, peşəkarlıq və strateji düşüncə çatışmazlığıdır... 
 
Təhsil sisteminə dəyən zərbə...
 
Bu qərarın uzunmüddətli təsiri daha təhlükəlidir. Əgər gənclərə belə mesaj verilirsə ki,  yalnız öz sahəndə düşün, sərhədləri aşma, onda nəticə zəif olacaq.  Sonda zəif yaradıcılıq, zəif innovasiya, passiv düşüncə yaranacaqdır.
 
Alternativ yanaşma kimi  qadağa yox, keyfiyyət  önə çıxmalıdır. Problemin həlli qadağa deyil, keyfiyyət mexanizmidir.  Keyfiyyətə nail olmaq üçün:
 
1. Açıq yaradıcılıq mühiti  yaradılmalıdır ki,  hər kəs yaza bilsin;
2. Ekspert qiymətləndirməsi olmalıdır, yazı keyfiyyət süzgəcindən keçsin: 
3. Tənqidi müzakirə olmalıdır ki, zəif ideyalar təbii olaraq aradan qalxsın. 
 
Düşüncə azadlığı olmadan inkişaf mümkün deyil.  Bu prinsipə əməl edilmədən universitet inkişaf etmir, elm yaranmır, innovasiya mümkün olmur. Bu qərarın məqsədi  keyfiyyəti artırmaqdır, yoxsa düşüncəni məhdudlaşdırmaq?
 
ETN təşəbbüsü niyyət baxımından müsbət görünə bilər, amma  bu qərar  təqdim edildiyi  formatda yarımçıqdır, natamamdır, sistemin problemlərini həll etmir.  Dövlət üçün təhlükə   sərhədi aşan düşüncə deyil,  təhlükə  düşünülmədən və ya  səhv idarəetmə  qərarlarıdır.  
Bu gün elmdə süni intellekt çox geniş tətbiq edilir. Gələcəkdə  Sİ-nin tətbiqi  daha da genişlənəcəkdir. 
 
Bəs bu qərar Sİ dövründə  müəlliflərə  dəstəkdir, yoxsa, maneə?  
ETN-nin  müəlliflərə “profil məhdudiyyəti” qoyması, Sİ-nin tətbiqinə maneə olacaqmı?  
ETN-nin  müəlliflərə “profil məhdudiyyəti”nin istisi az,  tüstüsü çox olacaq... 
Bu addım zəruri tənzimləmədir, yoxsa riskli baryer?..  
 
Sİ –nin inkişafı klassik elmi sərhədləri faktiki olaraq dağıdıb. Bu gün  biologiya elmi  data science ilə işləyir, iqtisadiyyat elmi machine learning istifadə edir, dilçilik elmi NLP ilə transformasiya olunur.  Yəni,  Sİ dövründə elm artıq sahələrarasıdır (interdisciplinary), əks halda elm ümumiyyətlə inkişaf edə bilməz.  Belə bir şəraitdə ETN tərəfindən təklif olunan “profilə uyğun olmayan yazılarda müəllifliyə icazə verilməməsi”  qaydası müəyyən suallar doğurur. 
 
Bu qaydanın məqsədi  elmin  keyfiyyətini  qorumaqdır, yoxsa innovasiyaları məhdudlaşdırmaq?   Sualın cavabı  birmənalı deyil, amma müəyyən risklər var. 
 
1. Sİ elmi sahələri birləşdirir, ayırmır. 
 
Sİ-nin əsas xüsusiyyəti müxtəlif sahələri bir platformada birləşdirməkdir.  Məsələn, həkim Sİ ilə diaqnostika qurur; mühəndis,   iqtisadi model yaradır; filoloq, dil modeli üzərində işləyir v.s.  Bu halda “profil” anlayışı unudulur.   Əgər alim yalnız öz sahəsi ilə məhdudlaşdırılırsa, o artıq müasir elmin inkişaf  tempindən geri qalır. 
 
2. Profil uyğunluğu  necə ölçüləcək? 
 
Profil nə ilə müəyyən olunacaq:  diplomla? elmi dərəcə ilə? Yoxsa,  əvvəlki məqalələrlə?   Bu halda  innovativ tədqiqatlar “uyğunsuz” sayılır; yeni istiqamətlərə keçid çətinləşir; bürokratik qərarlar elmi qərarları əvəz edir. 
 
3. Süni intellektin öz təbiətinə ziddiyyət.   
 
Elm üçün Sİ (AI-for-Science)  anlayışı göstərir ki, müasir  alim artıq tək bir  sahənin mütəxəssisi kimi deyil, problem  həll edən tədqiqatçı kimi çıxış edir.  Yəni, alimə verilən  sual “sən kimisən?”  deyil,  “sən hansı problemi həll edirsən?”  olmalıdır.  Profil məhdudiyyəti isə əksinə, problemi yox, kimliyi əsas götürür.
 
4. Gənc alimlər üçün risk.   
 
Bu qayda xüsusi ilə gənc tədqiqatçılar üçün təhlükəlidir. Gənc alimlər daha çevikdir, yeni sahələrə daha tez keçirlər, SI alətlərindən fəal istifadə edirlər. Əgər məhdudiyyət qoyularsa, risk azalır, yaradıcılıq zəifləyir, standart düşüncə güclənir
 
5. Beyin axını riskinin artması. 
 
Əgər system sərtdirsə, qapalıdırsa, sahələrarası keçidi məhdudlaşdırırsa, fəal və yaradıcı alimlər daha açıq ekosistemlərə yönələcək.  Bu isə ölkədən beyin axınına səbəb olacaqdır. 
 
6. Qaydanın müsbət tərəfi varmı?   
Bəli, müəyyən qədər var. Məsələn, yalançı elmin qarşısı  qismən alınacaq, sahə ilə əlaqəsi olmayan səthi yazıları azalacaq, keyfiyyətə nəzarəti güclənəcəkdir.  Amma problem budur ki, niyyət düzgün olsa da,  üsulu  qüsurludur. 
 
1.  Alternativ yanaşma kimi,  daha səmərəli model var. Məsələn, profilə qadağa qoymaq əvəzinə “səriştə əsaslı  qiymətləndirmə” aparmaq,  müəllifin sahəsi yox, işin keyfiyyəti qiymətləndirilsin. 
 
2. Həmmüəlliflik modeli  mümkündür, bu zaman sahələrarası işlərdə müxtəlif mütəxəssislər iştirak edə bilər. 
 
3. Sərt və keyfiyyətli ekspert qiymətləndirməsi aparılsın.
 
4. “Açıq elmi mühit”, yeni istiqamətlər təşviq edilsin. 
 
Bu qayda düzgün tətbiq olunmazsa, innovasiya zəifləyəcək, sahələrarası tədqiqatlar azalacaq, elmi sistem konservativ olacaq. Əgər düzgün balans qurularsa, həm keyfiyyət qorunar, həm də innovasiyalar  davamlı olar. 
 
Süni intellekt dövründə elmi fəaliyyətin  əsas prinsip artıq  dəyişib. Elm də, elmi fəaliyyət də, alim də sürətlə transformasiya edilir. İndi  elm sahələr üzrə yox, problemlər üzrə qurulur. Əgər sistem hələ də “profil” üzərində qurulursa, o, gələcəyin deyil, keçmişin modelidir.  
 
Biz  elmimizi transformasiya etdirmək, inkişaf etdirmək istəyirikmi?  Onda, tələsik və natamam qərarlar verməyək. 
 
Dosent İlham Əhmədov”
 
Link kopyalandı!
Son xəbərlər