“Dövlət və milli maraqlar prizmasından baxsaq, hansı daha təhlükəlidir: profilinə uyğun olmayan mövzuda yazılmış məqalə, yoxsa profilinə uyğun omayan sahəyə rəhbərlik etmək? Belə menecerin verdiyi qərarlar daha ziyanlıdır...”
“Qaydanın müsbət tərəfi varmı? Bəli, müəyyən qədər var. Məsələn, yalançı elmin qarşısı qismən alınacaq, sahə ilə əlaqəsi olmayan səthi yazıları azalacaq, keyfiyyətə nəzarəti güclənəcəkdir. Amma problem budur ki, niyyət düzgün olsa da, üsulu qüsurludur...”
“Süni intellekt dövründə elmi fəaliyyətin əsas prinsip artıq dəyişib... Əgər sistem hələ də “profil” üzərində qurulursa, o, gələcəyin deyil, keçmişin modelidir...”
“Düşüncə azadlığı olmadan inkişaf mümkün deyil. Bu prinsipə əməl edilmədən universitet inkişaf etmir, elm yaranmır, innovasiya mümkün olmur...”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir...” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
“Elm və Təhsil Nazirliyi yeni qayda hazırlayıb: profilə uyğun olmayan yazılarda müəllifliyə icazə verilməyəcək. Problem nədən qaynaqlanır? Problem əslində qaydada deyil, sistemdədir. Təklif edilən yeni qayda sanki peşəkarlığı qorumağa yönəlmiş addımdır, amma bu qərarın mahiyyətinə dərindən baxdıqda onun texniki yox, sistem problem yaratdığı aydın olur.
Biliyin sərhədləri varmı?..
Bu qaydanın əsas ideyası belədir: insan yalnız öz ixtisası üzrə düşünə və yaza bilər. Bu isə müasir bilik dünyasının əsas prinsipinə ziddir. Tarix göstərir ki, ən böyük ideyalar çox vaxt sahələrarası düşüncədən yaranıb. Məsələn, akademik, Azad Mircəzanzadə texniki sahənin alimi idi, amma fəlsəfə və humanitar sahələrdə də dərin fikirlər irəli sürürdü. Deməli, düşüncə ixtisasla məhdudlaşmır...
Polimat fenomeni necə olsun? Dünyada “polimat”lar var, bir neçə sahədə dərin bilik, sahələrarası yanaşma, innovativ düşüncə sahibidirlər. Belə insanlar yeni ideyalar yaradır, sistemləri birləşdirir, inkişafın sürətini artırırlar. ETN-nin təklif etdiyi yeni qaydada isə deyilir ki, sən yalnız öz sahəndə düşünə bilərsən. Bu yaradıcılığı məhdudlaşdırır, innovasiyanı zəiflədir, düşüncəni daraldır. Bu qayda polimatların qarşısı kəsilə bilər.
Tarix göstərir ki, ən böyük elmi sıçrayışlar əsasən sahələrarası düşünən insanlardan gəlib. Məsələn, fizika + riyaziyyat, biologiya + kimya, biologiya+fizika, informatika + dilçilik, informatika + biologiya v.s. Müasir dövrdə isə bu rol: Sİ + digər sahələrin kombinasiyası kimidir. ETN-nin yeni qaydası alimin yalnız “öz sahəsində qalmasını” məcburi edir, fərqli sahədə məqalə yazsa, onun müəllifliyi tanınmır. Nəticədə polimat düşüncə zəifləyir.
Bu yeni qaydadan təbii olaraq belə bir sual doğur: profilə uyğun olmayan yazı təhlükəlidir, yoxsa, profilə uyğun olmayan menecer ? Əgər ixtisaslarına uyğun olmayan insanlar strateji postlardadırsa, onda əsas risk haradadır: məqalədə, yoxsa, səriştəsiz qərarlarda? Təbii ki, risk yazıda yox, qərarvermədədir. Çünki, yazı fikir yaradır, qərar isə sistemə təsir edir.
Dövlətə hansı daha ziyanlıdır? Dövlət və milli maraqlar prizmasından baxsaq, hansı daha təhlükəlidir: profilinə uyğun olmayan mövzuda yazılmış məqalə, yoxsa profilinə uyğun omayan sahəyə rəhbərlik etmək? Belə menecerin verdiyi qərarlar daha ziyanlıdır. Yanlış idarəetmə resurs itkiləri, yanlış strategiyalar, uzunmüddətli geriləmə ilə nəticələnir. Bu qərar göstərir ki, sistem dərin problemləri səthi, formal qaydalarla həll etməyə çalışır. Amma əsas problemlər kadr siyasəti, liderlik keyfiyyəti, peşəkarlıq və strateji düşüncə çatışmazlığıdır...
Təhsil sisteminə dəyən zərbə...
Bu qərarın uzunmüddətli təsiri daha təhlükəlidir. Əgər gənclərə belə mesaj verilirsə ki, yalnız öz sahəndə düşün, sərhədləri aşma, onda nəticə zəif olacaq. Sonda zəif yaradıcılıq, zəif innovasiya, passiv düşüncə yaranacaqdır.
Alternativ yanaşma kimi qadağa yox, keyfiyyət önə çıxmalıdır. Problemin həlli qadağa deyil, keyfiyyət mexanizmidir. Keyfiyyətə nail olmaq üçün:
1. Açıq yaradıcılıq mühiti yaradılmalıdır ki, hər kəs yaza bilsin;
2. Ekspert qiymətləndirməsi olmalıdır, yazı keyfiyyət süzgəcindən keçsin:
3. Tənqidi müzakirə olmalıdır ki, zəif ideyalar təbii olaraq aradan qalxsın.
Düşüncə azadlığı olmadan inkişaf mümkün deyil. Bu prinsipə əməl edilmədən universitet inkişaf etmir, elm yaranmır, innovasiya mümkün olmur. Bu qərarın məqsədi keyfiyyəti artırmaqdır, yoxsa düşüncəni məhdudlaşdırmaq?
ETN təşəbbüsü niyyət baxımından müsbət görünə bilər, amma bu qərar təqdim edildiyi formatda yarımçıqdır, natamamdır, sistemin problemlərini həll etmir. Dövlət üçün təhlükə sərhədi aşan düşüncə deyil, təhlükə düşünülmədən və ya səhv idarəetmə qərarlarıdır.
Bu gün elmdə süni intellekt çox geniş tətbiq edilir. Gələcəkdə Sİ-nin tətbiqi daha da genişlənəcəkdir.
Bəs bu qərar Sİ dövründə müəlliflərə dəstəkdir, yoxsa, maneə?
ETN-nin müəlliflərə “profil məhdudiyyəti” qoyması, Sİ-nin tətbiqinə maneə olacaqmı?
ETN-nin müəlliflərə “profil məhdudiyyəti”nin istisi az, tüstüsü çox olacaq...
Bu addım zəruri tənzimləmədir, yoxsa riskli baryer?..
Sİ –nin inkişafı klassik elmi sərhədləri faktiki olaraq dağıdıb. Bu gün biologiya elmi data science ilə işləyir, iqtisadiyyat elmi machine learning istifadə edir, dilçilik elmi NLP ilə transformasiya olunur. Yəni, Sİ dövründə elm artıq sahələrarasıdır (interdisciplinary), əks halda elm ümumiyyətlə inkişaf edə bilməz. Belə bir şəraitdə ETN tərəfindən təklif olunan “profilə uyğun olmayan yazılarda müəllifliyə icazə verilməməsi” qaydası müəyyən suallar doğurur.
Bu qaydanın məqsədi elmin keyfiyyətini qorumaqdır, yoxsa innovasiyaları məhdudlaşdırmaq? Sualın cavabı birmənalı deyil, amma müəyyən risklər var.
1. Sİ elmi sahələri birləşdirir, ayırmır.
Sİ-nin əsas xüsusiyyəti müxtəlif sahələri bir platformada birləşdirməkdir. Məsələn, həkim Sİ ilə diaqnostika qurur; mühəndis, iqtisadi model yaradır; filoloq, dil modeli üzərində işləyir v.s. Bu halda “profil” anlayışı unudulur. Əgər alim yalnız öz sahəsi ilə məhdudlaşdırılırsa, o artıq müasir elmin inkişaf tempindən geri qalır.
2. Profil uyğunluğu necə ölçüləcək?
Profil nə ilə müəyyən olunacaq: diplomla? elmi dərəcə ilə? Yoxsa, əvvəlki məqalələrlə? Bu halda innovativ tədqiqatlar “uyğunsuz” sayılır; yeni istiqamətlərə keçid çətinləşir; bürokratik qərarlar elmi qərarları əvəz edir.
3. Süni intellektin öz təbiətinə ziddiyyət.
Elm üçün Sİ (AI-for-Science) anlayışı göstərir ki, müasir alim artıq tək bir sahənin mütəxəssisi kimi deyil, problem həll edən tədqiqatçı kimi çıxış edir. Yəni, alimə verilən sual “sən kimisən?” deyil, “sən hansı problemi həll edirsən?” olmalıdır. Profil məhdudiyyəti isə əksinə, problemi yox, kimliyi əsas götürür.
4. Gənc alimlər üçün risk.
Bu qayda xüsusi ilə gənc tədqiqatçılar üçün təhlükəlidir. Gənc alimlər daha çevikdir, yeni sahələrə daha tez keçirlər, SI alətlərindən fəal istifadə edirlər. Əgər məhdudiyyət qoyularsa, risk azalır, yaradıcılıq zəifləyir, standart düşüncə güclənir
5. Beyin axını riskinin artması.
Əgər system sərtdirsə, qapalıdırsa, sahələrarası keçidi məhdudlaşdırırsa, fəal və yaradıcı alimlər daha açıq ekosistemlərə yönələcək. Bu isə ölkədən beyin axınına səbəb olacaqdır.
6. Qaydanın müsbət tərəfi varmı?
Bəli, müəyyən qədər var. Məsələn, yalançı elmin qarşısı qismən alınacaq, sahə ilə əlaqəsi olmayan səthi yazıları azalacaq, keyfiyyətə nəzarəti güclənəcəkdir. Amma problem budur ki, niyyət düzgün olsa da, üsulu qüsurludur.
1. Alternativ yanaşma kimi, daha səmərəli model var. Məsələn, profilə qadağa qoymaq əvəzinə “səriştə əsaslı qiymətləndirmə” aparmaq, müəllifin sahəsi yox, işin keyfiyyəti qiymətləndirilsin.
2. Həmmüəlliflik modeli mümkündür, bu zaman sahələrarası işlərdə müxtəlif mütəxəssislər iştirak edə bilər.
3. Sərt və keyfiyyətli ekspert qiymətləndirməsi aparılsın.
4. “Açıq elmi mühit”, yeni istiqamətlər təşviq edilsin.
Bu qayda düzgün tətbiq olunmazsa, innovasiya zəifləyəcək, sahələrarası tədqiqatlar azalacaq, elmi sistem konservativ olacaq. Əgər düzgün balans qurularsa, həm keyfiyyət qorunar, həm də innovasiyalar davamlı olar.
Süni intellekt dövründə elmi fəaliyyətin əsas prinsip artıq dəyişib. Elm də, elmi fəaliyyət də, alim də sürətlə transformasiya edilir. İndi elm sahələr üzrə yox, problemlər üzrə qurulur. Əgər sistem hələ də “profil” üzərində qurulursa, o, gələcəyin deyil, keçmişin modelidir.
Biz elmimizi transformasiya etdirmək, inkişaf etdirmək istəyirikmi? Onda, tələsik və natamam qərarlar verməyək.
Dosent İlham Əhmədov”