Universitetlərimiz publik hüquqi şəxs oldu - düzəldimi, indi də məktəbləri PHŞ edirik?..-EKSPERT
Elm və Təhsil
277
13:13, Bu gün

Universitetlərimiz publik hüquqi şəxs oldu - düzəldimi, indi də məktəbləri PHŞ edirik?..-EKSPERT

“Bizim  20 il geridə qalan universitetlərimiz  PHŞ olmağa hazır deyil. Amma dəyirman öz işində olub. İndi məktəblərin PHŞ edilməsi lap böyük səhvdir...”
 
“Məktəb muxtariyyəti yalnız hüquqi status deyil, həm də peşəkar idarəetmə tələb edir. Lakin Azərbaycan məktəblərinin əksəriyyətində rəhbərlik  maliyyə idarəetməsi, strateji planlaşdırma, innovativ təhsil modellərinin tətbiqi kimi sahələrdə sistemli hazırlıq keçməyib...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Məktəblərin publik hüquqi şəxsə çevrilməsi təhsilə nə verəcək?” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır: 
Son günlər Azərbaycan təhsil siyasətində  “məktəblərin publik hüquqi şəxsə çevrilməsi”  ideyası yenidən gündəm olub. Bu fikir Milli Məclisin deputatı Mehriban Vəliyeva tərəfindən səsləndirilib və mahiyyət etibarilə məktəblərin daha muxtar idarəetmə modelinə keçməsini nəzərdə tutur.  İlk baxışda bu yanaşma müasir təhsil idarəetmə konsepsiyalarına uyğun görünür. 
Dünyada son onilliklərdə təhsil sistemlərinin mərkəzləşmiş modeldən daha çevik və yerli qərarverməyə əsaslanan modellərə keçməsi geniş yayılıb. Lakin bu ideyanın Azərbaycan reallığında necə nəticə verəcəyi ciddi və tənqidi təhlil tələb edir. Çünki söhbət sadəcə idarəetmə formasının dəyişməsindən deyil, bütövlükdə təhsil sisteminin institusional arxitekturasının dəyişməsindən gedir.
 
Publik hüquqi şəxs modeli nə deməkdir?..
 
Publik hüquqi şəxs (PHŞ) statusu dövlətə məxsus olan, lakin müəyyən idarəetmə və maliyyə müstəqilliyinə malik təşkilati modeldir. Bu modeldə PHŞ olan qurum  maliyyə resurslarını müəyyən səviyyədə özü idarə edə bilir,  daxili struktur və fəaliyyət mexanizmlərində daha çevik olur, bəzi strateji qərarları müstəqil qəbul edə bilir.
 
Təhsil sahəsində bu modelə oxşar yanaşmalar bir çox ölkələrdə mövcuddur.  Məsələn: Böyük Britaniyada “academy schools”,  ABŞ-da “charter schools”, Finlandiyada yüksək səviyyəli məktəb muxtariyyəti modeli v.s.  Lakin bu ölkələrdə məktəb muxtariyyəti illərlə hazırlanmış institusional sistemin üzərində qurulub. Orada güclü müəllim hazırlığı, maliyyə şəffaflığı və müstəqil qiymətləndirmə mexanizmləri mövcuddur.  Yəni hüquqi status yalnız son mərhələdir, başlanğıc deyil.
 
Məktəblərin PHŞ edilməsi təklifinin məntiqi...
 
Millər vəkili açıqlamasında üç əsas tezis diqqət çəkir:
 
1. Məktəblər idarəetmə baxımından daha müstəqil olmalıdır
 
2. Maliyyə muxtariyyəti artırılmalıdır
 
3. Məktəblər kurikulum və dərslik seçimində daha geniş səlahiyyətlər əldə etməlidir.
 
Bu yanaşma nəzəri baxımdan müasir təhsil siyasətinin əsas istiqamətlərindən biri olan “school autonomy” prinsipinə uyğundur.  Bəs  Azərbaycanın mövcud institusional sistemi bu modelə hazırdırmı?
 
Azərbaycan təhsil sisteminin struktur xüsusiyyətləri...
 
Azərbaycan təhsil sistemi tarixən yüksək dərəcədə mərkəzləşdirilmiş model üzərində qurulub.  Bu modelin əsas xüsusiyyətləri kurikulumların mərkəzləşdirilmiş şəkildə hazırlanması,  dərsliklərin dövlət tərəfindən seçilməsi, kadr və maliyyə siyasətinin mərkəzi idarə olunması,  məktəblərin vahid inzibati sistemə tabe olmasıdır.  Belə bir sistemdə məktəblərin birdən-birə geniş muxtariyyət əldə etməsi ciddi institusional problemlər yarada bilər...
 
Ali təhsildə PHŞ təcrübəsi: dərs çıxarılmayan bir təcrübə...
 
Bu məsələnin digər tərəfi isə son illər ali təhsil sistemində yaşanmış acı PHŞ təcrübəsidir. Məlumdur ki, bir sıra universitetlərimiz PHŞ statusuna keçirildi. Bu addım rəsmi təqdimatlarda böyük islahat kimi təqdim olundu. Lakin real nəticələr çoxsaylı suallar doğurur. Biz öz məqalələrimizdə dəfələrlə universitetlərimizin PHŞ edilməsi qərarının indiki reallıqda səhv olmasını yazmışdıq. Təəssüf ki, ETN davamı olaraq səhv qərarlar verir, mütəxəssislərin xəbərlarlığını eşitmək istəmir, müzakirələr aparmır, seçdiyi dalanda sürətlə irəliləyir. ETN rəhbərliyi heç vaxt da etdiyi  çoxsaylı səhvləri  etiraf etmir. Səhvi etiraf etmək də bir idarəetmə mədəniyyətidir… 
 
Biz məqalələrdə dəfələrlə yazmışıq, səbəblərini də qeyd etmişik ki, bizim  20 il geridə qalan universitetlərimiz  PHŞ olmağa hazır deyil. Amma dəyirman öz işində olub. İndi məktəblərin PHŞ edilməsi lap böyük səhvdir…
 
Universitetlərimiz  güclü maliyyə bazasına malik olmadan,  ciddi tədqiqat infrastrukturu yaratmadan,  stabil maliyyə modeli qurulmadan,  akademik idarəetmə sistemləri formalaşdırılmadan  PHŞ statusuna keçirildi.  Yəni institusional baza qurulmadan hüquqi status dəyişdirildi. Bu isə ciddi strateji səhv idi. Çünki universitetlər son 30–35 ildə güclü maddi-texniki və intellektual baza formalaşdıra bilmədiyi halda onlara faktiki olaraq yarı-bazar modelində fəaliyyət göstərmək tapşırıldı.  Belə şəraitdə PHŞ modeli universitetləri gücləndirmək əvəzinə maliyyə baxımından daha da riskli vəziyyətə sala bilər.  Əgər ali təhsildə bu model ciddi müzakirə və sistemli hazırlıq olmadan tətbiq olunubsa, eyni yanaşmanın indi məktəblərə transfer edilməsi ciddi suallar doğurur…
 
Məktəblərdə PHŞ modelinin riskləri…
 
1. İdarəetmə səriştəsizliyi problemi
 
Məktəb muxtariyyəti yalnız hüquqi status deyil, həm də peşəkar idarəetmə tələb edir. Lakin Azərbaycan məktəblərinin əksəriyyətində rəhbərlik  maliyyə idarəetməsi, strateji planlaşdırma, innovativ təhsil modellərinin tətbiqi kimi sahələrdə sistemli hazırlıq keçməyib. Belə şəraitdə muxtariyyət çox vaxt real idarəetmə gücü deyil, sadəcə formal məsuliyyət artımı demək olacaq.
 
2. Təhsil bərabərsizliyinin artması...
 
Dünya təcrübəsi göstərir ki, məktəbə  muxtariyyət verildikdə, çox vaxt güclü məktəblər daha da güclənir,  zəif məktəblər isə daha da zəifləyir.  Azərbaycan kimi regional inkişaf fərqlərinin yüksək olduğu ölkələrdə bu risk daha böyükdür.  Bu halda  Bakı məktəbləri ilə region məktəbləri arasındakı fərq daha da arta bilər...
 
3. Kurikulum muxtariyyəti paradoksu
 
Məktəblərin öz kurikulumlarını hazırlaması ideyası nəzəri baxımdan cəlbedicidir. Bəs  bütün məktəblərin kurikulum hazırlamaq potensialı varmı?  Müəllimlər bu akademik məsuliyyəti daşımağa hazırdırmı?  Keyfiyyət standartları necə qorunacaq?  Bu suallar cavabsız qaldıqda sistem standartların parçalanmasına gətirib çıxara bilər. Nəzərə alsaq ki, TN və ETN 25 ildə hələ də normal kurikulum yarada bilməyib, bunu məktəblər edə biləcəkmi? 
 
İdarəetmə mədəniyyəti problemi...   
 
Azərbaycanın təhsil idarəetməsində daha böyük problem  qərarvermə mədəniyyətidir.  Təhsil sahəsində mühüm qərarlar çox vaxt elmə əsaslnmadan, geniş ekspert müzakirəsi olmadan, ictimai debat aparılmadan, pilot layihələr tətbiq edilmədən qəbul edilir. Bunları da müxtəlif   məqalələrdə illərdir ki, ETN-nin nəzərinə çatdırırıq, təəssüf ki, nəinki yaxşı ideya tapa bilmirlər, heç verilən ideyalara dəyər də verə bilmirlər. Məqsədləri nədir, görəsən?.. 
 
İndi  məktəblərin PHŞ modelinə keçirilməsi ilə bağlı da eyni risk müşahidə olunur.  Əgər bu məsələ  geniş akademik müzakirələr, ciddi iqtisadi hesablamalar, normativ baza olmadan həyata keçirilərsə, nəticə yenə də ziyanlı və formal islahat xarakterli olacaqdır. 
 
Dövlət idarəetməsində strateji koordinasiya problem…  
 
Burada başqa bir fundamental sual ortaya çıxır: təhsil kimi dövlətin ən strateji sahələrindən birində qəbul edilən belə qərarlar  dövlətin üst  səviyyəsində niyə geniş müzakirə olunmur?  Bu məsələdə Milli Məclis, Nazirlər Kabineti   kimi institutların rolu və mövqeyi  qəti olmalıdır. Son illər göstərir ki, ETN-nin təklifləri və islahatları tam nəticəsizdir.  Təhsil siyasəti yalnız bir qurumun inzibati qərarı ilə müəyyən edilə bilməz. Bu sahə uzunmüddətli milli strategiya tələb edir.
 
Alternativ yanaşma…   
 
Əgər məktəb muxtariyyəti həqiqətən tətbiq ediləcəksə, bu proses mərhələli şəkildə aparılmalıdır.  Bu məqsədlə belə mümkün modellər təflif edilə bilər:  pilot məktəblərdə muxtariyyət modeli,  məktəb rəhbərləri üçün peşəkar idarəetmə hazırlığı, maliyyə şəffaflığı mexanizmləri, müstəqil təhsil qiymətləndirmə sistemi, regional bərabərliyi qoruyan dövlət mexanizmləri. Bunlar olmadan hüquqi status dəyişiklikləri real nəticə verməyəcək.
 
Deməli,   məktəblərin publik hüquqi şəxsə çevrilməsi ideyası nəzəri baxımdan müasir idarəetmə trendlərinə uyğun olsa da, bizim  reallıqda bu islahat yalnız formal hüquqi dəyişiklik kimi həyata keçirilə bilər, bu isə gözlənilən nəticəni verməyəcək.  Ali təhsildə PHŞ modelinin tətbiqi ilə bağlı təcrübə göstərir ki, institusional baza qurulmadan edilən struktur dəyişiklikləri sistemi gücləndirmir.  Əgər eyni yanaşma indi məktəblərə də tətbiq olunarsa, bu addım təhsil sistemini gücləndirmək əvəzinə, yeni problemlər yarada bilər...
 
Təhsil siyasəti eksperiment sahəsi deyil.  Bu sahədə atılan hər addım uzunmüddətli strateji düşüncə, geniş müzakirə və ciddi elmi əsaslandırma tələb edir. Əks halda islahat adı ilə qəbul edilən qərarlar təhsil sistemini inkişaf etdirmək əvəzinə, onu daha mürəkkəb və qeyri-sabit vəziyyətə sala bilər.  Təhsildə 1 il islahatın səhv getməsi təhsili 5 il, ölkəni  isə 10 il geri atır. Bizdə isə təhsil islahatları 20 ildir səhv yoldadır. Ən pisi isə budur ki, ETN təhsil ictimaiyyətini eşitmək istəmir, tənqidə, ictimai rəyə saymazlıq edir, intellektual müzakirədən qaçır...  
 
ETN belə səriştəsiz və özündənrazı fəaliyyəti ilə gənclərimizə, ölkənin gələcəyinə ciddi problemlər yarada bilər.  Ölkədə keyfiyyətli insan kapitalı yarada bilməyən ETN-nin səriştəsizliyi səbəbi ilə “postneft dövründə   vəziyyətimiz ağır ola bilər” (İlham Əliyev, Azərbaycan Respublikası Prezidenti)...  
 
Müəllif: dosent İlham Əhmədov
Link kopyalandı!
Son xəbərlər