Qeyri-ciddi hazırlaşan abituriyentə suallar çətin gəlir
Elm və Təhsil
334
14:20, Bu gün

Qeyri-ciddi hazırlaşan abituriyentə suallar çətin gəlir

Dünən keçirilən XI siniflərin buraxılış imtahanı ilə bağlı narazılıqlar səsləndirilir. Abituriyentlər xüsusən Azərbaycan dili fənnindən sualların həddindən çox çətin və vaxt aparan olduğunu, hətta proqrama uyğun olmadığını söyləyirlər. Təsüdüfi deyil ki, imtahandan sonra halı pisləşən, ağlayan abituyentlər də kifayət qədər idi.
 
Bəs görəsən, suallar həqiqətən də çətin imiş? DİM-in proqramından kənar suallar salınıb?
 
Təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) Lent.az-a açıqlamasında bildirib ki, qeyri-ciddi hazırlaşan abituriyentlər üçün sualların çətinlik səviyyəsi çox olub:
 
“Bəzi repetitor müəllimlər və abituriyentlər dünənki buraxılış imtahan suallarının çətinliyi ilə bağlı fikirlər söyləyirlər. Çoxları elə fikirləşir ki, Dövlət İmtahan Mərkəzi imtahana məhz mövcud test bazarındakı (test topluları. test banklar, digər vəsaitlər) sualları salacaq, bu doğru yanaşma deyil. DİM hər il bazanı yeniləyir, hər dəfə yeni suallar təqdim edir, yaxud köhnə sualların üzərində müəyyən dəyişikliklər edir. Bu o demək deyil ki, təqdim olunan suallar bütünlükdə tədris proqramından kənardır. Hətta dünənki imtahana aşağı siniflərdə keçilən, ev tapşırığı kimi təqdim olunan məsələlər belə, təkmilləşdirilərək salınmışdı.
 
DİM-in təqdim etdiyi proqramdan, o cümlədən Elm və Təhsil Nazirliyinin tam orta təhsil müəssisələri üçün nəzərdə tutulan tədris proqramından kənar hər hansısa sual imtahanda yox idi. Proqramda olmayan mövzulardan suallar salınmayıb. Məntiqi və düşünməyə bir qədər vaxt sərf olunan suallar ola bilər. Bu isə qeyri-ciddi hazırlaşan abituriyentlər üçün çətinlik səviyyəsinin artması deməkdir.
 
İmtahan sualları həmişəki kimi sadə, orta və çətin kateqoriyaya aid idi. Bu il imtahan verən abituriyentlər 2 il bundan əvvəl IX sinif buraxılış imtahanı vermişdilər. Həmin məzunların 26 nəfəri maksimum - 300 bal toplamışdı. Dünənki imtahanda isə 58 mindən çox abituriyent imtahanda iştirak etmişdi. Onların arasında imtahan suallarından narazılıq edənlər də, asan olduğunu deyənlər də olacaq.
 
Biz hazırlıqlı, məsuliyyətli bir sıra abituriyentlərlə sorğu aparmışıq. Onlar bildirirlər ki, xarici dil sualları çox asan idi, Azərbaycan dili də normal idi, lakin riyaziyyatda bəzi açıq suallarla bağlı tərəddüdlər var. Ümumilikdə isə sualları cavablandıra biliblər.
 
Bölgələrdə dinləmə mətinlərində dinləmə mətinləri ilə bağlı müəyyən texniki nasazlıqların olmasını, nəzarətçinin saatı bildirməməsini bildirirlər. Ümumilikdə isə imtahan tam normal qaydasında keçib, hər hansısa sualda nə elmi, nə də texniki xəta olub. Hər il imtahandan sonra eyni fikir səsləndirilir - suallar çətin idi, yaza bilmədik. Xüsusən də bu fikirlər ilk imtahanda söylənilir. İmtahan olub, bitib. Nəticələr emal olunur, aprelin 26-na kimi nəticələr elan olunacaq. Növbəti imtahan martın 15-dir. Abituriyentlər ciddi hazırlaşsınlar, dünənki suallarla tanış olsunlar ki, sonra çətinlik çəkməsinlər”.
 
Həmçinin DİM-dən Lent.az-a bildirilib ki, imtahanın asan və ya çətin olması nisbi bir məsələdir:
 
“Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır – bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış buraxılış imtahanı proqramlarıdır. İmtahanların məzmunu hazırlanarkən qeyd olunanlar nəzərə alınır. Tapşırıqların mürəkkəblik dərəcəsinə gəldikdə isə ümumi qayda belədir ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik iştirakçıları bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir. Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyent deyil, yaxşı hazırlıqlı iştirakçıları da bir-birindən fərqləndirmək tələb olunur. Ümumiyyətlə imtahanın asan və ya çətin olması nisbi bir məsələdir. İmtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu, əlbəttə, dəyişir. Hər hansı bir tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər. Ancaq ənənəvi təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçılar tərəfindən səsləndirilən mülahizələr həqiqətə uyğun olmur. Hazırda yekun imtahan nəticələri elan olunmayıb. Ona görə də heç kəs konkret fikir söyləyə bilməz. İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir.
 
Nəticələr elan olunduqdan sonra lazımi göstəricilər ictimaiyyətə təqdim olunacaq”.
 
Link kopyalandı!
Son xəbərlər