Azərbaycanda yalnız məmurlara yaxın çevrələrdən olan universitet məzunları yeni  iş yerləri yarada bilər…-TƏHLİL 
Elm və Təhsil
197
12:12, Bu gün

Azərbaycanda yalnız məmurlara yaxın çevrələrdən olan universitet məzunları yeni  iş yerləri yarada bilər…-TƏHLİL 

Bizdə azad  bazar deyil, iri kapital dominantlıq edir. Yəni, yeni məzun olmuş gənc alim və ya mühəndis ən yaxşı halda iri sahibkarın (məsələn, savadsız tikinti maqnatının)  şirkətində  muzdla işləyə bilər, əgər maqnatın buna ehtiyac yaranarsa...”
 
“Sahibkarlıq şüar deyil — mühit tələb edir.   Əgər sistem gəncə meydan vermirsə, ondan liderlik gözləmək ədalətli deyil…”
 
“Bu gün bizdə 30  illik müəssisələr bağlanır. Sənaye diversifikasiyası zəif, kredit faizləri yüksək, bazar inhisarlaşmış, sərhədlər bağlı, ixrac imkanları məhdud,  gənclərin kapitala çıxış imkanlrı azdır. Belə şəraitdə zəif universitetlərin (“PHŞ”) zəif resurslarla yetişdirdiyi zəif məzunlara “yeni iş yeri yarat” demək nə dərəcədə realdır?..”
 
“Məzunlar iş yeri yaratmalıdır” tezisi  strategiya yox,  məsuliyyətdən yayınma təsiri bağışlayır..."
 
Tanınmış təhsil eksperti İlham Əhmədov Moderator.az üçün növbəti yazısında “Məzun tələbələrimiz  yeni  iş yerləri yarada bilərmi?” sualını aşağıdakı təhlillə cavablandırıb: 
“Son vaxtlar ETN  məmurlarının  səsləndirdiyi-  “universitet məzunları iş axtarmamalı, iş yeri yaratmalıdır”  fikri  prinsip etibarilə müasir iqtisadiyyatın ruhuna uyğundur. İnnovativ inkişaf edən ölkələrdə sahibkarlıq mədəniyyəti, startap ekosistemi və risk kapitalı iqtisadi dinamikanın əsas mənbəyidir. Lakin problem ideyada deyil — kontekstdədir.  
 
“Məzunlar iş yeri yaratmalıdır” tezisi  strategiya yox,  məsuliyyətdən yayınma təsiri bağışlayır. Yəni, hökumət  məzunlara iş yeri yaratmalı deyil, özünüz-özünüzə iş yeri yaradın. Necə deyərlər, “suda boğulanın xilası, öz əlindədir”… 
 
Bu model  hansı ölkələrdə  işləyə bilər?.. 
 
İş yaradan məzun modeli konkret şərtlər daxilində real nəticə verə bilər:  sabit və şəffaf hüquqi mühit, ucuz və əlçatan kreditlər, qrant və risk kapitalı bazarı, açıq rəqabət mühiti, güclü universitet–sənaye əlaqələri v.s.   Məsələn,  ABŞ, Almaniya   kimi ölkələrdə universitetlər innovasiya inkubatorlarına çevrilib. Startapların arxasında vençur fondları,  texnopark infrastrukturu, patent qorunma  sistemi, dövlət sifarişi mexanizmləri dayanır.  Bu mühitdə “öz biznesini qur” çağırışı motivasiya yox, real imkan deməkdir...
 
Azərbaycan reallığının struktur paradoksu...  
 
Azərbaycan kontekstində isə situasiya tam fərqlidir. Bu gün bizdə 30  illik müəssisələr bağlanır. Sənaye diversifikasiyası zəif, kredit faizləri yüksək, bazar inhisarlaşmış, sərhədlər bağlı, ixrac imkanları məhdud,  gənclərin kapitala çıxış imkanlrı azdır. Belə şəraitdə zəif universitetlərin (“PHŞ”) zəif resurslarla yetişdirdiyi zəif məzunlara “yeni iş yeri yarat” demək nə dərəcədə realdır?.. 
 
Burada  ikitərəfli  zəiflik yaranır:  universitetlərin keyfiyyət böhranı,  biznes mühitinin təşkilatı zəifliyi.  Bu iki zəif sistemin inteqrasiyasında “startap romantizmi” yox,  sosial məyusluq  yaranır.
Sahibkarlıq mifinin təhlükəsi...  
 
Sahibkarlıq ciddi kapital, risk idarəetməsi və şəbəkə tələb edir. İqtisadi sistemdə rəqabət zəifdirsə, tenderlər şəffaf deyilsə, bazar dominant oyunçuların nəzarətindədirsə,  gənc məzunun innovasiya ilə sistemə daxil olma şansı az olur.  Nəticədə istedadlı gənclər ölkəni tərk edir, qalanlar isə  aşağı maaşlı sektorlarda muzdlu işçi olur, az sayda sahibkarlar yarana bilər ki, onlar da məmurlara yaxın çevrələrdən olanlardır. Bizdə azad  bazar deyil, iri kapital dominantlıq edir. Yəni, yeni məzun olmuş gənc alim və ya mühəndis ən yaxşı halda iri sahibkarın (məsələn, savadsız tikinti maqnatının)  şirkətində  muzdla işləyə bilər, əgər maqnatın buna ehtiyac yaranarsa...
 
ETN-nin bu tezisi risklidir. “İş yeri yarat” tezisi, struktur islahatları olmadan səsləndikdə dövlət öz  məsuliyyətini fərdin üzərinə ötürür, işsizlik problemini sistem yox, fərd problemi kimi təqdim edir, keyfiyyətsiz təhsilin nəticəsi  sahibkarlıq romantizmi ilə ört-basdır edilir. Bu, mahiyyətcə təşkilati boşluğun ideoloji maskalanmasıdır…  
 
Universitet məzuna nə verir?..
 
Əgər universitet  real tədqiqat aparmırsa, sənaye ilə əməkdaşlıq etmirsə,  texnoloji məhsul yaratmırsa, tələbəyə real layihə təcrübəsi qazandırmırsa,  onda məzun hansı bazara hansı məhsulla daxil olacaq?   Tələbənin  iş yeri yaratması  üçün əvvəlcə  bilik kapitalı, texnoloji səriştəsi, komanda  işi mədəniyyəti, hüquqi və maliyyə savadı formalaşmalıdır. Əks halda, “iş yeri yarat” çağırışı reallıqdan uzaq, bir şüar olacaqdır.  
Bu və digər səbəblərdən ilkin mərhələdə Azərbaycan üçün belə model  təklif  edilə bilər:
 
1. Dövlət sifarişli startap mexanizmi  yaradılmalıdır.  Universitetlərdə yaradılan layihələrə ilkin bazar zəmanəti verilməlidir.
 
2. Universitet–sənaye konsorsiumları yaradılmalıdır.  Təhsil müəssisələri real istehsal sahələri ilə əlaqələr qurmalıdır. 
 
3. Gənclər üçün aşağı faizli innovasiya kreditləri verilməlidir (vençur kapitalı). Risk kapitalı olmadan sahibkarlıq mümkün deyil.
 
4. Təşkilati şəffaflıq yaradılmalıdır.  İnhisar və korrupsiya aradan qalxmadan innovasiya yarana bilməz. 
 
5. Tələbələrdə tənqidi təfəkkürün inkişafı. Tənqidi düşüncə olmayan yerdə də innovasiya yarana bilməz... 
 
İş yeri yaradan məzun modeli o zaman işləyir ki,  dövlət əvvəlcə iqtisadi ekosistem yaratsın. Belə ekosistem olmadan fərdi qəhrəmanlıq mümkün deyil.  Əks halda, gənclər ya qüsurlu sistemə uyğunlaşır, ya da sistemi tərk edirlər. Sahibkarlıq şüar deyil — mühit tələb edir.   Əgər sistem gəncə meydan vermirsə, ondan liderlik gözləmək ədalətli deyil... 
 
Beləliklə, ilkin  təhlil göstərir ki,  “iş yeri yarat” çağırışı prinsipcə doğru  olsa da, Azərbaycan reallığında bu çağırış struktur islahatı, universitet transformasiyası, bazar liberallaşması olmadan  mümkün deyil.  Daha dərin təhlil üçün xüsusi tədqiqatlara ehtiyac var. Bu məqsədlə  ETN  belə layihələri sifariş etməli, belə tədqiqatlara  qrantlar verməlidir.   Təhsil menecerləri dövlət büdcəsini real  problemlərin həllinə yönəltməlidir, “skaut klubları yaratmaq”  kimi “möhtəşəm innovasiyalara” yox...
 
Müəllif: 
Dosent İlham Əhmədov 
 
Təqdim etdi: 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər