“30 ildə universitetlərin və AMEA-nın alimlərinin xeyli hissəsi repetitorluq etməklə, öz maddi ehtiyaclarını az da olsa təmin etdilər…”
“Repetitor- alim deyir ki, “repetitorluq etməsəydim, kredit bataqlığına boğulardım, bəlkə də bu gün heç həyatda qalmazdım…”
“Repetitorluq təkcə məktəb təhsilini çökdürmür, ölkənin elmi potensialını da çökdürür…”
“Repetitorluq fərdi gəlir gətirsə də, sistem səviyyəsində intellektual aşınmaya səbəb olur... Məsuliyyət kimdədir?..”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə yeni analitik yazısını dəyərli oxucuların müzakirəsinə buraxır:
“Alimin repetitorluğu və elm sisteminin böhranı…
Bizlər alimin 30 illik repetitorluq faciəsini görməyib, 1-2 dəqiqəli mürgüləməsini müzakirəyə çıxarırıq. Kimdir günahkar: cəmiyyət, fotoqraf, yoxsa KİV?..
Sosial şəbəkələrdə bir nəfər alim yazır ki, maddi problemlərlə əlaqədar repetitorluq etmək qərarına gəlib. Onun tanıdığı təhsil məmuru da dəfələrlə belə “tövsiyələr” verib ki, reptitorluq edin, elmə boş yerə vaxt sərf etməyin. O, da məcburən belə seçim etməli olub...
Alim yazır: “Mən ömrümü elmə və təhsilə buna görəmi fəda etdim?”.
Düşündürücü sualdır. Mən bu səpkili sualları hələ 20-25 il əvvəl, repetirorluğun sürətlə yayıldığı dövrlərdə məqalələrimdə yazmışdım. O vaxt artıq nəinki məktəb müəllimləri, universitetlərin və akademiya sisteminin əməkdaşları da repetitorluğa başlamışdılar. O vaxtlar yazırdıq ki, alimlərin kütləvi repetitorluğu, onsuz da geridə qalan elm və təhsilimizi daha pis hala salacaqdır. Elm və təsilimizin son 20 ildəki analoqsuz tənəzzülü, bütün reytinqlərdə autsayder olmağımız, bu fikrin doğruluğunu göstərdi…
Təhsilə dair verdiyimiz bir çox uzunmüddətli pessimist proqnozlar təəssüf ki, düz oldu. Amma, nə TN, nə də ETN verilmiş bu proqnozlardan, yaranmış böhranlı durumdan heç narahat olmadı. Məmurlar tez-tez deyirlər ki, bir alimin yetişməsinə 20–30 il vaxt lazımdır. Bəli. Bu fikir indi daha ağır səslənir. Çünki artıq söhbət təkcə fərdi taledən, alimlərin maddiyatından getmir, söhbət milli elmi potensialın aşınmasından gedir…
İki il əvvəl də repetitorluğun alim üçün faciə olduğu barədə məqalə yazmışdıq (“Alimin repetitorluğu alimin, elmin və təhsilin faciəsidir” adlı). Təəssüf ki, yaranmış vəziyyət təhsil məmurlarını narahat etmədi. Repetitorluq təkcə məktəb təhsilini çökdürmür, ölkənin elmi potensialını da çökdürür. Ən dəhşətlisi də elə budur. Bu emosional və sosial etiraz deyildi, bu elmin təbii olaraq, ilbəil çökməsinin həyəcanlı siqnalı idi. Bu gün isə məsələ daha da dərindir...
Son 35 ildə ölkəmizdə repetitorluq xeyli genişləndi. Bunun çox səbəbləri var. Məktəbdə təhsilin səviyyəsinin sürətlə enməsi, dərsliklərin keyfiyyətsizliyi v.s. səbəblərdən. Bazrda repetitor xidmətinə tələbat artdı, repetitorluqla məşğul olanlar arasında məktəb müəllimləri ilə bərabər, xeyli universitet müəllimləri və AMEA əməkdaşları da oldu. Səbəb elmi mühitdə maaşların azlığı, qrant sisteminin qeyri- səmərəli olması, performansın obyektiv ölçülməməsi, universitetlərin tədqiqat universitetinə çevrilə bilməməsi v.s. idi.
Əgər alim repetitorluq edirsə, bu, onun səhvi və ya şəxsi seçimi deyil, bu institusional siqnaldır. Elm sistemi sanki alimə deyir: “Elm daha prioritet deyil. Yaşamaq üçün özünə alternativ yol tap.” Bu, elmi sistem üçün təhlükəli siqnal idi...
İqtisadi paradoks: 30 illik investisiya, sıfır mənfəət
Bir alimin hazırlanmasına dövlət təhsil xərcləri (pillələr üzrə), elmi rəhbərlik, akademik infrastruktur kimi resurslar sərf edir. Əgər bu alim sonda repetitorluq edirsə, dövlətin insan kapitalına yatırımı səmərəsiz olur. Bu, iqtisadi baxımdan səmərəsiz kapital yerləşdirilməsi, aşağı məhsuldarlıq və maddi itkidir... Repetitorluq elmə zərərdir, həm də əlavə risklər yaradır. Süni intellekt dövründə alim qeyri- peşə fəaliyyətinə maddi ehtiyac səbəbi ilə vaxt itirirsə, bu vaxt itkisini geri qayıtmaq çətindir. Elm indi hesablama modelləşdirməsi, süni intellekt, böyük verilənlər, multidissiplinar əməkdaşlıq üzərində qurulur. Repetitorluq isə alimin vaxtını, enerjisini alır, qısa müddətli gəlir gətirsə də, alimi müasir elmi inkişafdan uzaqlaşdırır. Bu, yalnız elmdən uzaqlaşma deyil, bu həm də alimin texnoloji dövrdən qopmasıdır.
Qrant sistemi və şəffaflıq məsələsi...
Təəssüf ki, alimlərimizə qrant verilmir. Yəni bu gün alimlərin qrant alma ehtimalı, dəryada balıq sevdası kimi az ehtimallıdır. Ona görə yox ki, alimlərimiz qrant yaza bilmir, ya savadsızdır. Ona görə ki, uzun illər ərzində ölkədə qrant verilməyib, verilən cüzi qrantların da necə verilməsi hamıya bəllidir...
Ən böyük ədalətsizlik isə ETN-nin verdiyi qrantlarda olur. Əgər qrant sistemi şəffaf deyilsə, performans əsaslı deyilsə, akademik nəticəyə bağlanmırsa, appelyasiya yoxdursa, onda alimin repetitorluqdan başqa yolu qalmır. Bu alternativ variant yox, alim üçün yeganə yol olur, məcburiyyətə çevrilir. ETN-nin belə ədalətsiz, qeyri şəffaf qrant paylama aksiyalarından sonra məmurlar “elmdə dürüstlük olmalıdır”, “biz prosesləri yox, nəticələri maliyyələşdiririk”, “təhsildə güzəşt vətənə xəyanətdir” kimi bəyanatlar da söyləyirlər.
Düzü adam heç bilmir bu rəzilliyə nə desin?..
Region ölkələrində elm-təhsil sahəsində real inkişaf diqqət çəkir: tədqiqat universiteti (TU) modeli güclənir (bizdə hələ də TU yoxdur), süni intellekt (Sİ) laboratoriyaları qurulur (biz hələ indi bu haqda düşünmək istəyirik), postdoktoranrura proqramları genişlənir (bizdə süni maneələr səbəbi ilə magistratura və doktoranturaya gələnlərin sayı ilbəil azalır), beynəlxalq əməkdaşlıq artır. Biz isə elm-təhsil mühiti dağıldığı üçün elmi məhsuldarlıq zəifdir, rəqəmsal transformasiya sistemsiz və ləngdir, performans indekslərini hələ də tətbiq etməmişik, hələ də alimlərin əməyinin dəyəri bazar qiymətləri ilə uyuşmur. Belə paradoksal durum qaldıqca, beyin axını da sürətlənir. Sanki, biz dövlətin resursları hesabına xarici ölkələr üçün kadr hazırlayırıq...
Alimin repetitorluğu niyə təhlükəlidir?
Alimin repetitorluğu bır sıra ağır nəticələrə səbəb olur: elmi məhsuldarlıq zəifləyir, universitetin elmi potensialı aşağı enir, milli innovasiya sistemi dayanıqsız olur, qlobal rəqabət qabiliyyəti inkişaf etmir v.s. Repetitorluq fərdi gəlir gətirsə də, sistem səviyyəsində intellektual aşınmaya səbəb olur...
Məsuliyyət kimdədir? Bu suala cavab vermək üçün struktur təhlil lazımdır. Problem maaş səviyyəsi, qrant mexanizmi, akademik qiymətləndirmə sistemi, performansın ölçülməməsi, elmin iqtisadi dəyərinin düzgün dərk edilməsi v.s. amillərlə əlaqəlidir. Əgər dövlət alimin 30 ilə yetişdiyini etiraf edirsə, onda alimə verilən əmək haqqı və tədqiqat mühiti də buna uyğun olmalıdır. 30 il əvvəl elmi camiyə sual verirdi ki, “alim niyə repetitorluq edir?”, “elm niyə alimi saxlamır?”. Bu gün isə repetitor- alim deyir ki, “repetitorluq etməsəydim, kredit bataqlığına boğulardım, bəlkə də bu gün heç həyatda qalmazdım”.
Düzü çox acı reallıqdır bunu eşitmək. 30 ildə alimə normal maaş verməyən elm sistemi, ondan hansı elmi uğur gözləyə bilər? Bu vəziyyətdə elm və təhsil nazirinin: “mən ölkədə alim tanımıram” deməsi, alimləri həm təəssüfləndirir, həm də əsəbləşdirir...
Bəli, son 30 ildə universitetlərin və AMEA-nın alimlərinin xeyli hissəsi repetitorluq etməklə, öz maddi ehtiyaclarını az da olsa təmin etdilər. Amma elmin indiki sürətli inkişaf fonunda, alimin repetitorluğu (gündə 4-5 saat ərzində), onun elmi potensialını xeyli zəiflətdi. Bu durum alimin faciəsi, həm də elmi idarəetmənin ciddi çatışmazlıq simptomudur...
Süni intellekt dövründə vaxt ən mühüm amildir. Bir alimin elmdən 20-30 il uzaq düşməsi, geridönməz boşluq yaradır. Əgər biz 23 il insan kapitalından danışırıqsa, alimin 20-30 il repetitorluq etməsi elm sisteminin ciddi qüsurudur. Biz yeni insan kapitallı yaratmazdan əvvəl mövcud olan “insan kapitalı”nın qədrini bilməliyik, onu dəyərləndirməliyik. Bunun üçün isə bu illər ərzində alimin gündəlik iqtisadi təhlükəsizliyini təmin etməli idik. Elm alternativ gəlir mənbəyi axtaran insanların işi olmamalıdır. Alim dolanacaq dərdi çəkməməlidir. Elm dövlətin strateji prioriteti olmalıdır.
Cəmiyyət isə alimin 30 illik repetitorluq faciəsini görməyib, 1-2 dəqiqəli mürgüləməsini müzakirəyə çıxarır. Kimdir günahkar: cəmiyyət, fotoqraf, yoxsa KİV?
Müəllif: dosent İlham Əhmədov"
Təqdim etdi:
Sultan Laçın