Elm və Təhsil
52
08:08, Bu gün

"Faciə ondadır ki, biz 30 illlik elmi  süstlüyü yox, bir neçə saniyəlik yuxunu müzakirə edirik...”

“Problem mürgüləyən alim deyil.  Problem mürgüləyən  elmi sistemdə, elm siyasətində, cəmiyyətdə elmə olan münasibətdədir. Bundan  təhlükəlisi  isə  mürgüləyən cəmiyyətdir...”
 
“İntellektual suverenlik zəifdirsə, ölkə başqasının texnologiyasından, başqasının nəzəriyyəsindən, başqasının alqoritmindən asılı olacaq…”  
 
“Bu gün mürgüləyən alimlər, sabah olmayanda, daha elm də olmayacaq, hər şey onlarla gedəcək...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Bu gün mürgüləyən alimlər, sabah olmayanda, daha elm də olmayacaq, hər şey onlarla gedəcək...” başlıqlı növbəti fəlsəfi-analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
...Sosial şəbəkələr yenə “ciddi məşğuldur”. AMEA-nın  iclasından bir neçə foto yayılıb:  yaşlı alimlər iclas zamanı mürgüləyir.  Buna istehza və  zarafat edənlər də var... 
 
Hamı gülür, danışır, paylaşır.  Amma heç kim əsas məsələni  yada salmır:  yaşlı insanın  iclasda mürgüləməsi bioloji faktdır.  Bu nə faciədir, nə də dövlət  böhranı. Faciə başqa yerdədir.  Faciə ondadır ki, biz 30 ildir davam edən elmi  süstlüyü yox, bir neçə saniyəlik yuxunu müzakirə edirik. Problem mürgüləyən alim deyil.  Problem mürgüləyən  elmi sistemdə, elm siyasətində, cəmiyyətdə elmə olan münasibətdədir. Bundan  təhlükəlisi  isə  mürgüləyən cəmiyyətdir...
 
Dünya nə müzakirə edir, biz nə müzakirə edirik?..  
 
Dünya süni intellekti dövlət strategiyasına çevirir.  Dünya universitetləri sənaye ilə birləşdirir.  Dünya elmə milyardlar yatırır. Biz isə illərlə  elmə qəpik-quruş  ayırırıq, elmi tənəzzülə uğradıb,  sonda da  elmə heç bir aidiyyatı olmayanları, “ mən ölkədə alim tanımıram”  deyənləri  elmin sükanı arxasına  gətirib, onlara “elmi inkişaf etdir”  deyirik və sonda alimlərin iclasdakı şəkillərinə baxıb istehza edirik…
 
Mürgüləyən alimlər deyil, cəmiyyətdir.  Əgər cəmiyyət doğrudan da oyaq olsaydı, sual verərdi:
 
• Niyə Azərbaycan elmi qlobal rəqabətdə görünmür?
 
• Niyə elmi nəticə iqtisadi dəyərə çevrilmir?
 
• Niyə universitetlər özünü belə maliyyələşdirə bilmir?
 
• Niyə sənaye elmə sifariş vermir?
 
• Niyə gənc alim üçün laboratoriya yox, xarici ölkə daha cəlbedicidir?
 
Bu suallar illərdir havadadır. Amma onları verən azdır. Verilən azsaylı suallara heç cavab vermək niyyətində olanllaar da yoxdur…  
 
Futbolumuz nəticə verir, bəs elmimiz niyə nəticə  vermir?..
 
Bu futbol  mövsümündə  “Qarabağ”   FK ölkəyə on milyonlarla dollar valyuta gətirdi. Bu, konkret nəticədir. Ölçülən,  hesablanan  nəticədir.   Bəs Akademiya və universitetlərimiz 30–35 ildə ölkəyə nə qədər iqtisadi dəyər qazandırıb?..
 
Bu artıq istehza deyil, sistem müqayisəsidir.   Futbolda nəticə olmayanda məşqçi gedir. Bəs elm və təhsildə necə?   Elm və təhsildə nəticə olmayanda isə heç nə dəyişmir.  Məmur bir kreslodan başqasına transfer edilir.  Çünki nəticə tələb edən mexanizm yoxdur.  Maliyyə də yoxdur. Elm-təhsil siyasəti və onu yarada bilən kadrlar da sistemdə yoxdur.  Performans mədəniyyəti formalaşmayıb.  Çünki sistem cavabdehlik üzərində qurulmayıb…
 
Maaş, motivasiya və reallıq…
 
Alimin maaşı aşağıdır. Təqaüd  azdır.  Laboratoriya köhnədir.  Qrant cüzidir.  Sonra da deyirik: niyə gənclər elmə gəlmir?  Elm sosial lift deyil. Elm karyera deyil. Elm riskdir.  Gənc insan seçim edir. O, gələcəyini təmin edən sahəyə gedir. Bu qədər sadə… 
 
Qrantlar və şəffaflıq…
 
Elm rəqabət tələb edir. Rəqabət isə şəffaf mexanizm tələb edir. Qrantlar azdır.  Müsabiqələrə inam  və şəffaflıq da azdır.  Nəticələri də hiss edilmir.  Çünki nəticələrin qiymətləndirilməsi qeyri-müəyyəndir.  
 
Struktur dəyişikliklər edildi.  Təhsil Nazirliyi indi  oldu Elm və Təhsil Nazirliyi oldu.  AMEA institutları ETN-ə qatıldı. Ad dəyişdi. Lövhələr dəyişdi.  Bəs nəticə?  Əgər nəticə görünmürsə, cəmiyyət sual verməlidir.  Sual vermək isə bizdə hələ də mədəniyyətə çevrilməyib…
 
Ən təhlükəli mürgüləmə…
 
Ən təhlükəlisi budur: biz elmin struktur islahatını, maliyyə modelini, performans sistemini müzakirə etmirik.   Dünya elm və təhsili rəqəmsal transformasiya edir. Süni intellekt elmi fəaliyyəti tam dəyişdirir.  Universitet anlayışı yenidən  formalaşır.  Biz buna hazırıqmı?
 
Elmimizin indiki zəifliyi sabah intellektual asılılığa, intellektutal suverenliyin zəifləməsinə səbəb ola bilər. Bu artıq yalnız akademik məsələ deyil. Bu, milli təhlükəsizlik məsələsidir…
 
İntellektual suverenlik zəifdirsə, ölkə başqasının texnologiyasından, başqasının nəzəriyyəsindən, başqasının alqoritmindən asılı olacaq…  
 
İnsanları yox, ideyaları müzakirə edin…
 
Bir məşhur fikir var:  “Kiçik beyinlər insanları, orta beyinlər hadisələri, böyük beyinlər ideyaları müzakirə edir.”   Biz hələ də şəkilləri, insanları müzakirə edirik, yaşı müzakirə edirik.   Amma ideyanı müzakirə etmirik…
 
Heç kim ciddi şəkildə soruşmur:
 
• Akademiya necə transformasiya olunmalıdır?
 
• Maliyyələşmə tam performansa bağlanmalıdırmı?
 
• Elmi institut–universitet modeli işləyirmi?
 
• Elmi nəticələrin kommersiyalaşması üçün hansı mexanizm qurulmalıdır?
 
• Niyə illərdir elmin inkişafı prioritet siyasi gündəm deyil?
 
Bu suallar verilmədikcə, dəyişiklik də olmayacaq…
 
Yaşlı alimlərin mürgüləməsi təbiidir.  Amma sistemin mürgüləməsi təhlükəlidir.  Cəmiyyətin mürgüləməsi isə dağıdıcıdır.  Əgər biz 30 illik struktur problemi deyil, bir iclaslıq epizodu müzakirə ediriksə, problem fərddə deyil, problem düşüncə tərzindədir… 
 
Bu gün bizdə təkcə alimlər yox, ideyalar mürgüləyir.  Təşəbbüslər mürgüləyir.  İnnovasiyalar mürgüləyir. Ən pisi isə, sual vermək mədəniyyəti mürgüləyir…
 
Oyanmaq üçün isə fotoya yox, sistemə baxmaq lazımdır.
 
Bu gün mürgüləyən alimlər sabah olmayanda, elm də olmayacaq, hər şey onlarla gedəcək…
 
Dosent İlham Əhmədov"
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər