“O, Heydər Əliyevi bütün qəlbi ilə sevirdi”
Elm və Təhsil
113
16:37, Bu gün

“O, Heydər Əliyevi bütün qəlbi ilə sevirdi”

Bu gün Azərbaycan xalqının böyük oğlu, filologiya elmləri foktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor Həsən Mirzəyevin vəfatının növbəti ildönümüdür.

Bu münasibətlə Moderator.az-a açıqlama verən akademik Nizami Cəfərov Həsən Mirzəyevin Azərbaycan elmindəki tarixi roluna, şəxsiyyət kimi böyüklüyünə diqqət çəkib:

“Mən Həsən müəllimi Azərbaycan dilində “fel” monoqrafiyası üzərində işlədiyi dönəmlərdə tanıdım. O zaman Bakı Dövlət Universitetinin “Azərbaycan dilçiliyi” kafedrasına gəlirdi. O vaxt həmin kafedranın müdiri böyük alimimiz rəhmətlik Əlövsət Abdullayev idi. Mən həmin vaxt  aspirant idim və Həsən müəllimlə də həmin dönəmdə tanış oldum.

Həsən müəllim çox çevik, milli, təəssübkeş insan idi. O zaman deyirdilər ki, Həsən müəllim feldən yazır, özü də fel kimidir. Yəni çox hərəkətli və çevikdir.

Biz sonra Həsən müəllimlə dost olduq, yoldaşlıq, əməkdaşlıq elədik. Həmişə gördüm ki, Həsən müəllim elə hey harasa qaçır, harasa tələsir.

Hərəkətlilik onun həyat tərzi, düşüncə tərzi idi.

Sonrakı dönəmdə Həsən müəllimin 10 cildlik əsərləri çap edildi”.

“O, həm elmdə, həm də siyasətdə yaxşı ad qoydu, gözəl ənənələr yaratdı”

Nizami Cəfərov Həsən Mirzəyevin ictimai-siyasi xadim kimi də böyük əməllərə imza atdığını bildirib:

“Həsən müəllim ictimai-siyasi işlərdə də çox fəal idi. O, bütün qəlbi ilə Heydər Əliyevi sevir, onun ideyalarını təbliğ edirdi.

Həsən müəllim bir alim kimi Azərbaycanın müstəqilliyin keşiyində əzmlə dayanırdı.

Onun siyasətçi və millət vəkili kimi də böyük xidmətləri olub.

Həsən müəllim həm elmdə, həm də siyasətdə yaxşı ad qoydu, gözəl ənənələr yaratdı. Yadımdadır ki, o zaman Pedaqoji Universitetin bəzi dilçiləri özlərini Həsən müəllimin məktəbinin nümayəndələri hesab edirdilər. Həsən müəllim onlara çox qayğı göstərirdi”.

“Onun istedadının miqyası böyük, enerjisi tükənməz idi”

Görkəmli akademik Həsən Mirzəyevin tükənməz enerji və yaradıcılıq eşqinə malik olduğunu vurğulayıb:

“Həsən müəllim çoxlu əsərlər yazdı. O, şeir də yazırdı. Onun istedadının miqyası böyük, enerjisi tükənməz idi. O, gözəl insan idi, insanlar arasında xoş, yaxşı münasibətlər yaratmağın tərəfdarı idi. O, həm dilçiliyimizin, həm ədəbiyyatımızın, həm ictimai-siyasi fikrimizin, həm də ziyalılığımız tarixində əsl təəssübkeş kimi qalan böyük şəxsiyyətdir”.

“Professor Mahirə Hüseynova Həsən müəllimin yolunu uğurla davam etdirir”

Nizami Cəfərov professor Mahirə Hüseynovanın elmi fəaliyyətini də yüksək qiymətləndirib:

“Həsən müəllimin yolunu həm dilçi, həm də ictimai-siyasi xadim kimi bacısı qızı Mahirə Hüseynova yüksək səviyyədə davam etdirir. Mahirə xanım Həsən müəlllimin irsini qoruyan, yaşadan, təhlil edən bir ziyalıdır. O, Həsən müəllimin yaratdığı dəyərləri yüksək tutan hörmətli elm xadimidir.

Mən Həsən müəllimə rəhmət diləyir, Mahirə xanıma uğurlar arzulayıram”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər