Təcavüzkar ordunun 23 fevral bayramında övladlarımızın əqidəsinə təcavüz edən valideyn komitələri və müəllimlər...
Elm və Təhsil
947
13:53, Bu gün

Təcavüzkar ordunun 23 fevral bayramında övladlarımızın əqidəsinə təcavüz edən valideyn komitələri və müəllimlər...

“Maraqlıdır, deyək ki, valideynlərin əksəriyyəti o dərəcədə savadsız və həm də laqeyddir ki, Azərbaycanda kişilər bayramı kimi qeyd ediləcək 8 Noyabr Zəfər gününün,  26 Noyabr -Milli Ordu gününün varlığından xəbəri yoxdur. Bəs müəllimlər, sinif rəhbərləri, müavinlər, direktorlar hara baxır?..”
 
"Görəsən, Elm və Təhsil Nazirliyi başda olmaqla, şəhər və regional təhsil idarələrindən və məktəb direktorlarından, həmçinin "Azərbaycan "Valideyn-Müəllim Assosiasiyası” adlı qeyri-hökumət təşkilatından xahiş etsək, öz qiymətli(!) vaxtlarını bu mövzularda da düşünməyə də ayırarlarmı?.."
 
İşğal, təcavüz yalnız düşmənin öz ordusu ilə vətənə hücumu, “Qrad”, “İsgəndər” raketlərinin atışı, dron və təyyarələrlə bombardman demək deyil, bəzən hansısa xalqın bir fərdi də, bir qrupu, bir ailəsi də, bir tayfası da ona, həmin xalqın dövlətinə, onun sərvətinə, onun milli düşüncəsinə, əqidəsinə münasibətdə təcavüzkar, işğalçı ola bilər...
 
Yəqin, həyatının şüurlu dönəmini sovet dövründə yaşamış insanlarımızın çoxunun 23 fevralın – keçmiş tariximizdə hansı gün olduğu yadında olar. Bu gün -23 fevral – keçmişdə bizə zorla “doğmalaşdırılmış” sovet ordusunun, indi isə Ukraynada, Moldovada, Ermənistanda, Tacikistanda və s. onun missiyasını “layiqincə”, “şərəflə” davam etdirən  Rusiya ordusunun – “qırmızı”, yaxud “qızıl” ordunun yarandığı gündür- 23 fevral 1918-ci il... 1920-ci ilin 27-28 aprelində ilk müstəqil demokratik(!) dövlətimizi işğal edib süqut etdirən və hələ XVII-XIX əsrlərdə tarixi ərazilərimizi işğal etmiş Rusiya imperiyası ordusunun xələfi olan, 1939-1945-ci illərdə tərkibində yüz minlərlə soydaşımızın vuruşub həlak olduğu, əsir düşdüyü, əlil olduğu və bunun “mükafatı” olaraq 1990-cı ilin 20 Yanvarında Bakıda və digər şəhər və bölgələrimizdə 100-dən çox dinc insanımızı amansızlıqla qətlə yetirən, 26 fevral 1992-ci ildə erməni terrorçularına komandanlıq edərək Xocalı soyqırımını törədən, Şuşanın, Laçının, Kəlbəcərin və s. işğalında və s. iştirak edən bir ordunun yarandığı gündür...
 
Təəssüf ki, bu gün aldığımız dəqiq məlumata görə, ölkəmizin, özü də paytaxtımız Bakının bəzi məktəblərində hələ də 23 fevralı “kişilər bayramı” kimi qeyd edərək 1-ci sinifdən başlamış yuxarı siniflərədək qız şagirdlərin valıdeynlərini pul yığıb oğlan sinif yoldaşlarını təbrik etməyə vadar ediblər ki, onlar da 8 mart Qadınlar bayramında qızları təbrik etsinlər. Bu işdə xüsusən valideyn komitələri fəallıq göstərirlər. Təəssüf ki, müəllimlər, sinif rəhbərləri, direktorlar və s. də bunun qarşısını almırlar.  Bəzi valideynlər bu işin milli maraqlarımız baxımından tamamilə doğru olmadığını dərk edərək etiraz etsə də,  əksəriyyət “əşşi, nə fərqi var e, təki uşaqlar bir-birinə hədiyyə versin”  cavabını verirlər... 
 
Görəsən, valideyn, həmçinin direktor və müəllimlərdə bu dərəcədə əqidəsizlik haradan qaynaqlanır? Bəlkə bu da elm və təhsil nazirinin həftə səkkiz mən - doqquz hay-küylə dilə gətirdiyi  son onilliklərin təhsil “islahat”larının nəticəsidir?..
 
Bax, bu işdə iştirak edən valideyn komitələrinin rəhbərləri, müəllimlər, direktorlar- hamısı elə həmin işğalçı, təcavüzkar Rusiya ordusunun günündə məktəblərimizin, övladlarımızın düşüncə və əqidəsinin işğalıyla məşğuldurlar. Hələ həmin pul toplantılarında əldə edə bildikləri haram gəlirləri demirəm, uşaq, yeniyetmə və gənclərimizin əqidəsini korladıqları, onlara bu gün imkanı düşsə, Ukrayna kimi bütün postsovet respublikalarına, o cümlədən Azərbaycana da yenidən təcavüz etməyə  hazır olan işğalçı Rusiya dövlətinin ordusu gününü “milli bayranmımız”- “oğlanlar, kişilər günü” kimi təlqin etdiklərinə görə,  yəni onların əqiqələrinə təcavüz etdiklərinə görə... 
 
Maraqlıdır, deyək ki, valideynlərin əksəriyyəti o dərəcədə savadsız və həm də laqeyddir ki, Azərbaycanda kişilər bayramı kimi qeyd ediləcək 8 Noyabr Zəfər gününün,  26 Noyabr -Milli Ordu gününün varlığından xəbərləri yoxdur. Bəs müəllimlər, sinif rəhbərləri, müavinlər, direktorlar hara baxır? Onların hansısa siniflərdə şagirdlərin 23 fevral – təcavüzkar Rusiya ordusu günü münasibətilə pul yığmasından, hədiyyə almalarından xəbəri olmayıbmı ki, bu mövzuda həm şagirdlər, həm də onların valideynləri arasında ciddi bir maarifləndirmə işləri apararaq bu cür biabırçılıqların qarşısını birdəfəlik, qəti şəkildə alsınlar?..  
 
Ümumiyyətlə, orta məktəblərimizdəki valideyn komitələrinin funksiyası nədən ibarətdir? Yalnız Müəllim günündə,  23 fevralda, 8 martda, həmçinin süpürgə pulu, marker pulu və s. üçün şagirdlərə, valideynlərə pul yığdırmaq? Görəsən, nə vaxt eşidəcəyik ki, filan məktəbdə valideyn komitəsi məktəb rəhbərliyi qarşısında tədrisin səviyyəsinin yüksəldilməsi, rüşvətin aradan qaldırılması, şagirdlərin həddindən çox əlavə dərs vəsaitləri ilə yüklənməsinin və yaxud şagirdlər arasında dava-dalaşın, bıçaqlaşmanın qarşısını almaq üçün məktəb psixoloqlarının ciddi işləməsini təmin etmək və s. barədə məsələ qaldırıblar?.. 
 
Görəsən, Elm və Təhsil Nazirliyi başda olmaqla, şəhər və regional təhsil idarələrindən və məktəb direktorlarından, həmçinin "Azərbaycan "Valideyn-Müəllim Assosiasiyası” adlı qeyri-hökumət təşkilatından xahiş etsək, öz qiymətli(!) vaxtlarını bu mövzularda da düşünməyə də ayırarlarmı?..
 
Ədalət naminə demək lazımdır ki, əvvəlki nazirlər kimi hazırkı elm və təhsil naziri Emin Əmrullayev də dəfələrlə şifahi də olsa, məktəblərdə fond pulu adı altında vəsait yığılmasının qanunsuz olduğunu bildirib və belə hallarla qarşılaşan valideynləri nazirliyə müraciət etməyə çağırıb. Həmçinin nazirliyin əlaqədar qurumları Müəllim günündə şagirdlərdən pul yığılmasının qarşısını almaq üçün çağırışlar edib. Amma nəticə? Nəticə odur ki, bir sıra məktəblərdə nəinki “fond pulu”, “marker pulu” toplanır, Müəllim günündə pul yığılır, hətta 23 fevralda – işğalçı Rusiya ordusu günündə valideynlər, şagirdlər direktorların, müəllimlərin gözü qarşısında bayramlaşma edir... Və deməli, övladlarımızın- uşaq və yeniyetmələrimizin əqidəsinə yalnız 23 fevralda deyil, digər günlərdə də təcavüz edilir, onlarda kiçik yaşlarından rüşvət, korrupsiya vərdişləri yaradılır... 
 
Sultan Laçın 
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər