Elm və Təhsil
409
11:01, Bu gün

"Təhsilin taleyi – dövlətin taleyidir- o, zənginləşmə vasitəsi deyil...”-EKSPERT

“Təhsil millətin özünüyaşatma mexanizmidir...”
 
“Təhsil sistemindəki bu durum səhiyyə sistemi ilə, "TƏBİB"lə  analoji haldadır...”
 
“Əgər məqsəd güclü dövlət, sağlam cəmiyyət, rəqabətli iqtisadiyyat, müasir elm və texnologiya yaratmaqdırsa, təhsildə pedaqoji liderlik bərpa edilməli, kadr siyasətində peşəkarlıq əsas olmalı, maliyyə siyasəti strateji investisiya məntiqinə keçməli, məktəb rəhbərliyi inzibati nəzarətdən pedaqoji missiyaya yönəlməlidir...”
 
Moderator.az aktuallığını nəzərə alaraq təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun “Təhsil zənginləşmə mənbəyi ola bilməz: milli təhlükəsizlikdən bazar maraqlarına keçidin nəticəsi...” başlıqlı növbəti analitik yazısını dəyərli oxucuların müzakirəsinə buraxır:
 
“Təhsil – sistem yaradan qüvvədir, o, sistemdən qazanc götürən mexanizm ola bilməz.  Təhsil hər hansı bir xidmət sektoru deyil. O, dövlətin strateji dayağı, millətin mədəni yaddaşı, iqtisadiyyatın intellektual mühərriki, ordunun düşüncə bazası, elmin və texnologiyanın təməlidir. Təhsilin keyfiyyəti zəiflədikdə təkcə məktəb zəifləmir – dövlət zəifləyir, dil zəifləyir, düşüncə zəifləyir...
 
Son 30 ildə aparılan təhsil islahatlarının  mühüm hissəsi məhz bu fəlsəfi əsasdan uzaqlaşma ilə xarakterizə olundu. Təhsil milli, strateji sistem kimi deyil, idarə edilən maliyyə axını və gəlir sahəsi kimi qəbul edildi. Bu yanaşma nəticəsində təhsilin mahiyyəti deyil, formal strukturları dəyişdirildi onun ruhu deyil, forması modernləşdirildi.
 
Təhsilin missiyası fərdləri zənginləşmək yox,  dövləti  zənginləşdirmək üçün zəmin yaratmaq olmalıdır. Təhsil birbaşa zənginləşmə vasitəsi deyil, o, zənginlik yaradan insan kapitalını formalaşdırır. Bu prinsipial fərqdir. Bu gün müasir texnoloji dövlətlərin uğuruna baxdıqda (İsrail, Cənubi Koreya, Yaponiya, Finlandiya) görürük ki, bu ölkələr təhsili biznes layihəsi kimi deyil, milli təhlükəsizlik və milli  inkişaf strategiyası kimi qurmuşlar. Onlarda  təhsil məmuru, məktəb direktoru “maliyyə meneceri” deyil, pedaqoji liderdir. Müəllim isə xidmət göstərən deyil, gələcək formalaşdıran şəxsdir...  
 
Təhsilin kommersiyalaşdırılması prioritetləri dəyişir: məqsəd bilik yox, sertifikat, düşüncə yox, nəticə göstəricisi, şəxsiyyət yox, bazar uyğunluğu olur. Bu halda uzunmüddətli milli maraqlar qısamüddətli maliyyə maraqlarına qurban verilir.
 
Təhsildə “islahatçı” anlayışı da  artıq deformasiyaya uğrayıb. İslahat anlayışı pedaqoji təfəkkür, humanist niyyət, milli məsuliyyət üzərində qurulmalıdır. Lakin son onilliklərdə bir çox hallarda təhsildə islahatın aparıcı fiqurları pedaqoji düşüncədən gəlməyən, təhsili iqtisadi aktiv kimi görən şəxslər oldu. Nəticədə kadr siyasətində pedaqoji dərinlik yox, idarəetmə loyallığı əsas götürüldü...
 
Maliyyə siyasətində uzunmüddətli intellektual investisiya yox, qısamüddətli hesabat göstəriciləri prioritet oldu. Məktəb rəhbərliyində pedaqoji liderlik yox, inzibati nəzarət gücləndirildi. Hətta lüzumsuz “Məktəblinin dostu” kimi layihə  və müvafiq ştatlar yaradıldı.  Nazir deyir: arzum budur ki, bütün məktəblər  “Məktəblinin dostu”  layihəsinə cəlb edilsin.  Amma heç vaxt demədi ki, arzum budur ki, neft kapitalını insan kapitalına çevirək. Əslində bu gün  ETN-nin əsas vəzifəsi ölkə prezidentinin  23 il əvvəl  qoyduğu bu vəzifəni icra etmək idi.   Belə yollarla təhsil müəssisəsi ictimai missiyalı mədəni institutdan “idarə olunan struktur vahidi” oldu...
 
Məktəb direktoru modeli pedaqoji liderdən inzibati menecerə çevrildi. Son illərdə məktəb direktorunun rolu köklü şəkildə dəyişdi. Ənənəvi modeldə məktəb direktoru pedaqoji vizion daşıyıcısı, müəllim kollektivinin elmi-metodik rəhbəri, cəmiyyətlə məktəb arasında mənəvi körpü idi.  Yeni modeldə isə bir çox hallarda məktəb direktoru hesabat icraçısı, maliyyə nəzarətçisi, statistik göstərici təminatçısı, hətta votsap qrupunun moderatoru da oldu...
 
Bu dəyişiklik məktəbin ruhuna pis təsir etdi. Məktəb düşüncə istehsal edən mühitdən, normativ icra edən struktura çevrildi, şəffaf təhsil modelindən kölgə təhsilinin dayaq məntəqəsinə çevrildi. 
 
Təhsilin kommersiyalaşması öz mənfi nəticələrini aydın göstərir. Təhsilin zənginləşmə mənbəyi kimi qəbul edilməsi bir neçə təhlükəli nəticə doğurur: sosial bərabərliyin pozulması,  keyfiyyətli təhsil pullu alternativlərə yönəlir. Repetitorluq sistemi genişlənir, məktəb zəifləyir, ailələrin maddi yükü artır. Orta sinif zəiflədikcə təhsil sosial lift funksiyasını itirir...
 
Nəticədə insan kapitalının çöküşü baş verir. 23 ildə təhsil sisteminin insan kapitalı yarada bilməməsinin əsas səbəbi də məhz  budur.  Bazar yönümlü, lakin dərin elmi təməli olmayan təhsil sistemi yüksək texnologiya və fundamental elm yarada bilməz. Bu isə uzunmüddətli dövrdə iqtisadi və hərbi zəiflik deməkdir.
 
Məktəb təhsilinin belə tərsinə qurulması  nəticəsində milli mədəniyyətin  aşınması müşahidə edilir. Ana dilinin, ədəbiyyatın, tarix şüurunun zəifləməsi milli kimliyin zəifləməsinə gətirir.  Təhsil milli yaddaşın daşıyıcısıdır, onu bazar predmetinə çevirmək milli və fərdi kimliyi risk altına salır...
 
Təhsil sistemindəki bu durum səhiyyə sistemi ilə, "TƏBİB"lə  analoji haldadır. Sistemin məqsədi dəyişəndə nəticə də dəyişir. Əgər səhiyyə sisteminin məqsədi sağlamlıq deyil, maliyyə axınıdırsa, nəticədə xəstəlik idarə edilər, lakin sağlamlıq formalaşmaz. Eyni qayda təhsilə də aiddir: məqsəd zənginləşməkdirsə, bilik idarə edilər, lakin düşüncə formalaşmaz...
 
Bu yanaşma dövlət sistemlərində strateji zədələnmə yaradır. Çünki təhsil və səhiyyə bazar mexanizmlərinə tam tabe edilməyən ictimai missiya, sosial  sahələrdir. 
 
30 ilin "təhsil islahatları" göstərir ki, struktur islahatı düşüncə islahatı deyil. Təhsil sistemində kurikulum, imtahan, kredit, qiymətləndirmə, idarəetmə modelləri dəyişə bilər. Lakin məqsəd dəyişmirsə, yəni təhsilin ictimai missiyası deyil, maliyyə marağı prioritetdirsə, heç bir struktur islahatı real nəticə verməyəcək.
 
Təhsil islahatının mərkəzində bu 3  prinsip dayanmalıdır:
 
1. Pedaqoji təfəkkür üstünlüyü;
 
2. Milli humanist məqsəd;
 
3. Uzunmüddətli insan kapitalı strategiyası.
 
Bu fikirləri ümumiləşdirərək deyə bilərik ki,  təhsil  zənginləşmə mənbəyi ola bilməz – o, zənginləşmə yaradan insanı formalaşdırır. Təhsili biznes modellə idarə etmək, gələcəyi mühasibat balansı ilə ölçməkdir. Əgər məqsəd güclü dövlət, sağlam cəmiyyət, rəqabətli iqtisadiyyat, müasir elm və texnologiya yaratmaqdırsa, təhsildə pedaqoji liderlik bərpa edilməli, kadr siyasətində peşəkarlıq əsas olmalı, maliyyə siyasəti strateji investisiya məntiqinə keçməli, məktəb rəhbərliyi inzibati nəzarətdən pedaqoji missiyaya yönəlməlidir. Əks halda, təhsil sistemi formal olaraq mövcud olsa da, mahiyyət etibarilə insan kapitalı yarada bilməyəcək,   milli inkişafın mühərriki funksiyasını itirəcək...
Təhsilin taleyi – dövlətin taleyidir. Təhsil zənginləşmə vasitəsi deyil, o, millətin özünüyaşatma mexanizmidir...”
 
Müəllif: 
Dosent İlham Əhmədov
 
 
Link kopyalandı!
Son xəbərlər