“Əgər yayda məktəb direktorları müsahibədən keçib qışda, yəni 6 aydan sonra fəaliyyətə başlayırlarsa, demək, burada şübhəli məqamlar var. Şəffaflıq olsaydı, 1-2 həftə ərzində direktorların təyinatı olmalıydı...”
“Təhsil Haqqında Qanun”da “həvalə direktor” anlayışı yoxdur. Bunu hardan və niyə icad ediblər? Faktiki olaraq “həvalə” anlayışı məktəbi konkret şəxsə icarəyə vermək mənasını daşıyır...”
“Elm və Təhsil Nazirliyi məktəb direktorlarının təyinatı üçün keçən il yeni qaydalar təyin edib. Bu qaydalara əsasən artıq test imtahanı mərhələsi olmayacaq. Namizədlərin əvvəlki imtahanlardakı nəticələri (sertifikatlaşdırlma, MİQ, DQ) nəzərə alınacaq. Vakant yerlər əsasən iki istiqamətdə olur. Şagird sayı 500-ə qədər olan məktəblər və şagird sayı 500-dən çox olan məktəblər üçün. ETN-nin rəyinə görə, yeni qaydalar məktəb idarəçiliyində pedaqoji liderlik modelinin formalaşdırılmasına, idarəetmə bacarığı yüksək olan peşəkar müəllimlərin seçilməsinə xidmət edir.”
Bunu Moderator.az-a açıqlamasında dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılmasıyla əlaqədar məktəb direktorlarının təyini prosesləri barədə danışan tanınmış təhsil eksperti İlham Əhmədov söyləyib.
“Yeni qaydalar mahiyyətcə pis deyil. Əsas məsələ odur ki, yeni qaydalar necə tətbiq ediləcək. Amma təcrübə göstərir ki, narazılıq halları hələ də var. Əgər yayda məktəb direktorları müsahibədən keçib qışda, yəni 6 aydan sonra fəaliyyətə başlayırlarsa, demək, burada şübhəli məqamlar var. Şəffaflıq olsaydı, 1-2 həftə ərzində direktorların təyinatı olmalıydı. Yayda müəllimlər üçün işə qəbulu üzrə imtahan (MİQ) keçirilir və imtahandan keçən müəllimlər az vaxt ərzində işlə təmin edilir. Bunu direktorlar üçün də etmək olardı. Yeni direktor dərs ilinin əvvəlindən fəaliyyətə başlamalıdır, ilin ortrasında yox. Təəssüf ki, bəzən belə olmur”, -deyə davamında həmsöhbətimiz nəzərə çatdırıb.
Ekspert qeyd edib ki, məktəb direktorlarının təyinatıyla bağlı proseslərin necə getməsi artıq cəmiyyətə məlumdur:
“Bu proseslərin necə getdiyini müəllimlər sosial şəbəkələrdə yazırlar. İndiki zamanda sirr qalmır, hamı bu işin necə həll edildiyini təxminən bilir. Bu barədə KİV-də də xəbərlər verilir, məqalələr yazılır. Bəzi media vasitələrində hətta müxtəlif regional təhsil idarələrində olan ciddi neqativ faktlar barədə də informasiyalar gedir. Materiallardan belə görünür ki, yeni əsasnaməyə bəzən əməl edilmir və təhsil məmurları istədikləri namizədləri istədikləri məktəblərə direktor təyin edirlər. Əksər hallarda isə yeni təyin edilən direktorun konkret məktəbə aidiyyatı olmur - oraya başqa məktəbin müəllimi göndərilir. Amma yaxşı olar ki, hər bir məktəbin direktoru o kollektivdən olsun...”
“Əslində, təhsildə kadr təyinatı, xüsusən də məktəb direktoru təyinatı bu günün problemi deyil, son 25 ildə bu problem daim olub. Yəni layiqli kadr təyinatı çox vaxt problemli olub. Sadəcə, indi sosial şəbəkələr bu neqativləri daha çox yayır. Başqa sözlə, direktor təyinatında şəffaflıq olmasa da, neqativlərin işıqlandırılmasında şəffaflıq var”, -deyən ekspert onu da diqqətə çatdırıb ki, məktəblərdə bəzi hallarda direktorlar müəllimləri sıxışdırırlar:
“Bəzən elə adamlar direktor təyin edilir ki, sonralar onların səsli mesajları, “votsap” qruplarındakı təhdidedici səsləri aləmə yayılır. Son illər belə hallar da olur: guya məktəbə direktor kimi “layiqli namizəd” tapa bilmirlər, məktəbi kiməsə “həvalə” edirlər. “Təhsil Haqqında Qanun”da “həvalə direktor” anlayışı yoxdur. Bunu hardan və niyə icad ediblər? Faktiki olaraq “həvalə” anlayışı məktəbi konkret şəxsə icarəyə vermək mənasını daşıyır. Bu, deyəsən, təhsilimizdə yeni bir "innovasiya"dır...”
“Düşünürəm ki, məktəblərdə direktor təyinatı kollektivin rəyi və iştirakı ilə, kollektivin layiqli üzvünü seçməklə icra edilsəydi, daha səmərəli olardı. Yaxud qabaqcıl, savadlı, innovator və fəal müəllimlərdən birini direktor təyin etmək olar. Yəni direktor müəllim kimi, həm öz ixtisasını yaxşı bilməli, həm kollektivdə hörməti olmalıdır, eyni zamanda tanınmış müəllim olmalıdır. Nəhayət, məktəb direktoru kommersant düşüncəli yox, pedaqoji düşüncəli şəxs olmalıdır”, -deyə İlham Əhmədov vurğulayıb.
Sultan Laçın