“Məktəb direktoru kommersant  düşüncəli yox, pedaqoji düşüncəli şəxs olmalıdır...”
Elm və Təhsil
570
08:38, Bu gün

“Məktəb direktoru kommersant  düşüncəli yox, pedaqoji düşüncəli şəxs olmalıdır...”

“Əgər yayda məktəb direktorları  müsahibədən keçib qışda, yəni 6 aydan sonra fəaliyyətə başlayırlarsa, demək, burada  şübhəli məqamlar var. Şəffaflıq olsaydı, 1-2   həftə ərzində direktorların təyinatı olmalıydı...”
 
“Təhsil Haqqında Qanun”da  “həvalə direktor”  anlayışı yoxdur. Bunu hardan və niyə icad ediblər? Faktiki olaraq “həvalə”  anlayışı məktəbi konkret şəxsə icarəyə vermək mənasını  daşıyır...”
 
“Elm və Təhsil Nazirliyi məktəb  direktorlarının  təyinatı üçün  keçən il  yeni qaydalar təyin edib. Bu qaydalara  əsasən  artıq test imtahanı mərhələsi  olmayacaq.  Namizədlərin əvvəlki  imtahanlardakı  nəticələri (sertifikatlaşdırlma, MİQ, DQ) nəzərə alınacaq.  Vakant yerlər əsasən iki istiqamətdə olur.   Şagird sayı 500-ə qədər olan məktəblər və şagird sayı 500-dən çox olan məktəblər üçün.   ETN-nin rəyinə görə,  yeni qaydalar    məktəb idarəçiliyində pedaqoji liderlik modelinin formalaşdırılmasına,  idarəetmə bacarığı yüksək olan peşəkar müəllimlərin seçilməsinə xidmət edir.”
 
Bunu Moderator.az-a açıqlamasında dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılmasıyla əlaqədar məktəb direktorlarının təyini prosesləri  barədə danışan tanınmış təhsil eksperti İlham Əhmədov söyləyib.
 
“Yeni qaydalar mahiyyətcə pis deyil. Əsas  məsələ odur ki, yeni  qaydalar necə tətbiq ediləcək. Amma  təcrübə  göstərir ki, narazılıq halları  hələ də var. Əgər yayda məktəb direktorları  müsahibədən keçib qışda, yəni 6 aydan sonra fəaliyyətə başlayırlarsa, demək, burada  şübhəli məqamlar var. Şəffaflıq olsaydı, 1-2   həftə ərzində direktorların təyinatı olmalıydı.  Yayda müəllimlər üçün işə qəbulu üzrə imtahan (MİQ) keçirilir və imtahandan keçən müəllimlər az vaxt ərzində işlə təmin edilir. Bunu direktorlar üçün də etmək olardı.  Yeni direktor dərs ilinin əvvəlindən fəaliyyətə başlamalıdır, ilin ortrasında yox. Təəssüf ki, bəzən belə olmur”, -deyə davamında həmsöhbətimiz nəzərə çatdırıb. 
 
Ekspert qeyd edib ki, məktəb direktorlarının təyinatıyla bağlı proseslərin necə getməsi artıq cəmiyyətə məlumdur:
 
“Bu proseslərin necə getdiyini müəllimlər  sosial şəbəkələrdə yazırlar. İndiki zamanda sirr qalmır, hamı bu  işin  necə həll edildiyini təxminən  bilir. Bu barədə KİV-də də xəbərlər verilir, məqalələr yazılır. Bəzi media vasitələrində hətta müxtəlif regional təhsil idarələrində olan ciddi neqativ faktlar barədə də  informasiyalar gedir. Materiallardan belə görünür ki, yeni  əsasnaməyə bəzən əməl edilmir və təhsil məmurları istədikləri namizədləri   istədikləri məktəblərə  direktor təyin edirlər.  Əksər hallarda isə  yeni təyin edilən direktorun konkret  məktəbə aidiyyatı olmur - oraya başqa  məktəbin  müəllimi göndərilir. Amma yaxşı olar ki, hər bir məktəbin direktoru o  kollektivdən olsun...”  
 
“Əslində, təhsildə kadr təyinatı, xüsusən də məktəb direktoru  təyinatı bu günün problemi deyil, son 25 ildə bu problem daim olub. Yəni layiqli kadr təyinatı çox vaxt problemli olub. Sadəcə, indi sosial şəbəkələr bu neqativləri daha çox yayır. Başqa sözlə, direktor təyinatında şəffaflıq olmasa da, neqativlərin işıqlandırılmasında  şəffaflıq var”, -deyən ekspert onu da diqqətə çatdırıb ki, məktəblərdə bəzi hallarda direktorlar müəllimləri sıxışdırırlar: 
 
“Bəzən elə adamlar direktor təyin edilir ki, sonralar onların səsli mesajları, “votsap” qruplarındakı təhdidedici səsləri aləmə yayılır.  Son illər belə hallar da olur: guya məktəbə direktor kimi  “layiqli namizəd” tapa bilmirlər, məktəbi kiməsə “həvalə”  edirlər. “Təhsil Haqqında Qanun”da  “həvalə direktor”  anlayışı yoxdur. Bunu hardan və niyə icad ediblər? Faktiki olaraq “həvalə”  anlayışı məktəbi konkret şəxsə icarəyə vermək mənasını  daşıyır. Bu, deyəsən, təhsilimizdə  yeni bir "innovasiya"dır...”
 
“Düşünürəm ki, məktəblərdə direktor təyinatı kollektivin rəyi və iştirakı ilə, kollektivin  layiqli  üzvünü  seçməklə icra edilsəydi, daha səmərəli olardı.  Yaxud qabaqcıl, savadlı, innovator və fəal müəllimlərdən birini direktor təyin etmək olar. Yəni direktor müəllim kimi,  həm öz ixtisasını yaxşı bilməli, həm kollektivdə hörməti olmalıdır,  eyni zamanda tanınmış müəllim olmalıdır. Nəhayət,  məktəb direktoru kommersant  düşüncəli yox, pedaqoji düşüncəli şəxs olmalıdır”, -deyə İlham Əhmədov vurğulayıb.  
 
Sultan Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər