Süni intellekt əsaslı inkişaf distant təhsili kütləviləşdirəcəksə, milli universitetlərimizin başına nə gələcək?..-
Elm və Təhsil
326
14:14, Bu gün

Süni intellekt əsaslı inkişaf distant təhsili kütləviləşdirəcəksə, milli universitetlərimizin başına nə gələcək?..-

“İndiki durumda milli universitetlərimiz  belə texnoloji inkişaf dalğası qarşısında çətin ki, tab gətirələr. Onlar nəinki qlobal təhsil bazarında, elə yerli təhsil bazarında da mövqelərini  tezliklə  itirəcəklər...”
 
“Uzun müddət ərzində təhsilin tərsinə qurulması və səriştəsiz idarəsi nəticəsində, həqiqətən də Prezident İlham Əliyevin dediyi kimi, “neft kapitalı tükənəndən sonra ölkəmizdə  ağır vəziyyət yarana bilər…”
 
İlham Əhmədov  Moderator.az aktuallığını nəzərə alıb tanınmış təhsil eksperti İlham Əhmədovun “Süni intellekt(Sİ)əsaslı texnoloji inkişaf distant təhsili kütləvi edəcəkdir” başlıqlı növbəti analitik araşdırma yazısını təqdim edir:
 
Çində  müxtəlif dillərdən Sİ əsaslı   sinxron tərcümə edən portativ qurğuların (xüsusi qulaqcıqlar) yaranması distant təhsilin inkişafını   daha da sürətləndirəcək, onu  kütləvi və keyfiyyətli edəcəkdir. 
 
 Bu innovasiyanın  təhsil sisteminə nə kimi təsiri olacaqdır?.. 
 
Təhsil baxımından geridə qalan ölkələrdə, distant təhsilin zəif inkişaf etdiyi regionlarda, distant təhsilin az polulyarlığı, həm də dil baryeri ilə əlaqəlidır. Bu texnoloji innovasiya hesabına  dil baryerinin ləğvi imkanları yaranır. Bu amil  onlayn təhsilin sürətli inkişafında, təhsil xidmətinin ixracında mühüm rol oynayacaqdır. Beləliklə distant təhsilin inkişafının ikinci böyük dalğası yaranacaqdır. Təhsildə çoxdilli, mobil tərcümə xidməti imkanlarının yaranması, təbii ki, süni intellektin inkişafı ilə əlaqədardır. Bu proseslərin nəticəsində dünyada qlobal distant təhsil sistemi daha da sürətlənəcəkdır. Dünyanın lider universitetləri keyfiyyətli onlayn təhsil xidmətlərini daha ucuz və asan yolla, təhsil baxımından geri qalan ölkələrə ixrac edəcəkdir. 
 
Ucuz qiymətli portativ sinxron tərcümə qurğularının kütləvi istehsalı ilk baxışda adi texnoloji yenilik kimi görünsə də, əslində bu cihaz (proqram) təhsil bazarında qlobal güc balansını köklü dəyişdirə biləcək mühüm innovasiyadır. 
 
Bu innovasiyanı təhsil xidmətlərinin ixracında strateji dönüş nöqtəsi hesab etmək  olar.  Beləliklə də,  təhsilin qlobal  yayılmasının ciddi və gözə görünməz baryeri – dil baryeri aradan qalxır. Bu proses təkcə kommunikasiya rahatlığı yaratmır, eyni zamanda distant təhsili  dünya miqyasında “sərhədsiz təhsil xidmətinə” çevirir. 
 
Dil baryerinin dağılması və distant təhsilin “ikinci dalğası”…
 
Distant təhsil dünyada uzun müddət ərzində texniki yox, psixoloji və mədəni səbəblərə görə məhdud inkişaf edirdi. İnternet, platformalar, video-dərslər mövcud idi, amma başqa bir ciddi problem də var idi: təhsil xidməti konkret dillərə (əsasən ingilis dilinə) bağlı idi. 
 
Yeni yaradılan sinxron tərcümə qurguları bu məhdudiyyəti aradan qaldırır. Artıq müxtəlif ölkələrdə öz ana dilində təhsil alan tələbələr üçün Harvard, MIT, Oksford, Tokio v.s. universitetinlərinin mühazirələri daha “xarici dilli kontent” deyil, yerli məhsul kimi qəbul edilə bilir. Bu isə distant təhsili elit seqmentdən çıxarıb, sürətlə kütləviləşdirir.
 
Ali təhsilin ixracı universitetlər üçün yeni “neft kəməridir”…
 
Bu texnologiya lider universitetlər üçün yeni təhsil bazarı açır. Ənənəvi təhsil modelində tələbə ABŞ-a, İngiltərəyə, Almaniyaya gedir, bahalı təhsil haqqı ödəyir, nəqliyyat və yaşayış xərcləri çəkirdi. Bu, bahalı və məhdud imkanlı təhsil modeli idi. 
 
Gələcək ali təhsildə sinxron tərcümə imkanları geniş yayılarsa, universitetlər “fiziki tələbə axınına”  ilə yox, milyonlarla tələbəyə ana dilində distant təhsil xidməti təqdim edərək bazara çıxırlar. Beləliklə, ali təhsil ixracı yeni mərhələyə keçir. Bu zaman əlavə kampus infrastrukturu tikmədən, yeni gəlir imkanı yaranır, müəllim korpusu daha səmərəli istifadə olunur, təhsil xidmətləri “paket məhsul” kimi qlobal bazara  çıxır… 
 
Bu, əslində təhsildə “Netflix modeli”nin analogiyasıdır: bir kontent istehsal olunur, milyonlarla insana satılır, əlçatanlıq və kütləvilik qiymətin azalması və keyfiyyətin artmasına imkan verir. Kino istehsalı, telekanallar teatr tamaşaçılarının sayını azaltdığı kimi, portativ tərcümə qurğuları da dil baryerini  ləğv edərək  distant təhsil vasitəsi ilə regional universitetlərin bazarına dağıdıcı təsir edəcəkdir... 
 
Qiymətlərin ucuzlaşması hesabına elit təhsil geniş kütlələr üçün əlçatan olur… 
 
Əgər tərcümə problemi həll olunursa, bahalı universitetlər daha ucuz distant təhsil proqramları təqdim edə bilərlər. Bu zaman bazarda yeni reallıq yaranır:  tələbə daha  30-50 min dollarlıq kampus təhsilinə ehtiyac duymur, 500-1000 dollarlıq sertifikatlı və ya modul proqramla   yeni bilik mənbəyinə distant çıxış əldə edir.
 
Bu proses təhsil bazarında iki istiqamətdə nəticə verəcək:
1. Distant təhsil qiymətləri düşəcək, çünki rəqabət artıq qlobal olacaq.
2. Orta səviyyəli və zəif regional universitetlər bazar  payını sürətlə itirəcəklər, çünki tələbə eyni və ya daha ucuz qiymətə keyfiyyətli təhsil xidməti alacaqdır. 
 
Qlobal təhsil bazarında yeni monopoliya 
 
Bu yeniliyin hesabına  innovativ sinxron tərcümə texnologiyası  bazarda güclü universitetlərə hegemonluq imkanı verəcəkdir. Burada mühüm bir məqam var.  Sinxron tərcümə qurğuları təkcə təhsil alətinə çevrilmir, bu həm də mədəni və ideoloji təsir vasitəsi olur. Çünki tərcümə texnologiyasını kim istehsal edirsə, o konkret terminlərin necə tərcümə edəcəyini, hansı məna verəcəyini, hansı ideoloji çərçivənin dominant olacağını da təyin edir.
 
Tərcümə ilk baxışda neytral görünür, əslində isə bu informasiya üzərində mühüm  nəzarət formasıdır. Bu səbəbdən Çin kimi ölkələrin bu sahədə sürətlə irəliləməsi yalnız biznes layihə deyil, həm də geo-siyasi strategiyadır.
 
Regional universitetlər üçün yeni təhlükə: daxili bazarın “xaricə axını”…
 
Regional universitetlər üçün yeni təhlükə yaranacaq: daxili bazarın “xaricə axını” ehtimalı artacaqdır. Azərbaycan kimi ali təhsili zəif olan ölkələr üçün bu texnologiyanın yayılması həm fürsət, həm  risk, həm də ciddi təhlükədir. Faktiki olaraq gələcəkdə universitetlər tələbə qıtlığı problemi ilə  qarşılaşacaqlar. Əsas risk budur ki, tələbələr artıq yerli universitetlərə ehtiyac duymadan, dünyanın ən yaxşı universitetlərinin mühazirələrini öz ana dilində, problemsiz dinləyə biləcəksə, yerli universitetlərin əsas “üstünlüyü” – yerli dil və lokal rahatlıq imkanı əldən çıxacaqdır.
Bu halda regional universitetlər iki təhlükə ilə üzləşir: tələbə itkisi (ən yaxşı tələbələr qlobal platformalara gedəcək), reputasiya itkisi (diplomun dəyəri sual altına düşəcək). Regioanal  universitetlər öz bazarını qorumaq üçün ya keyfiyyəti artırmalı (əlavə böyük investisiyalar hesabına), ya da qlobal şəbəkəyə inteqrasiya etməlidir (nümyəndəlik, filial v.s. ).
 
İnsan kapitalının formalaşması üçün yeni fürsət: qlobal bilik transferinin sürətlənməsi
 
Milli universitetlərimiz, təəssüf ki,  son 23 ildə keyfiyyətli insan kapitalı yarada bilmədi. Bu gün də belədir.  Yaranmış vəziyyət digər tərəfdən regional universitetlər üçün həm də böyük fürsətdir. Azərbaycan müəllimi, tələbəsi və tədqiqatçısı dil maneəsinə görə dünya elm- təhsil məkanlndan  təcrid olmuşdur. Bu innovasiya  onları qlobal elm-təhsil məkanına  inteqrasiya etməkdə  baryerini aradan qaldıracaqdır. Faktiki olaraq universitetlərimizin profesor-müəllim heyəti son 35 ildə keyfiyyətli ixtisasartırma və təkmilləşdirmə kurslarından məhrum olmuşdur (əvvəllər  hər 5 ildən bir  SSRİ-nin müxtəlif aparıcı universitetlərində 4 aylıq kurslar olurdu). Bunun nəticəsində   bir çox universitetlərimiz  və  professorlarımız   qlobal inkişafdan 15-20 il  geri düşüb.  Süni intellekt dövründə bu gerilik daha da sürətlənəcəkdir. Amma dil baryerinin silinməsi distant təhsil texnologiyaları ilə bu problemi qismən həll edə bilər…  
 
Bu texnoloji innovasiya xarici dildə olan elmi məqalələrin, tədris materialının, dərsliklərin, texnoloji biliklərin, elmi konfransların  mütəxəssislərimiz tərəfindən daha səmərəli  mənimsənilməsinə səbəb ola bilər. 
 
Bizim ali təhsil kurikulumları, tədris metodik təminat beynəlxalq səviyyədən xeyli geridədir. Çünki son 30 ildə tədris metodik bazanın yaradılması üçün ETN və  universitetlərimiz  heç bir investisiya etməyib, elə indi də bu yanaşma davam edir. 
 
Lider universitetlər son 25-30  il ərzində texnoloji inkişafa, mütəmadi olaraq yeni kontentin  yaradılmasına  milyardlarla investisiya edəndə, bizim universitetlər və məmurlar bu  illər  ərzində  eyni məbləği təmir-tikintiyə israf ediblər. İndi neft tükənəndə, ölkə büdcəsində problemlər yarananda, ETN universitetləri PHŞ etməklə, bu gerilik daha da artacaqdır. Bu vəziyyətdə hansı inkişafdan danışmaq mümkündür?.. 
 
Bizim universitetlər üçün ehtimal edilən belə  təhlükəli proseslərin müsbət tərəfi də var. Qlobal müstəvidə ali təhsilin distant texnologiyalarla ixracının genişləndirilməsi nəticəsində, təhsildə  geridə qalan ölkələrin zəif universitetləri 25 ildə edə bilmədiklərini  indi edə biləcəklər: nəhayət ki, bu  ölkələrin insan kapitalının inkişaf tempi tədricən yüksələ bilər.   
 
“Universitet 4.0” və təhsildə platformalaşma  proselərinin  sürətlənməsi... 
 
Bu texnologiya ali təhsili klassik “universitet binası” modelindən çıxarıb, “platforma ekosistemi” modelinə keçirəcəkdir. Universitet artıq bina deyil, xidmət paketidir.  Universitet dedikdə artıq kampus yox, kontent, mentorluq, sertifikat, layihə, laboratoriya simulyasiyası, süni intellekt dəstəyi nəzərdə tutulur. 
 
Biz  təhsil tədqiqatçısı olaraq bu reallığı 20 il ərzində dəfələrlə məqalələrimizdə və məruzələrimizdə bildirmişik. Hələ  2008-ci ildə ADPU və Hacəttəpə Universiteti ilə birgə keçirdiyi (“İKT və təhsildə qloballaşma” adlı)  beynəlxalq konfransın  plenar məruzəsində bu “təhlükəli  perspektivləri”  dəqiq təvir etmişdik (artıq o vaxtlar sadə tərcümə proqramları var idi və bu istiqamətdə sürətli  inkişaf  hiss edilirdi).  Təhsil Nazirliyinin  rəhbərliyinin və bəzi  rektorların  iştirak etdiyi  həmin konfransda  bildirmişdik ki, milli universitetlər  gələcəkdə  qlobal  distant təhsil verən meqauniversitetlərə uduzacaq  və  milli universitet anlayışı  tarixə qovuşacaqdır.  Təəssüf  ki, belə  xəbərdarlıq da  məmurların   ali təhsilə olan münasibətini və məsuliyyətini  dəyişdirə bilmədi.  Sonrakı illər  ərzində  də  TN və ETN  uzaqgörənlik etmədi,  verilən faydalı  təklifləri heç vaxt  qəbul etmədi. Təəssüf k i, təhsil məmurlarının “təmir-tikinti sevdası” reallığı görməyə imkan vermədi… 
 
Sinxron tərcümə qurğuları yeni təhsil ekosistemin “dil interfeysi” kimi… 
 
Sinxron tərcümə qurğuları yeni təhsil ekosistemin “dil interfeysi” rolunu oynayacaqdır. Yəni, təhsil məzmun və texnologiya baxımından qlobal olur, lokallaşma sadəcə dil səviyyəsində təmin edilir.
 
Qlobal təhsil bazarında yeni bir dövr başlayır. Bu mərhələdə distant təhsil verən meqauniversitetlərin hegemonluğu və zəif milli universitetlərin müflisləşməsi və qapanması  prosesləri  vüsət alacaqdır.  
 
Yeni, Sİ əsaslı, çoxdilli  sinxron portativ tərcümə qurğuları distant təhsilin inkişafında sadəcə texniki yenilik deyil. Bu, qlobal təhsil bazarında iqtisadi, mədəni, geosiyasi və strateji dəyişikliklərin başlanğıcıdır. Bu texnologiya qlobal distant təhsilin inkişafını sürətləndirəcək, lider universitetlərə təhsili ucuz qiymətə 3-cü dünya ölkələrinə ixrac etməyə imkan verəcəkdir. Bu durum regional universitetləri ciddi rəqabətə məcbur edəcək (əksəriyyətini isə müflis edəcək), qlobal səviyyədə bilik transferini sürətlənəcəkdir. Bu “təhsil sunamisi”  bir çox postsovet ölkələrinin universitetlərini  yox edə bilər. 
Eyni zamanda tərcümə texnologiyası üzərindən yeni “yumşaq güc” mexanizmi də yaranacaqdır. 
 
Əgər postsovet  ölkələrinin bir çox universitetləri  distant təhsilin yeni dalğasını vaxtında anlayıb, strateji addımlar atmasa (buna vaxt çatacaqmı?), gələcəyin təhsil bazarında istehlakçı rolunda qalacaq, milli universitetləri isə bazardan sıxışdırılıb  çıxarılacaq. 
 
Diplomların tanınmaması  kmi  şoularla da bu prosesin qarşısını almaq mümkün olmayacaq, çünki, diplom artıq müsir dünyada heç kimə lazım deyil. 
Amma  vaxtında  düzgün təhsil siyasəti  ilə nələrsə etmək mümkün olardı.  Distant təhsilə 25 il ərzində qadağa qoyan TN və ETN-nin  kobud  strateji səhvləri ölkəyə çox  baha başa gələcəkdir.  
 
Müəyyən fövqəladə addımlar atılarsa,  bu texnologiya ölkəmizdə nəhayət ki, insan kapitalının inkişafı üçün tarixi fürsətə çevrilə bilər. Məsələn, keçən il “COURSERA”  şirkəti ilə  reallaşan milli layihə təşəbbüsləri kimi.  Amma bunun da  nə dərəcədə  səmərəli təşkil edilməsi bizlərə məlum deyil, həm də bu layihə  çox gecikdirilmiş idi. Daha doğru addım 15-20 il əvvəl milli “COURSERA”  platformasının yaradılması ola bilərdi. Biz 2010-cu və 2012-ci illərdə TN və İN-ə bu təklifləri vermişdik. 
 
İndiki durumda   isə  milli universitetlərimiz  belə texnoloji inkişaf dalğası qarşısında çətin ki, tab gətirələr. Onlar nəinki qlobal təhsil bazarında, elə yerli təhsil bazarında da mövqelərini  tezliklə  itirəcəklər. 
 
Universitetlərimiz bütün  parametrlər üzrə  lider universitetlərdən ən azı  20 il  geridədir, rəqabətədavamlı deyillər,  25 il ərzində universitetlərimiz distant təhsil sistemi də  yaratmadılar. Mütəxəssislərin distant təhsil sisteminin əhəmiyyəti  barədə  25 illik təşviqatı da  “prorab”  təhsil məmurlarına  təsir etmədi. 
 
Uzun müddət ərzində təhsilin tərsinə qurulması və səriştəsiz idarəsi nəticəsində, həqiqətən də Prezident İlham Əliyevin dediyi kimi, “neft kapitalı tükənəndən sonra ölkəmizdə  ağır vəziyyət yarana bilər”…
Dosent İlham Əhmədov”
 
Link kopyalandı!
Son xəbərlər