“İndiki durumda milli universitetlərimiz belə texnoloji inkişaf dalğası qarşısında çətin ki, tab gətirələr. Onlar nəinki qlobal təhsil bazarında, elə yerli təhsil bazarında da mövqelərini tezliklə itirəcəklər...”
“Uzun müddət ərzində təhsilin tərsinə qurulması və səriştəsiz idarəsi nəticəsində, həqiqətən də Prezident İlham Əliyevin dediyi kimi, “neft kapitalı tükənəndən sonra ölkəmizdə ağır vəziyyət yarana bilər…”
İlham Əhmədov Moderator.az aktuallığını nəzərə alıb tanınmış təhsil eksperti İlham Əhmədovun “Süni intellekt(Sİ)əsaslı texnoloji inkişaf distant təhsili kütləvi edəcəkdir” başlıqlı növbəti analitik araşdırma yazısını təqdim edir:
Çində müxtəlif dillərdən Sİ əsaslı sinxron tərcümə edən portativ qurğuların (xüsusi qulaqcıqlar) yaranması distant təhsilin inkişafını daha da sürətləndirəcək, onu kütləvi və keyfiyyətli edəcəkdir.
Bu innovasiyanın təhsil sisteminə nə kimi təsiri olacaqdır?..
Təhsil baxımından geridə qalan ölkələrdə, distant təhsilin zəif inkişaf etdiyi regionlarda, distant təhsilin az polulyarlığı, həm də dil baryeri ilə əlaqəlidır. Bu texnoloji innovasiya hesabına dil baryerinin ləğvi imkanları yaranır. Bu amil onlayn təhsilin sürətli inkişafında, təhsil xidmətinin ixracında mühüm rol oynayacaqdır. Beləliklə distant təhsilin inkişafının ikinci böyük dalğası yaranacaqdır. Təhsildə çoxdilli, mobil tərcümə xidməti imkanlarının yaranması, təbii ki, süni intellektin inkişafı ilə əlaqədardır. Bu proseslərin nəticəsində dünyada qlobal distant təhsil sistemi daha da sürətlənəcəkdır. Dünyanın lider universitetləri keyfiyyətli onlayn təhsil xidmətlərini daha ucuz və asan yolla, təhsil baxımından geri qalan ölkələrə ixrac edəcəkdir.
Ucuz qiymətli portativ sinxron tərcümə qurğularının kütləvi istehsalı ilk baxışda adi texnoloji yenilik kimi görünsə də, əslində bu cihaz (proqram) təhsil bazarında qlobal güc balansını köklü dəyişdirə biləcək mühüm innovasiyadır.
Bu innovasiyanı təhsil xidmətlərinin ixracında strateji dönüş nöqtəsi hesab etmək olar. Beləliklə də, təhsilin qlobal yayılmasının ciddi və gözə görünməz baryeri – dil baryeri aradan qalxır. Bu proses təkcə kommunikasiya rahatlığı yaratmır, eyni zamanda distant təhsili dünya miqyasında “sərhədsiz təhsil xidmətinə” çevirir.
Dil baryerinin dağılması və distant təhsilin “ikinci dalğası”…
Distant təhsil dünyada uzun müddət ərzində texniki yox, psixoloji və mədəni səbəblərə görə məhdud inkişaf edirdi. İnternet, platformalar, video-dərslər mövcud idi, amma başqa bir ciddi problem də var idi: təhsil xidməti konkret dillərə (əsasən ingilis dilinə) bağlı idi.
Yeni yaradılan sinxron tərcümə qurguları bu məhdudiyyəti aradan qaldırır. Artıq müxtəlif ölkələrdə öz ana dilində təhsil alan tələbələr üçün Harvard, MIT, Oksford, Tokio v.s. universitetinlərinin mühazirələri daha “xarici dilli kontent” deyil, yerli məhsul kimi qəbul edilə bilir. Bu isə distant təhsili elit seqmentdən çıxarıb, sürətlə kütləviləşdirir.
Ali təhsilin ixracı universitetlər üçün yeni “neft kəməridir”…
Bu texnologiya lider universitetlər üçün yeni təhsil bazarı açır. Ənənəvi təhsil modelində tələbə ABŞ-a, İngiltərəyə, Almaniyaya gedir, bahalı təhsil haqqı ödəyir, nəqliyyat və yaşayış xərcləri çəkirdi. Bu, bahalı və məhdud imkanlı təhsil modeli idi.
Gələcək ali təhsildə sinxron tərcümə imkanları geniş yayılarsa, universitetlər “fiziki tələbə axınına” ilə yox, milyonlarla tələbəyə ana dilində distant təhsil xidməti təqdim edərək bazara çıxırlar. Beləliklə, ali təhsil ixracı yeni mərhələyə keçir. Bu zaman əlavə kampus infrastrukturu tikmədən, yeni gəlir imkanı yaranır, müəllim korpusu daha səmərəli istifadə olunur, təhsil xidmətləri “paket məhsul” kimi qlobal bazara çıxır…
Bu, əslində təhsildə “Netflix modeli”nin analogiyasıdır: bir kontent istehsal olunur, milyonlarla insana satılır, əlçatanlıq və kütləvilik qiymətin azalması və keyfiyyətin artmasına imkan verir. Kino istehsalı, telekanallar teatr tamaşaçılarının sayını azaltdığı kimi, portativ tərcümə qurğuları da dil baryerini ləğv edərək distant təhsil vasitəsi ilə regional universitetlərin bazarına dağıdıcı təsir edəcəkdir...
Qiymətlərin ucuzlaşması hesabına elit təhsil geniş kütlələr üçün əlçatan olur…
Əgər tərcümə problemi həll olunursa, bahalı universitetlər daha ucuz distant təhsil proqramları təqdim edə bilərlər. Bu zaman bazarda yeni reallıq yaranır: tələbə daha 30-50 min dollarlıq kampus təhsilinə ehtiyac duymur, 500-1000 dollarlıq sertifikatlı və ya modul proqramla yeni bilik mənbəyinə distant çıxış əldə edir.
Bu proses təhsil bazarında iki istiqamətdə nəticə verəcək:
1. Distant təhsil qiymətləri düşəcək, çünki rəqabət artıq qlobal olacaq.
2. Orta səviyyəli və zəif regional universitetlər bazar payını sürətlə itirəcəklər, çünki tələbə eyni və ya daha ucuz qiymətə keyfiyyətli təhsil xidməti alacaqdır.
Qlobal təhsil bazarında yeni monopoliya
Bu yeniliyin hesabına innovativ sinxron tərcümə texnologiyası bazarda güclü universitetlərə hegemonluq imkanı verəcəkdir. Burada mühüm bir məqam var. Sinxron tərcümə qurğuları təkcə təhsil alətinə çevrilmir, bu həm də mədəni və ideoloji təsir vasitəsi olur. Çünki tərcümə texnologiyasını kim istehsal edirsə, o konkret terminlərin necə tərcümə edəcəyini, hansı məna verəcəyini, hansı ideoloji çərçivənin dominant olacağını da təyin edir.
Tərcümə ilk baxışda neytral görünür, əslində isə bu informasiya üzərində mühüm nəzarət formasıdır. Bu səbəbdən Çin kimi ölkələrin bu sahədə sürətlə irəliləməsi yalnız biznes layihə deyil, həm də geo-siyasi strategiyadır.
Regional universitetlər üçün yeni təhlükə: daxili bazarın “xaricə axını”…
Regional universitetlər üçün yeni təhlükə yaranacaq: daxili bazarın “xaricə axını” ehtimalı artacaqdır. Azərbaycan kimi ali təhsili zəif olan ölkələr üçün bu texnologiyanın yayılması həm fürsət, həm risk, həm də ciddi təhlükədir. Faktiki olaraq gələcəkdə universitetlər tələbə qıtlığı problemi ilə qarşılaşacaqlar. Əsas risk budur ki, tələbələr artıq yerli universitetlərə ehtiyac duymadan, dünyanın ən yaxşı universitetlərinin mühazirələrini öz ana dilində, problemsiz dinləyə biləcəksə, yerli universitetlərin əsas “üstünlüyü” – yerli dil və lokal rahatlıq imkanı əldən çıxacaqdır.
Bu halda regional universitetlər iki təhlükə ilə üzləşir: tələbə itkisi (ən yaxşı tələbələr qlobal platformalara gedəcək), reputasiya itkisi (diplomun dəyəri sual altına düşəcək). Regioanal universitetlər öz bazarını qorumaq üçün ya keyfiyyəti artırmalı (əlavə böyük investisiyalar hesabına), ya da qlobal şəbəkəyə inteqrasiya etməlidir (nümyəndəlik, filial v.s. ).
İnsan kapitalının formalaşması üçün yeni fürsət: qlobal bilik transferinin sürətlənməsi
Milli universitetlərimiz, təəssüf ki, son 23 ildə keyfiyyətli insan kapitalı yarada bilmədi. Bu gün də belədir. Yaranmış vəziyyət digər tərəfdən regional universitetlər üçün həm də böyük fürsətdir. Azərbaycan müəllimi, tələbəsi və tədqiqatçısı dil maneəsinə görə dünya elm- təhsil məkanlndan təcrid olmuşdur. Bu innovasiya onları qlobal elm-təhsil məkanına inteqrasiya etməkdə baryerini aradan qaldıracaqdır. Faktiki olaraq universitetlərimizin profesor-müəllim heyəti son 35 ildə keyfiyyətli ixtisasartırma və təkmilləşdirmə kurslarından məhrum olmuşdur (əvvəllər hər 5 ildən bir SSRİ-nin müxtəlif aparıcı universitetlərində 4 aylıq kurslar olurdu). Bunun nəticəsində bir çox universitetlərimiz və professorlarımız qlobal inkişafdan 15-20 il geri düşüb. Süni intellekt dövründə bu gerilik daha da sürətlənəcəkdir. Amma dil baryerinin silinməsi distant təhsil texnologiyaları ilə bu problemi qismən həll edə bilər…
Bu texnoloji innovasiya xarici dildə olan elmi məqalələrin, tədris materialının, dərsliklərin, texnoloji biliklərin, elmi konfransların mütəxəssislərimiz tərəfindən daha səmərəli mənimsənilməsinə səbəb ola bilər.
Bizim ali təhsil kurikulumları, tədris metodik təminat beynəlxalq səviyyədən xeyli geridədir. Çünki son 30 ildə tədris metodik bazanın yaradılması üçün ETN və universitetlərimiz heç bir investisiya etməyib, elə indi də bu yanaşma davam edir.
Lider universitetlər son 25-30 il ərzində texnoloji inkişafa, mütəmadi olaraq yeni kontentin yaradılmasına milyardlarla investisiya edəndə, bizim universitetlər və məmurlar bu illər ərzində eyni məbləği təmir-tikintiyə israf ediblər. İndi neft tükənəndə, ölkə büdcəsində problemlər yarananda, ETN universitetləri PHŞ etməklə, bu gerilik daha da artacaqdır. Bu vəziyyətdə hansı inkişafdan danışmaq mümkündür?..
Bizim universitetlər üçün ehtimal edilən belə təhlükəli proseslərin müsbət tərəfi də var. Qlobal müstəvidə ali təhsilin distant texnologiyalarla ixracının genişləndirilməsi nəticəsində, təhsildə geridə qalan ölkələrin zəif universitetləri 25 ildə edə bilmədiklərini indi edə biləcəklər: nəhayət ki, bu ölkələrin insan kapitalının inkişaf tempi tədricən yüksələ bilər.
“Universitet 4.0” və təhsildə platformalaşma proselərinin sürətlənməsi...
Bu texnologiya ali təhsili klassik “universitet binası” modelindən çıxarıb, “platforma ekosistemi” modelinə keçirəcəkdir. Universitet artıq bina deyil, xidmət paketidir. Universitet dedikdə artıq kampus yox, kontent, mentorluq, sertifikat, layihə, laboratoriya simulyasiyası, süni intellekt dəstəyi nəzərdə tutulur.
Biz təhsil tədqiqatçısı olaraq bu reallığı 20 il ərzində dəfələrlə məqalələrimizdə və məruzələrimizdə bildirmişik. Hələ 2008-ci ildə ADPU və Hacəttəpə Universiteti ilə birgə keçirdiyi (“İKT və təhsildə qloballaşma” adlı) beynəlxalq konfransın plenar məruzəsində bu “təhlükəli perspektivləri” dəqiq təvir etmişdik (artıq o vaxtlar sadə tərcümə proqramları var idi və bu istiqamətdə sürətli inkişaf hiss edilirdi). Təhsil Nazirliyinin rəhbərliyinin və bəzi rektorların iştirak etdiyi həmin konfransda bildirmişdik ki, milli universitetlər gələcəkdə qlobal distant təhsil verən meqauniversitetlərə uduzacaq və milli universitet anlayışı tarixə qovuşacaqdır. Təəssüf ki, belə xəbərdarlıq da məmurların ali təhsilə olan münasibətini və məsuliyyətini dəyişdirə bilmədi. Sonrakı illər ərzində də TN və ETN uzaqgörənlik etmədi, verilən faydalı təklifləri heç vaxt qəbul etmədi. Təəssüf k i, təhsil məmurlarının “təmir-tikinti sevdası” reallığı görməyə imkan vermədi…
Sinxron tərcümə qurğuları yeni təhsil ekosistemin “dil interfeysi” kimi…
Sinxron tərcümə qurğuları yeni təhsil ekosistemin “dil interfeysi” rolunu oynayacaqdır. Yəni, təhsil məzmun və texnologiya baxımından qlobal olur, lokallaşma sadəcə dil səviyyəsində təmin edilir.
Qlobal təhsil bazarında yeni bir dövr başlayır. Bu mərhələdə distant təhsil verən meqauniversitetlərin hegemonluğu və zəif milli universitetlərin müflisləşməsi və qapanması prosesləri vüsət alacaqdır.
Yeni, Sİ əsaslı, çoxdilli sinxron portativ tərcümə qurğuları distant təhsilin inkişafında sadəcə texniki yenilik deyil. Bu, qlobal təhsil bazarında iqtisadi, mədəni, geosiyasi və strateji dəyişikliklərin başlanğıcıdır. Bu texnologiya qlobal distant təhsilin inkişafını sürətləndirəcək, lider universitetlərə təhsili ucuz qiymətə 3-cü dünya ölkələrinə ixrac etməyə imkan verəcəkdir. Bu durum regional universitetləri ciddi rəqabətə məcbur edəcək (əksəriyyətini isə müflis edəcək), qlobal səviyyədə bilik transferini sürətlənəcəkdir. Bu “təhsil sunamisi” bir çox postsovet ölkələrinin universitetlərini yox edə bilər.
Eyni zamanda tərcümə texnologiyası üzərindən yeni “yumşaq güc” mexanizmi də yaranacaqdır.
Əgər postsovet ölkələrinin bir çox universitetləri distant təhsilin yeni dalğasını vaxtında anlayıb, strateji addımlar atmasa (buna vaxt çatacaqmı?), gələcəyin təhsil bazarında istehlakçı rolunda qalacaq, milli universitetləri isə bazardan sıxışdırılıb çıxarılacaq.
Diplomların tanınmaması kmi şoularla da bu prosesin qarşısını almaq mümkün olmayacaq, çünki, diplom artıq müsir dünyada heç kimə lazım deyil.
Amma vaxtında düzgün təhsil siyasəti ilə nələrsə etmək mümkün olardı. Distant təhsilə 25 il ərzində qadağa qoyan TN və ETN-nin kobud strateji səhvləri ölkəyə çox baha başa gələcəkdir.
Müəyyən fövqəladə addımlar atılarsa, bu texnologiya ölkəmizdə nəhayət ki, insan kapitalının inkişafı üçün tarixi fürsətə çevrilə bilər. Məsələn, keçən il “COURSERA” şirkəti ilə reallaşan milli layihə təşəbbüsləri kimi. Amma bunun da nə dərəcədə səmərəli təşkil edilməsi bizlərə məlum deyil, həm də bu layihə çox gecikdirilmiş idi. Daha doğru addım 15-20 il əvvəl milli “COURSERA” platformasının yaradılması ola bilərdi. Biz 2010-cu və 2012-ci illərdə TN və İN-ə bu təklifləri vermişdik.
İndiki durumda isə milli universitetlərimiz belə texnoloji inkişaf dalğası qarşısında çətin ki, tab gətirələr. Onlar nəinki qlobal təhsil bazarında, elə yerli təhsil bazarında da mövqelərini tezliklə itirəcəklər.
Universitetlərimiz bütün parametrlər üzrə lider universitetlərdən ən azı 20 il geridədir, rəqabətədavamlı deyillər, 25 il ərzində universitetlərimiz distant təhsil sistemi də yaratmadılar. Mütəxəssislərin distant təhsil sisteminin əhəmiyyəti barədə 25 illik təşviqatı da “prorab” təhsil məmurlarına təsir etmədi.
Uzun müddət ərzində təhsilin tərsinə qurulması və səriştəsiz idarəsi nəticəsində, həqiqətən də Prezident İlham Əliyevin dediyi kimi, “neft kapitalı tükənəndən sonra ölkəmizdə ağır vəziyyət yarana bilər”…
Dosent İlham Əhmədov”