“Verilən sual nəyi göstərir?..”
“Çünki rəsmi hesabatlar ictimaiyyət üçün anlaşılan və qaneedici deyil, aparılan işlərin nəticələri görünmür, qərarvericilərlə vətəndaş arasında funksional kommunikasiya yoxdur...”
Sosial şəbəkələrdə tez-tez verilən “Təhsil sistemində hansı boşluqlar var və bunları necə həll etmək olar?” sualı sadə görünür, amma əslində bu ictimai narahatlığın açıq təzahürüdür. Vətəndaş bu sualı ona görə "Feysbuk"(“Facebook") -da verir ki, institusional mexanizmlərdən cavab ala bilmir. Bu isə artıq problemin mahiyyətini açır: təhsildə boşluq təkcə məktəbdə, müəllimdə və ya proqramda deyil, idarəetmə və cavabdehlik sistemindədir.
“Facebook” niyə sorgu və cavab ünvanına çevrilib?..
“Facebook” və digər sosial şəbəkələr nə elmi təhlil platformasıdır, nə dövlət siyasətinin formalaşdığı məkandır, nə də strateji qərarların müzakirə edildiyi rəsmi mühitdir. Buna baxmayaraq, cəmiyyət sualı məhz orada verir. Çünki rəsmi hesabatlar ictimaiyyət üçün anlaşılan və qaneedici deyil, aparılan işlərin nəticələri görünmür, qərarvericilərlə vətəndaş arasında funksional kommunikasiya yoxdur. Bunlar klassik institusional boşluq simptomudur. Maraqlısı budur ki, nazir də təhsilin xilasını sosial şəbəkələrdə axtarır. Nazirin vaxtı ilə dediyi, “ … sosial şəbəkələrdə biz təhsilə dair elmi təkliflərə az rast gəlirik” fikri vaxtilə təhsil ictimaiyyətində təəccüb yaratmışdı. O vaxt biz bu məsələyə - sosial şəbəkələrdə təhsilə dair elmi təkliflər axtarılmasına dair bir məqalə də yazmışdıq (məqalənin adı: “ETN ARTİ-ni çökdürüb, FB-də elm axtarır?”).
Resurslar var, bəs nəticə niyə yoxdur?..
Mətnin ən kritik hissəsi məhz buradadır. Azərbaycan təhsil sistemi resurs baxımından “yoxsul” deyil, çünki:
1. ETN-nin illik təxminən 5 milyard manat büdcəsi,
2. Tərkibində 4–5 Agentlik (MÜTDA, EATDA, PTDA, TKTDA və s.),
3. ARTİ – tədqiqat institutu,
4. TİF – Təhsilin İnkişaf Fondu,
5. 51 universitet – hər biri potensial tədqiqat mərkəzi,
6. AMEA-dan ETN-ə birləşdirilmiş 30–40 institut,
7. Üstəlik də xarici və daxili dövlət qrantları və layihələr var.
Normal idarəetmə məntiqinə görə, bu qədər struktur ildə onlarla fundamental və tətbiqi tədqiqat, təhsil siyasətinə dair açıq analitik hesabatlar, sübut əsaslı elmi qərarlar təklif
etməli idi. Amma reallıqda cəmiyyət bu suallara hələ də cavab tapa bilmir: hansı problemlər təhlil edilib və təkliflər verilib? Hansı layihə təhsildə nəyi dəyişib? Hansı təhsil tədqiqatı hansı qərara əsas olub?
Layihə bolluğu – nəticə yoxluğu paradoksu...
Nazirin vaxtilə parlamentdə səsləndirdiyi rəqəm xüsusilə düşündürücüdür:
“İldə təhsilə dair 700-ə yaxın layihə icra edirik, bunlara 600 milyon manata yaxın vəsait xərcləyirik.”
Bu rəqəmlər iki ehtimal yaradır: ya layihə anlayışı həddən artıq devalvasiya olunub, ya da layihələr nəticə yox, proses üçün icra edilir. Hər iki halda problem eynidir: hesabatlılıq və təsir ölçümü yoxdur. Layihə problemi dəqiq tanımlamırsa, ölçülə bilən nəticə vermirsə, siyasətə təsir etmirsə, o, sadəcə büdcə xərcləmə mexanizminə çevrilir. Amma elmdən söhbət gedəndə nazirlik başqa cür danışır: biz prosesləri yox, nəticələri maliyyələşdiririk. Bəs nəticəsi görünməyən 700 layihəyə niyə 600 milyon israf edilib?..
Təcrübə artdıqca susqunluq niyə başlayır?..
Maraqlıdır, nazirlik əvvəl açıqlanan rəqəmləri, sonradan isə bir daha səsləndirmədi? Bu, adətən üç səbəbdən olur: rəqəmlərin ictimai reaksiyaya səbəb olması, nəticəsiz xərclərin izah edilə bilməməsi, şəffaflığın riskli sayılması. Bu onu göstərir ki, təhsilin idarəedilmə sistemi öyrənən sistem kimi deyil, özünü qoruyan sistem kimi işləyir.
Əsl boşluq bəs haradadır?..
Təhsil sistemində əsas boşluqlar bunlardır:
1. Sübut əsaslı siyasətin olmaması. Qərarlar tədqiqatlara yox, inzibati intuisiya və situativ reaksiyalara əsaslanır.
2. Şəffaflıq və açıq hesabat mexanizmlərinin yoxluğu. Layihələr var, amma nəticələr açıq deyil.
3. Universitetlərin tədqiqat missiyasının formal qalması. 51 universitet var, amma milli təhsil siyasətinə real analitik töhfə görünmür.
4. İctimai dialoqun institusional deyil, spontan olması. Vətəndaş sualı Facebook-da verir, çünki rəsmi platforma işləmir.
Bəs qaldırılan sual harada verilməlidir?..
Vətəndaşın sualı səhv deyil. Ünvan yanlışdır – amma bu, vətəndaşın yox, sistemin günahıdır...
Əgər 5 milyardlıq büdcə, onlarla institut, yüzlərlə layihə təhsil cəmiyyətinə aydın cavab verə bilmirsə, deməli, problem müəllimdə, şagirddə və ya valideyndə deyil, problem idarəetmə fəlsəfəsindədir. Təhsil “Facebook” statusları ilə yox, açıq analitika, ölçülə bilən nəticələr və ictimai hesabatlılıqla idarə olunur. Bu mexanizmlər qurulmayana qədər suallar sosial şəbəkələrdə veriləcək, cavablar isə ya emosional, ya da təsadüfi qalacaq...
Dosent İlham Əhmədov