“Müəllimə güllə atanlar təkcə şagirdlər deyil, həm də təhsildən uzaq idarəçilərdir...- Gəlin müəllimi qoruyaq!..
Elm və Təhsil
842
10:40, Bu gün

“Müəllimə güllə atanlar təkcə şagirdlər deyil, həm də təhsildən uzaq idarəçilərdir...- Gəlin müəllimi qoruyaq!.."

“Hadisəni törədən şəxs hüquqi baxımdan tam məsuliyyət daşıyır. Bunu müzakirə etmək yersizdir. Amma sosial məsuliyyət baxımından sual daha ağırdır:
“Bu şagird niyə müəllimə atəş açmağı mümkün hesab etdi?..””
 
“Təhsil idarəetməsinin ən böyük səhvi məktəbi menecerləşdirməkdir. Müəllimi hədəf seçənlər, onu topa tutanlar, ona güllə atanlar təkcə şagirdlər deyil, həm də təhsildən uzaq idarəçilərdir...”
 
“Müəllimə atəş açılan ölkədə təkcə bir müəllim yaralanmır. Orada dövlətin intellektual gələcəyi, məktəbin müqəddəsliyi və cəmiyyətin mədəni sərhədləri yaralanır, sonda 22 ilə qura bilmədiyimiz  insan kapitalı və onun memarı yaralanır…”  
 
“Bu güllə bir xəbərdarlıq oldu: müəllimi müdafiə etməyən cəmiyyət gələcəyini müdafiə edə bilməz…”
 
Moderator.az aktuallığını nəzərə alaraq təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun fevralın 6-da Bakıda- “İdrak” liseyində şagirdlərdən birinin öz müəlliməsinə atəş açaraq onu yaralaması ilə nəticələnmiş faciəvi olayla bağlı qələmə aldığı “Müəllimə atılan güllə: gəlin müəllimləri qoruyaq...” başlıqlı növbəti yazısını dəyərli oxucuların müzakirəsinə buraxır:

Bu faciə şagird-müəllim münasibətlərindəki ani emosional gərginliyin nəticəsi deyil. Bu, Azərbaycan təhsil sistemində illərlə yığılıb qalan idarəetmə böhranının və müəllim nüfuzunun sistemli aşınmasının görünən nəticəsidir.

Hadisə kriminal fakt ola bilər, amma onun yaratdığı mənzərə sosial və idarəetmə böhranıdır.

Mətbuatda “müəllimə atılan güllə bütün Azərbaycan təhsilinə atılan güllədir” ifadəsi səslənir. Bu, eyni zamanda gecikmiş etirafdır. Çünki bu güllə təhsilə bu gün atılmayıb — sadəcə bu gün onun səsi eşidildi. Əslində illərlə davam edən görünməyən “atəş” vardı: müəllimin nüfuzuna, peşə kimliyinə, sosial statusuna və mənəvi dayaqlarına qarşı sistemli hücumlar.

Bu hadisəni yalnız “şagirdin cinayəti” kimi təqdim etmək məsələni bağlamağın ən rahat yoludur. Günahkarı tapmaq sistemin məsuliyyətini unutdurur. Halbuki problem təkcə bir şagirdin psixoloji durumunda deyil. Problem ondadır ki, bu şagirdin içindəki aqressiya sosial mühitdə formalaşıb və təhsil sistemi həmin aqressiya qarşısında müəllimi qoruya bilməyib.

Əslində baş verən təsadüfi hadisə deyil. Bu, uzun illər ərzində müəllimi qorumaq əvəzinə onu zəiflədən idarəetmə modelinin qaçılmaz nəticəsidir.
Müəllimə qarşı zorakılıq yalnız fiziki hücumdan ibarət deyil. Ən təhlükəli zorakılıq müəllimi cəmiyyətin gözündə “günahkar tərəf”ə çevirməkdir.

Son illərdə müəllim obrazı iki istiqamətdə aşındırıldı:
 

1. Müəllimi səriştəsiz göstərmək (hamını savadsız kimi təqdim etmək).
2. Təhsildəki problemlərin məsuliyyətini müəllimin üzərinə yükləmək.

Bu yanaşma həm mediada, həm də idarəetmə tərzində açıq görünür. Müəllim daim “imtahan nəticəsi” ilə ölçüldü, kəmiyyət statistikası ilə dəyərləndirildi, insani tərəfi arxa plana keçirildi. Nəticədə müəllim dövlətin himayəsində olan peşəkar yox, ictimai tənqid hədəfinə çevrildi.

Bu isə şagird psixologiyasına təhlükəli mesaj verdi:

“Müəllim qorunmur, müəllim zəifdir, müəllim toxunulmaz deyil...”

Bu gün həmin mesaj fiziki zorakılığa çevrildi.

Təhsil idarəetməsinin ən böyük səhvi məktəbi menecerləşdirməkdir. Son illərdə məktəb “müəllim mərkəzli” institutdan çıxıb “menecer mərkəzli” struktura çevrildi. Bu modeldə müəllim qərarverən deyil, strateji tərəfdaş deyil, icraçı və hesabat verən fiqurdur.

Belə mühitdə müəllim özünü məktəbin sahibi yox, muzdlu işçisi kimi hiss edir. Halbuki müəllim işçi deyil — təhsil mədəniyyətinin daşıyıcısıdır.
Menecer mərkəzli sistemin ən təhlükəli nəticəsi budur: müəllimin hüquqları və nüfuzu kağız üzərində qalır, real həyatda isə müəllim tənha qalır. Bu isə onun sosial-psixoloji müdafiəsini zəiflədir.

Son illərdə müəllimə qarşı sosial təzyiqi artıran əsas səbəblər bunlardır:

-müəllim maaşının həyat standartlarına uyğun olmaması;

-repetitorluğun sistemə paralel alternativə çevrilməsi;

-müəllimin valideyn qarşısında hüquqsuz qalması;

-məktəbdə müəllimin deyil, şikayət mexanizminin üstün olması;

-müəllimin sosial mediada asanlıqla hədəfə çevrilməsi;

-müəllimin təhsil, tərbiyə, psixologiya, hesabat və bürokratik yük daşıması.

Bu şəraitdə müəllim cəmiyyətin “intellekt istehsalçısı” rolundan çıxıb “psixoloji cəbhə əsgəri”nə çevrilir. Amma ona nə qalxan verilir, nə də müdafiə sistemi qurulur.
Nəticədə müəllim yanır, bezir, qorxur, susur. Susan müəllim isə artıq tərbiyə edə bilmir. Çünki tərbiyənin əsas şərti müəllimin daxili gücüdür.
Ən təhlükəli nəticə müəllimin toxunulmazlıq statusunun itməsidir. Təhsil sistemi müəllimi qoruyacaq hüquqi və psixoloji mexanizmləri gücləndirməyəndə, müəllim “toxunulmaz peşə” statusunu itirir. Bu status itəndə məktəb də məktəb olmur.

Məktəb yalnız bina deyil. Məktəb müəllimin cəmiyyətdəki yeridir. Müəllimin cəmiyyətdəki yeri isə onun sinifdəki gücünü müəyyən edir. Əgər müəllim küçədə nüfuzdan düşürsə, sinifdə də zəifləyir. Bu isə təlim-tərbiyənin məhvidir.

Şagird günahkardırmı? Bəli. Amma təkcə o yox.

Bir insanın cinayət törətməsi üçün təkcə qəzəb yetmir. O, həm də həmin cinayətin “mümkün” olduğuna inanmalıdır. Bu inamı isə sosial mühit formalaşdırır.
Əgər təhsil sistemi müəllimi qoruyan institut olsaydı, bu şagird müəllimi hədəf seçməyə psixoloji cəsarət tapmazdı. Deməli, bu hadisə həm də təhsil sisteminin qoruyucu institut kimi zəiflədiyini göstərir.

Bu hadisə istənilən məktəbdə, istənilən müəllimə qarşı baş verə bilərdi...

Təhsil böhranının kökü müəllim mərkəzli sistemdən imtinadır. Ən böyük yanlışlıq budur: islahat adı ilə müəllimi əsas sima kimi görməkdən imtina edildi.
Halbuki təhsilin birinci qanunu budur: müəllim güclü deyilsə, təhsil güclü ola bilməz.

Dünyanın heç bir ölkəsində müəllimi alçaldıb onu bürokratik mexanizmə çevirib, sonra da yüksək nəticə gözləmək mümkün deyil. Təhsilin gücü kurikulumda, platformada, rəqəmsal sistemdə deyil. Təhsilin gücü müəllim şəxsiyyətindədir.

Bəs çıxış yolu nədir?..

Müəllimin müdafiə sistemini qurmaq lazımdır.

Bu hadisə bir daha göstərdi ki, Azərbaycan təhsili yalnız proqramlarla deyil, müəllimin təhlükəsizliyi və statusu ilə xilas ola bilər. Bunun üçün məktəblərdə real təhlükəsizlik qaydaları, müəllimin hüquqi müdafiəsi, valideyn-məktəb münasibətlərində sərhədlərin müəyyənləşdirilməsi, şagird davranışına qarşı psixoloji və intizam mexanizmlərinin yenilənməsi, müəllimə qarşı zorakılığın “cəmiyyətə qarşı cinayət” kimi qəbul edilməsi, ən əsası isə müəllimə münasibətdə məmur ritorikasının dəyişməsi lazımdır.

Müəllimi yalnız hesabat və statistika ilə idarə edən sistem onu qorumağı bacarmayacaq.

Bu faciə bir xəbərdarlıqdır. “Sonuncu güllə olsun” arzusu ilə kifayətlənmək olmaz. Arzu lazımdır, amma arzu sistem yaratmır.
Bu güllə bir xəbərdarlıq oldu: müəllimi müdafiə etməyən cəmiyyət gələcəyini müdafiə edə bilməz.
Bu gün bir müəllim hədəf oldu. Sabah bu hədəf universitet ola bilər, elm ola bilər, düşüncə ola bilər.
Müəllimi qorumaq təkcə müəllimi qorumaq deyil — bu, ölkənin sabahını qorumaqdır.
Çünki müəllimdən yüksək ad yoxdur.
Gəlin onu qoruyaq...
 

Dosent İlham Əhmədov"

 
Link kopyalandı!
Son xəbərlər