“Həyatımda Azərbaycan vətəndaşı üçün dəyərli nəyə nail olmuşamsa, həm də ona borcluyam...”- Sabiq icra başçısı
Elm və Təhsil
696
14:14, Bu gün

“Həyatımda Azərbaycan vətəndaşı üçün dəyərli nəyə nail olmuşamsa, həm də ona borcluyam...”- Sabiq icra başçısı

“O, barəsində yalnız xoş sözlər danışılası bir insan, bir müəllim, bir ziyalı, bir ağsaqqal, bir rəhbər işçi olub. O  çox mənalı və fəxrolunası bir həyat yaşayıb...”
 
“Övladları, əzizləri kimi, mənim üçün də ən böyük niskil o oldu ki, torpaqlarımız, o cümlədən əziz Laçınımızın doğma Ağanus kəndi, Bağırbəyli obası işğaldan azad olunandan sonra Ağayar müəllimin səhhəti ona torpaqları ziyarət edərək ata-baba yurdunu görməyə imkan vermədi...”
 
...Onu dünyanı dərk etməyə başladığım uşaqlıq çağlarımdan tanıyırdım. Hafizəmdə daim  yaraşıqlı, təmiz, səliqəli geyimli, ciddi bir müəllim, gözəl, ədalətli bir insan kimi qalıb... 
 
Tale elə gətirmişdi ki, rəhmətlik atam Məhərrəm Cəbrayılov onun ibtidai sinif müəllimi, o isə mənim və digər qardaş-bacılarımın müəllimi, eyni zamanda təhsil aldığımız Laçın rayonu Ağanus kənd məktəbinin direktoru olmuşdu... 
 
Ağayar Sultan oğlu İsmayılov...
Ağayar müəllimin gözəl, nurani siması, səlis nitqi, şux yerişi heç zaman gözümün önündən getmir və getməz... İşdə, tədris prosesində, müəllim, şagird və müəllimlərlə rəftarında ciddi olduğu qədər də sadə, təvazökar, mehriban bir insan idi. Nəinki doğma kəndimizdə, qonşu kəndlərdə də, rayon mərkəzində də ona hansısa məsələ, müşküllə bağlı müraciət edən hər bir kəsin dadına çatmağa çalışardı. Onu tanıyanlar, onunla ünsiyyətdə olanlardan kiminsə Ağayar müəllimdən inciyib-küsdüyünü təsəvvürə belə, gətirə bilmirəm... 
 
Atası Sultan Əbdüləli oğlu İsmayılov II Cahan müharibəsində itkin düşmüşdü. Qardaş və bacılarıyla birgə babası Əbdüləli bəyin və nənəsi Səadət xanımın himayəsində böyümüş, müharibə və ondan sonrakı illərin hər ağrı-acısını yaşamışdı... 
 
Ot kökü üstündə bitər... Babası Əbdüləli bəy 1905-1906 və 1918-1920-ci illərdə erməni işğal və terroruna qarşı mübarizə aparan kişilərdən biri olub. 1905-1906-cı illərdə Rusiya imperiyası tərəfindən müsəlman, azərbaycan kişilərindən fərqli olaraq məcburi xidmətə göndərilən ermənilərin silahlardan daha yaxşı istifadə etdiyinin şahidi olduqdan sonra  o, 1914-cü ildə məhz o dövrün müxtəlif atıcı silahlarına mükəmməl yiyələnmək məqsədilə könüllü şəkildə I Cahan müharibəsinə yollanmış, Çar hökumətinin neçə-neçə qəhrəmanlıq medallarına layiq görülmüşdü... 
Əbdüləli bəy hətta 1941-ci ildə- artıq 80-ə yaxın yaşı olduğu bir vaxtda Sovet hökumətinin müvafiq qurumlarına müraciət edərək oğlu Sultanın yerinə özünün cəbhəyə göndərilməsini xahiş etmişdi... O, oğlunun savaşa yollanmasından sonra ömür-gün yoldaşıyla birgə Ağayar müəllimə və onun qardaş-bacılarına bacardığı qədər qayğı göstərmiş, onlara ata yoxluğunu hiss etdirməmişdi...
 
Bütün çətinliklərə rəğmən Ağayar İsmayılov ali təhsil almış və 1952-ci ildə hələ qiyabi təhsil ala-ala öz doğma kəndinin məktəbində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris etməyə başlamış və Bağırbəyli, eləcə də ətraf obalarda böyük hörmətə, nüfuza malik bəy babası və atasına layiq bir övlad kimi yetişdiyini isbatlamışdı... 
 
O illərdən bəri kəndimizin ən kiçiyindən ən yaşlılarınadək - hər bir sakininin savadlanmasında Ağayar müəllimin xidmətləri böyükdür... O zaman ağır 20-30-cu və sonrakı müharibə illərində savad ala bilməmiş yaşlılar üçün axşam kursları keçirilirdi ki, Ağayar müəllim həmin kursların aparıcı müəllimlərindən olmuşdu... 
 
1961-ci ildən o, Ağanus kənd səkkiz illik məktəbinin direktoru təyin olunub və o gündən ta 2011-ci ilədək, yəni düz 50 il müddətində ardıcıl olaraq bu təhsil ocağının rəhbəri kimi çalışdı... 1960-1970-ci illərdə - sovet sisteminin ciddi vaxtlarında sayına görə kiçik bir dağ kəndi məktəbinin hər il 10-15 məzununun böyük əksəriyyəti ali məktəblərə, qalan bir neçəsi isə texnukumlara, ən azı texniki peşə məktəblərinə daxil olurdu. Bir sözlə, məktəbimizin heç bir məzunu təhsilsiz, işsiz-gücsüz qala bilməzdi.  Bu, Ağayar İsmayılovun həm bir pedaqoq, müəllim, eyni zamanda bir təşkilatçı, idarəçi kimi savadının, bacarığının, işgüzarlığının, işinə yetərincə ciddi yanaşmasının, tələbkarlığının və bütün bu keyfiyyətlər sayəsində seçmə müəllim kadrlarından ibarət mükəmməl bir pedaqoji kollektiv formalaşdırmasının nəticəsi idi... 
Ağayar İsmayılov yetirmələri arasında: sağda Laçın Rayonu İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Cəbrayılov, solda  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müşaviri Amil Cavadov 
 
Yarım əsrdən bir çox müddətdə Ağanus kənd məktəbini bitirənlər arasında neçə-neçə alimlər, müəllimlər, həkimlər, mühəndislər, pedaqoqlar, hərbçilər, təyyarəçilər, polkovniklər və s. yetişib. Və onlar hamısı daim həyatda qazandıqları uğurlarına görə Ağayar müəllimə minnətdarlıq ediblər və edirlər. Mən də bir insanlıq, pedaqoqluq və rəhbərlik nümunəsi olan bu gözəl müəllimimə ömrüm boyu duaçı olan şagirdləri sırasındayam. Bu günədək həyatımda nə əldə etmişəmsə, hansı uğurlara nail olmuşamsa, bütün bunları ata-anamla yanaşı, məhz Ağayar müəllimin verdiyi savad, təhsil, təlim-tərbiyə sayəsində etmişəm...
 
Ağayar müəllimin gözəl pedaqoqluğu, müəllimliyi ilə yanaşı xalqa, dövlətçiliyə, Azərbaycana, doğma yurdu Laçına, el-obasına bağlılığı və xüsusən də bir ağsaqqal olaraq idarəçilik, insanlara təsir qabiliyyəti özünü daha çox 1992-ci ildən başlanan didərginlik illərində göstərdi. Laçının və doğma kəndinin işğalından sonra ailəsi ilə birlikdə müvəqqəti olaraq Bərdə rayonunda məskunlaşmış Ağayar İsmayılov böyük çətinliklər hesabına olsa da, Ağanus kənd tam orta məktəbinin fəaliyyətini bərpa etdi və həmin məktəbə şagirdlərindən biri olmuş şəhid Milli Qəhrəman İsrafil Şahverdiyevin adının verilməsinə də nail oldu. Məcburi köçkünlük dövrünün 20 ilə yaxın bir müddətində yenə də doğma məktəbə rəhbərlik etmiş Ağayar müəllim o həm mənəvi, həm maddi, fiziki cəhətdən ağır illərdə də həmin təhsil ocağının ad-sanını qorudu. Ağanus məktəbinin məzunları burada da yüksək göstəricilər əldə edərək ali məktəblərə daxil oldu, müxtəlif ixtisaslara yiyələnərək öz müəllimlərinin adlarını ucaltdılar...
Laçın rayonu Milli Qəhrəman İsrafil Şahverdiyev adına Ağanus kənd tam orta məktəbinin işğaldan sonra -1992-1993-cü illərdə Bərdə şəhərində  ilk məzunları...
 
Ağayar müəllim didərginlik illərində məktəb direktorluğu ilə yanaşı, Laçın rayon rəhbərliyinin çağırışı ilə ictimai əsaslarla rayonun Bərdə rayonu üzrə nümayəndəsi işinin ağır çox ağır yükünü də çiyinlərində daşımağa başladı. Mən uzun illər rayonun rəhbər vəzifələrində çalışmış bir şəxs kimi 1992-ci ildən bəri Ağayar müəllimin Bərdə rayonunun onlarla kəndində məskunlaşmış 15 minə yaxın laçınlının hər birinin müxtəlif qayğı və problemləri ilə necə məşğul olduğunun, qəlblərində köçkünlüyün min ağrı-acısını daşıyan cürbəcür xarakterli insanlarla bir pedaqoq kimi necə davrandığının, onların heç birini narazı salmadığının şahidi olmuşam...  
 
Ağayar İsmayılov hələ sovet dövründə bir pedaqoq kimi müxtəlif mükafatlara layiq görülmüş, qabaqcıl maarif xadimi adını almış, dəfələrlə Bakıya, Moskvaya, Leninqrada və SSRİ-nin digər şəhərlərinə respublika və ümumittifaq səviyyəli tədbirlərə göndərilmişdir... Yaxşı ki, Azərbaycanın müstəqil olduğu illərdə də, gec də olsa, artıq ahıl yaşlarında ona yetərincə layiq olduğu respublikanın əməkdar müəllim adı verildi. Tam əminliklə deyə bilərəm ki, öz savadı, bacarığı, işgüzarlığı, təşkilatçılığı və ən başlıcası, insanpərvərliyinə, xalqa, dövlətçiliyə sadiqliyinə görə Ağayar İsmayılov daha böyük vəzifə və mükafatlara layiq bir şəxsiyyət idi...
Övladları, əzizləri kimi, mənim üçün də ən böyük niskil o oldu ki, torpaqlarımız, o cümlədən əziz Laçınımızın doğma Ağanus kəndi, Bağırbəyli obası  işğaldan azad olunandan sonra Ağayar müəllimin səhhəti ona torpaqları ziyarət edərək ata-baba yurdunu görməyə imkan vermədi. Özüm dəfələrlə hazırlaşırdım ki, onu bu müqəddəs ziyarətdə öz avtomobilimdə şəxsən müşayiət edim. Təəssüf ki,  kəndimizə əziz müəllimimlə birgə qayıdış qismətimiz olmadı... 
 
Ağayar müəllimin ömrünün 80-ci ilində bizləri heyrətləndirən və ona olan rəğbətimizi, sevgimizi artıran daha bir addım atdı. O, sonuncu dəfə 8 yaşında gördüyü, 72 il həsrəti ilə yaşadığı, vaxtilə babasının, yaxın qohumlarının on illərlə axtarışlardan sonra barəsində dəqiq məlumat əldə edə bilmədiyi II Dünya savaşında itkin düşmüş atasının – Sultan İsmayılovun məzarını, nəhayət,  yaşının o çağında 3 min kilometrədək məsafə qət edərək Ukrayna ərazisində- Xerson vilayətində, Dnepr çayının sahilində yerləşən ucqar bir kənddə taparaq ziyarət etdi. Məlum oldu ki, atası 1944-cü il fevralın 17-də Ukrayna torpaqlarını Hitler faşizmindən müdafiə edərkən qəhrəmancasına həlak olub. Ağayar müəllimin atasının məzarını ziyarəti ilə bağlı Ukrayna Veteranlar Şurasının və kənd icra nümayəndəliyinin təşkilatçılığıyla tədbir keçirildi. Kiyev mərkəzi telekanalından müxbirlər həmin tədbiri işıqlandırdı, azərbaycanlı Sultan İsmayılovun Ukrayna torpağını müdafiə edərkən göstərdiyi qəhrəmanlıq barədə yerli sakinlərin çıxışlarını,  atasının uyuduğu məzarlığı ziyarət edərkən Ağayar İsmayılovun müsahibəsini, ürək sözlərini səsləndirdi, nümayiş etdirdi... Atasının məzarını ziyarəti ilə o, son övladlıq borcunu da yerinə yetirməklə öz övladları kimi gənclərimizə, o cümlədən şagirdlərinə də daha bir nümunə göstərdi...
Ağayar müəllimin bir insan, pedaqoq, ziyalı, idarəçi şəxs kimi keyfiyyətləri və gözəl, unudulmaz əməlləri barədə günlərlə danışmaq olar. O, yalnız bizim el-obanın yox, rayonun dəyərli bir ziyalısı, ağsaqqalı, həm rayon, həm ümumiyyətlə, Azərbaycan təhsil sistemində özünəməxsus izi olan bir pedaqoq, respublikamız üçün dəyərli bir vətəndaş, övladları üçün gözəl bir ata, ailə başçısı, biz şagirdləri üçün əvəzolunmaz bir müəllim olub.  Onun bizlərdən ayrılaraq  haqq dünyasına qovuşması xəbəri məni çox sarsıtdı. Bu gün onun övladları, doğmaları və yetirmələri kimi mən də onun yoxluğunu heç cür qəbul edə bilmirəm... İnanın ki, bu sətirləri göz yaşları içində yazıram... 
 
İnsan var ki, iki yüz ildə yaşasa, özünə cəmiyyətdə zərrə qədər də hörmət qazanmır. Amma Ağayar müəllim öz əqiqəsi və əməlləriylə, adi kəlmələri, davranışlarıyla onu tanıyanlar arasında əvəzolunmaz bir boşluq qoyub getdi. O, barəsində yalnız xoş söz danışılası bir insan, bir müəllim, bir ziyalı, bir ağsaqqal, bir rəhbər işçi olub. O  çox mənalı və fəxrolunası bir həyat yaşayıb...
 
Sonda bir daha təkrar edirəm ki, mən bu 65 yaşımadək Azərbaycan vətəndaşı üçün müsbət, dəyərli nəyə nail olmuşamsa, bütün bunlara görə valideynlərimlə bərabər mənim dəyərli ağsaqqalım, heç vaxt unudulmayacaq əvəzedilməz müəllimim Ağayar İsmayılova qəbir evinə qədər borcluyam...
 
Gözəl müəllimim, dəyərli ağsaqqalım, Allah sənə qəni-qəni rəhmət eləsin, məkanın Behişt olsun!..
 
Ramiz Cəbrayılov, Laçın Rayonu İcra Hakimiyyətinin sabiq başçısı.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər