“Süni intellekt  Elm və Təhsil Nazirliyinin yerinə düşünəcək?  Strategiya quracaq? Dəyər seçəcək?..”
Elm və Təhsil
539
17:47, Bu gün

“Süni intellekt  Elm və Təhsil Nazirliyinin yerinə düşünəcək?  Strategiya quracaq? Dəyər seçəcək?..”

“Süni intellekt xilas deyil: təhsildə fəlsəfə yoxdursa, texnologiya böhranı dərinləşdirər...”
 
“Süni intellekt yaxşı təhsili daha yaxşı, pis təhsili isə daha pis edəcək. Bu, sadə tezis deyil, struktur qanunauyğunluğudur...”
 
“Ən təhlükəli məqam budur: təbii intellekt zəifdirsə, süni intellekt təhlükəyə çevrilir...”
 
“Süni intellekt yaxşı təhsili daha yaxşı, pis təhsili isə daha pis edəcək. Bu, sadə tezis deyil, struktur qanunauyğunluğudur. Əgər  məqsədlər aydın deyilsə, müəllim peşəsi dəyərsizləşilibsə, kurikulum formallığa çevrilibsə,qiymətləndirmə mexaniki test məntiqinə söykənirsə, o zaman süni intellekt bu boşluğu doldurmayacaq, əksinə, bu boşluq daha da sürətlə böyüyəcək.”
 
Bu fikirləri Moderator.az-a açıqlamasında tanınmış təhsil eksperti ADPU-nun dosenti İlham Əhmədov elm və təhsil naziri Emin Əmrullayevin Azərbaycan təhsil sisetmində süni intellektin tətbiqi ilə bağlı yeni bəyanatlarını şərh edərkən dilə gətirib. 
 
“Elm və Təhsil naziri bu ərəfədə təhsil sistemində süni intellektin tətbiq ediləcəyi və beləliklə təhsilimizdəki bir çox problemlərin az zamanda həll ediləcəyinin anonsunu verdi.  İnanaqmı?”- deyə sual edən ekspert cavabında belə deyib: 
 
“Hər işin öz fəlsəfəsi var: təhsilin də, süni intellektin də.  Bu tezis müasir Azərbaycan təhsilində baş verənlərin mahiyyətini yaxşı açır. Çünki problem süni intellektin olub-olmamasında deyil,  problem süni intellektdən nə gözlənildiyində və onun hansı sistem üzərinə yerləşməsindədir.
Son illər təhsil idarəçiliyində belə fikir formalaşır ki, guya süni intellekt gələcək və mövcud problemləri avtomatik həll edəcək. Halbuki tarix, iqtisadiyyat və idarəetmə təcrübəsi göstərir ki, texnologiya heç vaxt sistemi xilas etmir - onu ya gücləndirir, ya da dağıdır.”
 
“Yaxşı sistemi yaxşılaşdıran, pis sistemi çökdürən alət…”
 
İlham Əhmədov hesab edir ki, süni intellekt yaxşı təhsili daha yaxşı, pis təhsili isə daha pis edəcək. Bu, sadə tezis deyil, struktur qanunauyğunluğudur:
 
“Əgər  məqsədlər aydın deyilsə, müəllim peşəsi dəyərsizləşilibsə, kurikulum formallığa çevrilibsə,qiymətləndirmə mexaniki test məntiqinə söykənirsə, o zaman süni intellekt bu boşluğu doldurmayacaq, əksinə, bu boşluq daha da sürətlə böyüyəcək. SI səhv strategiyanı düzəltmir. O, səhv strategiyanı optimallaşdırır…”
 
“Nazirliyin əsas səhvi texnologiyanı siyasətlə əvəz etməsidir…”
 
Alim deyir ki, təhsildə SI ilə bağlı yanaşmalarda təhlükəli ideya var: sanki süni intellekt gəlib idarəetmə zəifliyinin yerini tutacaq: 
 
“Süni intellekt  Elm və Təhsil Nazirliyinin yerinə düşünəcək?  Strategiya quracaq? Dəyər seçəcək?
Təbii ki, yox. Süni intellekt məqsəd seçmir, dəyər formalaşdırmır, məsuliyyət daşımır.
Bunlar yalnız insan və institutların funksiyasıdır. Bu funksiyalar zəifdirsə, SI onları əvəz etmir, görünməz edir...”  
 
“Xaosun rəqəmsallaşması rəqəmsal xaos yaradır…”
 
“Əgər təhsil sistemində proseslər tərsinə qurulubsa, nəticə məqsəddən qabağa keçibsə, hesabat real keyfiyyəti əvəz edibsə, naşılar peşəkarların yerini tutubsa, o zaman süni intellekt bu xaosu “ağıllı” etməyəcək. Sadəcə xaotik prosesləri daha sürətli, daha miqyaslı və daha ölçülməz hala gətirəcək. Bu vəziyyət “rəqəmsal xaos” adlanır.  Bu zaman çox platforma, çox data olur, amma  az məna yaranır. Belə mühitdə nə müəllim güclənir, nə də şagird inkişaf edir, yalnız sistem öz-özünü statistik olaraq "doğruldur"”, - davamında alim-pedaqoq diqqətə çatdırıb.
 
“Təbii intellekt zəifdirsə, süni intellekt təhlükəyə çevrilir…”
 
“Ən təhlükəli məqam budur: təbii intellekt zəifdirsə, süni intellekt təhlükəyə çevrilir.
Əgər idarə edənlər analitik düşünmürsə, qərarverənlər səbəb–nəticə əlaqəsi qurmursa, sistem refleksiya qabiliyyətini itiribsə, o zaman süni intellekt səhvləri ört-basdır edir, məsuliyyəti alqoritmə ötürür, insanın düşünmə ehtiyacını azaldır. Bu isə artıq texnoloji məsələ deyil, insan inkişafının böhranıdır”, -davamında ekspert diqqətə çatdırıb.
 
“Alət neytraldır, amma əl neytral deyil…”
 
İlham Əhmədov hesab edir ki, süni intellekt bir alətdir – baxır kimlərin əlindədir: 
 
“Bu tezis sadə görünsə də, dərin siyasi və etik məna daşıyır.  Eyni texnologiya düşünən müəllimin əlində təlimi dərinləşdirir, formal idarəçinin əlində isə təhsili mexanikləşdirir. Bu səbəbdən "SI tətbiq edəkmi?" sualı yox,  "bizim təhsil fəlsəfəmiz varmı?” sualı verilməlidir.
Hökmən əvvəl fəlsəfə olmalıdır, sonra alqoritm. Azərbaycan təhsilində süni intellekt islahatın başlanğıcı ola bilməz, yalnız islahatın nəticəsi ola bilər…”
 
“Əvvəlcə insan kapitalı anlayışı, müəllimin statusu, təhsilin məqsədi, dəyər sistemi müəyyənləşməlidir. Sonra isə texnologiya. Əks halda, süni intellekt xilas yox, deqradasiya aləti olacaq. Beləliklə, süni intellekt təhsili xilas etmir. Təhsilin nə olduğunu bilməyən sistemi isə daha tez ifşa edir”, -deyə təhsil eksperti vurğulayıb.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər