“Təhsil sahəsində əsassız özündən razılıq - sadəcə səhv deyil, milli təhlükəsizlik üçün təhdiddir...”   
Elm və Təhsil
169
12:52, Bu gün

“Təhsil sahəsində əsassız özündən razılıq - sadəcə səhv deyil, milli təhlükəsizlik üçün təhdiddir...”   

“Azərbaycanda təhsil sistemi  səhvi düzəltməkdən daha çox, səhvi  görməzliyə vurmaq haqqında düşünür...”
 
“Əsassız özünəinam heç vaxt  inkişaf  yaratmır, problemləri həll etmir,  əksinə, tənəzzülü  sürətləndirir...”
 
“Tarixən  inkişaf etmiş bütün təhsil sistemləri  özünütənqid mədəniyyəti üzərində qurulub.  Yaponiya, Finlandiya, Cənubi Koreya və s.  inkişaf etmiş təhsil sistemlərinə malik ölkələr  səhvləri gizlətmir,  obyektiv  təhlil edir, sənədləşdirir, səhvlər üzərində işi sistemə çevirirlər...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham  Əhmədovun  
“Səhvlərdən niyə nəticə çıxarılmır?” başlıqlı növbəti analitik yazısını təqdim edir: “Səhvlərdən niyə nəticə çıxarılmır?”
 
“Nailiyyətin təməlində səhvlərdən nəticə çıxarmaq, özünəinamın yüksək olması dayanır...”- Emin Əmrullayev
 
“Nailiyyətin təməlində səhvlərdən nəticə çıxarmaq dayanır, bəli. Amma təhsil menecerləri  nə səhvləri görürlər, nə də nəticə çıxarırlar. Deməli, hələ də  təhsildə nailiyyət olmayacaq.   Amma bu qədər səhvlərin, tənəzzülün, problemlərin olduğu halda, səhvlərdən nəticə çıxarılmırsa, menecerlər məsuliyyətlə işləmək, öyrənmək, çalışmaq əvəzinə, əsassız olaraq yüksək özünəinam,  özündənrazılıq  vəziyyəti daha da pisləşdirir. Çünki bu əsassız özünəinam, özündənrazılıq, heç vaxt  strateji sahə  olan təhsil sistemini  inkişaf etdirməz, problemləri həll etməz.
 
Bu sadə həqiqəti dərk etmək çətindirmi?..
 
Bu sual  gecikmiş olsa da, məntiqli və əsaslıdır. Təhsildəki əsas  problem  səriştəsizlik, səhv, qeyri-peşəkar  və məsuliyyətsiz  idarəetmədir.  Amma unutmayaq ki,  Azərbaycanın qarşısında çox ciddi bir tarixi çağırış dayanır. Ölkə prezidentinin də qeyd etdiyi kimi: “neftimiz, qazımız tükənəndən  sonra,  çox ağır vəziyyətə düşə bilərik.“    Prezidentin narahat  olduğu, cəmiyyəti bu haqda dəfələrlə  xəbərdar  etdiyi, ehtimallı gələcək,  hökuməti,  cəmiyyəti,   təhsil sistemini səfərbər etməyə yönələn bir çağırışdır.  Təəssüf ki, təhsil menecerlərinin fəaliyyətində hər hansı dönüş hiss edilmir. Niyə?.. 
 
Bu sadə həqiqəti dərk etmək çətindirmi?..
 
Söhbət  bilik və peşəkarlığın çatışmazlığından yox, məmurların  özünüqoruma mexanizmlərindən, vəzifə aludəçiliyindən, institusional məsuliyyətsizlikdən gedir.  
 
1.  Səhvi   görmək – məsuliyyəti öz üzərinə  götürmək deməkdir.  Səhvləri tanımaq - avtomatik olaraq qərar verən  orqanın (ETN) yanlış etdiyini, resursların boşuna xərcləndiyini, insanların (müəllimlələrin, şagirdlərin, tələbələrin)  talelərinin zərər gördüyünü qəbul etmək deməkdir.  Bu isə  məmur reputasiyası üçün  itki, post və status üçün təhlükə  riski yaradır. Ona görə də təhsil sistemi  səhvi düzəltməkdən daha çox, səhvi  görməzliyə vurmaq haqqında düşünür.   
Əgər menecerlər öz dedikləri sözlərə əməl etməyəcəklərdə, niyə bu fikirlər səsləndirirlər? Əgər səsləndirdikləri problemləri həll etməyəcəklərsə, niyə bu problemdən danışırlar? Səriştə azlığı var, yoxsa, resurs azlığı var? 
 
2. Əsassız özünəinam – məsuliyyətsizliyin və intellektual zəifliyin simptomudur.  Yüksək özünəinam peşəkarlıq, bilik, nəticə, ölçülə bilən uğurdan  qidalanmalıdır.  Əgər  nəticələr zəifdirsə, indikatorlar pisləşirsə, cəmiyyət narazıdırsa,  ölkə rəhbərliyinin strateji tapşırıqları (neft kapitalının insane kapitalına çevrilməsi çağırışları) uzun illər ərzində icra edilmirsə,  amma yenə də özündənrazı  ritorika davam edirsə – bu artıq ən azından səriştəsizliyin göstəricisidir.  Bu duruma   “Dunning–Kruger effekti” deyirlər. Yəni bilməyən, bilmədiyini də bilməyən, öz səriştəsini  həddindən artıq şişirdən,  tənqidi düşmən kimi qəbul edən menecer  öyrənmək və inkişaf etmək niyyətində olmur. Belələri bir qayda olaraq ölkə prezidentinin ictimai nəzarət haqqında tələblərini də daim pozur, yaratdıqları “İctimai Şuralar”ın fəaliyyətini iflic edir. Çünki, bu “şura”ların tərkibi də  menecerin istəyi əsasında formalaşır. 
 
3. Özünəinam yox, özünütənqid inkişaf yaradır.   Tarixən  inkişaf etmiş bütün təhsil sistemləri  özünütənqid mədəniyyəti üzərində qurulub.  Yaponiya, Finlandiya, Cənubi Koreya və s.  inkişaf etmiş təhsil sistemlərinə malik ölkələr  səhvləri gizlətmir,  obyektiv  təhlil edir, sənədləşdirir, səhvlər üzərində işi sistemə çevirirlər.  Bizdə isə menecerlərin  uğursuzluğu  “PR” kampaniya ilə örtülür, problemlər  statistik manipulyasiya ilə gizlədilir,  tənqid  “mənfi  mövqe”  kimi qiymətləndirilir.  Belə  şəraitdə nailiyyət mümkün deyil.
 
4. Strateji sahələrdə əsassız özünəinam daha  təhlükədir.  Təhsil kimi ciddi,  elmyüklü, mürəkkəb və dinamik  sahədə əsassız özünəinam, özündən razılıq,  “biz düz yoldayıq” ritorikası  sadəcə səhv deyil, milli təhlükəsizlik üçün təhdiddir.   Çünki  səhv gecikdikcə dərinləşir, insan kapitalı və təhsil sistemi zəifləyir, nəsillər itirilir, ölkənin gələcək qərarvermə potensialı  tədricən sıradan çıxır.  Burada artıq sual  “niyə inkişaf etmirik?” kimi yox,  “niyə hələ də menecerlərdə məsuliyyət hissi formalaşmayıb?” kimi olmalıdır. 
 
5. Reallıq isə belədir:  menecerlər işləmək, öyrənmək,  öyrətmək, inkişaf  barədə  yox, özünü və kreslosunu  qorumaq haqqında düşünürlər.   Bu sadə həqiqətin dərk olunmamasının əsas səbəbi  təhsil menecerlərinin  səhvlərdən öyrənmək yox, öz  statusunu, postunu qorumaq  istəyidir.  Belə  təhsil sistemlərində  səhvi etiraf etmək fəlakət, tənqid təhlükə,  özünəinam isə süni qalxandır. Bu halda ictimai mənafe, 1-2 nəfər menecerin şəxsi mənayeyinə qurban edilir. 
 
Səhvdən nəticə çıxarmaq üçün əvvəlcə səhvi görmək,  səhvi görmək üçün isə  yüksək peşəkarlıq,  səmimiyyət, cəsarət və məsuliyyət lazımdır.  Əsassız özünəinam heç vaxt  inkişaf  yaratmır, problemləri həll etmir,  əksinə, tənəzzülü  sürətləndirir... 
 
Bu sadə həqiqətin dərk edilməsi  menecerlər üçün çətindir, çünki o, təhsil sisteminin  özünü sorğu-suala çəkir.  Amma bu sualın qoyulması cavabdan daha vacibdir , çünki doğru sual vermək, hələ şansın  tam itirilmədiyini göstərir.  Bəlkə  səhvlərdən gec də olsa, nəticə çıxardaq?..”
 
İlham Əhmədov, dosent
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər