“Azərbaycanda təhsil sistemi səhvi düzəltməkdən daha çox, səhvi görməzliyə vurmaq haqqında düşünür...”
“Əsassız özünəinam heç vaxt inkişaf yaratmır, problemləri həll etmir, əksinə, tənəzzülü sürətləndirir...”
“Tarixən inkişaf etmiş bütün təhsil sistemləri özünütənqid mədəniyyəti üzərində qurulub. Yaponiya, Finlandiya, Cənubi Koreya və s. inkişaf etmiş təhsil sistemlərinə malik ölkələr səhvləri gizlətmir, obyektiv təhlil edir, sənədləşdirir, səhvlər üzərində işi sistemə çevirirlər...”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun
“Səhvlərdən niyə nəticə çıxarılmır?” başlıqlı növbəti analitik yazısını təqdim edir:
“Səhvlərdən niyə nəticə çıxarılmır?”
“Nailiyyətin təməlində səhvlərdən nəticə çıxarmaq, özünəinamın yüksək olması dayanır...”- Emin Əmrullayev
“Nailiyyətin təməlində səhvlərdən nəticə çıxarmaq dayanır, bəli. Amma təhsil menecerləri nə səhvləri görürlər, nə də nəticə çıxarırlar. Deməli, hələ də təhsildə nailiyyət olmayacaq. Amma bu qədər səhvlərin, tənəzzülün, problemlərin olduğu halda, səhvlərdən nəticə çıxarılmırsa, menecerlər məsuliyyətlə işləmək, öyrənmək, çalışmaq əvəzinə, əsassız olaraq yüksək özünəinam, özündənrazılıq vəziyyəti daha da pisləşdirir. Çünki bu əsassız özünəinam, özündənrazılıq, heç vaxt strateji sahə olan təhsil sistemini inkişaf etdirməz, problemləri həll etməz.
Bu sadə həqiqəti dərk etmək çətindirmi?..
Bu sual gecikmiş olsa da, məntiqli və əsaslıdır. Təhsildəki əsas problem səriştəsizlik, səhv, qeyri-peşəkar və məsuliyyətsiz idarəetmədir. Amma unutmayaq ki, Azərbaycanın qarşısında çox ciddi bir tarixi çağırış dayanır. Ölkə prezidentinin də qeyd etdiyi kimi: “neftimiz, qazımız tükənəndən sonra, çox ağır vəziyyətə düşə bilərik.“ Prezidentin narahat olduğu, cəmiyyəti bu haqda dəfələrlə xəbərdar etdiyi, ehtimallı gələcək, hökuməti, cəmiyyəti, təhsil sistemini səfərbər etməyə yönələn bir çağırışdır. Təəssüf ki, təhsil menecerlərinin fəaliyyətində hər hansı dönüş hiss edilmir. Niyə?..
Bu sadə həqiqəti dərk etmək çətindirmi?..
Söhbət bilik və peşəkarlığın çatışmazlığından yox, məmurların özünüqoruma mexanizmlərindən, vəzifə aludəçiliyindən, institusional məsuliyyətsizlikdən gedir.
1. Səhvi görmək – məsuliyyəti öz üzərinə götürmək deməkdir. Səhvləri tanımaq - avtomatik olaraq qərar verən orqanın (ETN) yanlış etdiyini, resursların boşuna xərcləndiyini, insanların (müəllimlələrin, şagirdlərin, tələbələrin) talelərinin zərər gördüyünü qəbul etmək deməkdir. Bu isə məmur reputasiyası üçün itki, post və status üçün təhlükə riski yaradır. Ona görə də təhsil sistemi səhvi düzəltməkdən daha çox, səhvi görməzliyə vurmaq haqqında düşünür.
Əgər menecerlər öz dedikləri sözlərə əməl etməyəcəklərdə, niyə bu fikirlər səsləndirirlər? Əgər səsləndirdikləri problemləri həll etməyəcəklərsə, niyə bu problemdən danışırlar? Səriştə azlığı var, yoxsa, resurs azlığı var?
2. Əsassız özünəinam – məsuliyyətsizliyin və intellektual zəifliyin simptomudur. Yüksək özünəinam peşəkarlıq, bilik, nəticə, ölçülə bilən uğurdan qidalanmalıdır. Əgər nəticələr zəifdirsə, indikatorlar pisləşirsə, cəmiyyət narazıdırsa, ölkə rəhbərliyinin strateji tapşırıqları (neft kapitalının insane kapitalına çevrilməsi çağırışları) uzun illər ərzində icra edilmirsə, amma yenə də özündənrazı ritorika davam edirsə – bu artıq ən azından səriştəsizliyin göstəricisidir. Bu duruma “Dunning–Kruger effekti” deyirlər. Yəni bilməyən, bilmədiyini də bilməyən, öz səriştəsini həddindən artıq şişirdən, tənqidi düşmən kimi qəbul edən menecer öyrənmək və inkişaf etmək niyyətində olmur. Belələri bir qayda olaraq ölkə prezidentinin ictimai nəzarət haqqında tələblərini də daim pozur, yaratdıqları “İctimai Şuralar”ın fəaliyyətini iflic edir. Çünki, bu “şura”ların tərkibi də menecerin istəyi əsasında formalaşır.
3. Özünəinam yox, özünütənqid inkişaf yaradır. Tarixən inkişaf etmiş bütün təhsil sistemləri özünütənqid mədəniyyəti üzərində qurulub. Yaponiya, Finlandiya, Cənubi Koreya və s. inkişaf etmiş təhsil sistemlərinə malik ölkələr səhvləri gizlətmir, obyektiv təhlil edir, sənədləşdirir, səhvlər üzərində işi sistemə çevirirlər. Bizdə isə menecerlərin uğursuzluğu “PR” kampaniya ilə örtülür, problemlər statistik manipulyasiya ilə gizlədilir, tənqid “mənfi mövqe” kimi qiymətləndirilir. Belə şəraitdə nailiyyət mümkün deyil.
4. Strateji sahələrdə əsassız özünəinam daha təhlükədir. Təhsil kimi ciddi, elmyüklü, mürəkkəb və dinamik sahədə əsassız özünəinam, özündən razılıq, “biz düz yoldayıq” ritorikası sadəcə səhv deyil, milli təhlükəsizlik üçün təhdiddir. Çünki səhv gecikdikcə dərinləşir, insan kapitalı və təhsil sistemi zəifləyir, nəsillər itirilir, ölkənin gələcək qərarvermə potensialı tədricən sıradan çıxır. Burada artıq sual “niyə inkişaf etmirik?” kimi yox, “niyə hələ də menecerlərdə məsuliyyət hissi formalaşmayıb?” kimi olmalıdır.
5. Reallıq isə belədir: menecerlər işləmək, öyrənmək, öyrətmək, inkişaf barədə yox, özünü və kreslosunu qorumaq haqqında düşünürlər. Bu sadə həqiqətin dərk olunmamasının əsas səbəbi təhsil menecerlərinin səhvlərdən öyrənmək yox, öz statusunu, postunu qorumaq istəyidir. Belə təhsil sistemlərində səhvi etiraf etmək fəlakət, tənqid təhlükə, özünəinam isə süni qalxandır. Bu halda ictimai mənafe, 1-2 nəfər menecerin şəxsi mənayeyinə qurban edilir.
Səhvdən nəticə çıxarmaq üçün əvvəlcə səhvi görmək, səhvi görmək üçün isə yüksək peşəkarlıq, səmimiyyət, cəsarət və məsuliyyət lazımdır. Əsassız özünəinam heç vaxt inkişaf yaratmır, problemləri həll etmir, əksinə, tənəzzülü sürətləndirir...
Bu sadə həqiqətin dərk edilməsi menecerlər üçün çətindir, çünki o, təhsil sisteminin özünü sorğu-suala çəkir. Amma bu sualın qoyulması cavabdan daha vacibdir , çünki doğru sual vermək, hələ şansın tam itirilmədiyini göstərir. Bəlkə səhvlərdən gec də olsa, nəticə çıxardaq?..”
İlham Əhmədov, dosent