“Neft və qaz ehtiyatları tükənəndən sonra ölkənin əsas sərvəti yalnız insan kapitalı olacaq...”
“Problemin daha dərin və təhlükəli tərəfi budur ki, tənqidi təfəkkür təkcə məktəbdə deyil, heç cəmiyyətdə də sevilmir...”
“Bəli, sual verən insanı idarə etmək asan deyil, amma biz gənclərimizi qlobal rəqabətə hazırlayırıqsa, bu keyfiyyətlər zəruridir...”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədov “Postneft dövründə təhsilin strateji böhranı” başlıqlı növbəti analitik yazısını təqdim edir:
“Postneft dövründə təhsilin strateji böhranı...
Süni intellekt və sualın dəyəri…
Təhsilin ən mühüm vəzifələrindən biri uşaqlara cavab verməyi öyrətmək yox, sual verməyi öyrətməkdir. Çünki sual – düşüncənin başlanğıcıdır. Sual olmayan yerdə düşüncə yoxdur, düşüncə olmayan yerdə isə yaradıcılıq, innovasiya, inkişaf ola bilməz. Süni intellektin sürətlə həyatın bütün sahələrinə nüfuz etdiyi bir dövrdə insanı maşından fərqləndirən əsas xüsusiyyət, onun sual vermək bacarığıdır. Süni intellekt cavabları sürətlə tapır, məlumatları emal edir, nümunələri tanıyır. Lakin sual vermir. Sual vermək – kontekst qurmaq, mənanı şübhə altına almaq, alternativləri düşünmək deməkdir. Məhz bu bacarıq tənqidi təfəkkürün əsasını təşkil edir. Tənqidi təfəkkür isə innovasiyaların mənbəyidir.
Bu səbəbdən, süni intellekt dövründə rəqabət üstünlüyü müasir texnologiya əldə etməkdə deyil. Əsas məsələ tənqidi düşünən, sual verən, yaradıcı insan kapitalıdır. Rəqəmsal iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi texniki avadanlıq və proqram təminatı yox, müstəqil düşünən insanlardır…
Test mərkəzli təhsilin paradoksu…
Təəssüf ki, bizim təhsil sistemimiz bu reallığa uyğun deyil. Biz uşaqlara sual verməyi yox, test cavablarını əzbərləməyi öyrədirik. Test mərkəzli təhsil düşünməyi deyil, uyğunlaşmağı tələb edir. Bu sistemdə əsas bacarıq “düzgün variantı tapmaq”dır, “düzgün sual vermək” yox. Belə bir yanaşma rəqəmsal insan kapitalı yarada bilməz. Bu yanaşma ən yaxşı halda funksional icraçılar, daha dəqiq desək, biorobotlar formalaşdırır. Bu biorobotlar süni intellektlə rəqabət apara bilməz. Amma unutmayaq ki, süni intellekt məhz mexaniki və standart əməliyyatlarda insandan üstündür…
Tənqidi təfəkkürdən qorxan təhsil sistemi…
Problemin daha dərin və təhlükəli tərəfi budur ki, tənqidi təfəkkür təkcə məktəbdə deyil, heç cəmiyyətdə də sevilmir. 21- əsrin əsas səriştələrindən olan tənqidi təfəkkür məktəb və universitet kurikulumlarında, peşə standartlarında vacib tələb kimi verilsə də, reallıqda təhsil sistemi bu keyfiyyəti şagirdlərə və tələbələrə aşılamır…
Təəssüf ki, təhsil siyasətini formalaşdıran qurum – Elm və Təhsil Nazirliyi – sualı və tənqidi yanaşmanı risk kimi qəbul edir. Halbuki inkişaf üçün bunlar zəruridir.
Bəli, sual verən insanı idarə etmək asan deyil, amma biz gənclərimizi qlobal rəqabətə hazırlayırıqsa, bu keyfiyyətlər zəruridir. Düşünən və sorğulayan cəmiyyət formal hesabatlarla, kosmetik islahatlarla idarə oluna bilməz. Bu səbəbdən təhsil sistemi sual verən şagirdi yox, itaətkar şagirdi, test subyektini daha üstün tutur. Amma belə yetişən gənclər qlobal rəqabətə hazır olmayacaqlar…
Post-neft dövrü və strateji məsuliyyət…
Azərbaycanın qarşısında çox ciddi bir tarixi çağırış dayanır. Ölkə prezidentinin də qeyd etdiyi kimi: “neftimiz, qazımız tükənəndən sonra, çox ağır vəziyyətə düşə bilərik. “ Prezidentin narahat olduğu, cəmiyyəti bu haqda xəbərdar etdiyi bu ehtimallı durum hökuməti, cəmiyyəti, təhsil sistemini səfərbər etməyə yönələn bir çağırışdır.
Neft və qaz ehtiyatları tükənəndən sonra ölkənin əsas sərvəti yalnız insan kapitalı olacaq. Əgər bu kapital keyfiyyətsizdirsə, qlobal məkanda rəqabətədavamlı deyilsə, onda texnologiya idxalı, rəqəmsal platformalar və süni intellekt layihələri heç nəyi xilas etməyəcək…
Biz “Elektron Azərbaycan”, “Azərbaycanda İnformasiya cəmiyyətinin inkişafı”, “Azərbaycan 2020 konsepsiyası”, “Təhsil sisteminin informasiyalaşdırılması” s. v. kimi dövlət proqramlarında, “İKT üzrə strateji yol xəritəsi” layihəsində əsas diqqəti və maliyyəni insan kapitalının inkişafına, elektron resursların yaradılmasına yox, əsasən avadanlıqların alınmasına sərf etdik. Amma bu yanaşma insan kapitalının, iqtisadiyyatın, İKT sektorunun inkişafına və qlobal reytinqlərdə mövqeyimizin yüksəlməsinə kömək etmədi…
Ən təhlükəli ssenari odur ki, biz postneft dövrünü 000 hazırlıqsız qarşılayırıq. Son 20 il ərzində keyfiyyətli insan kapitalı yarada bilməyən, təhsili test və formal göstəricilər üzərində quran təhsil sistemi, post-neft dövründə ölkəni sosial və iqtisadi baxımdan ağır vəziyyətə sala bilər…
Hələ gec deyil, amma vaxt azdır…
Hazırda az da olsa neft və qaz gəlirləri mövcuddur. Bu resursları təhsilin məzmununun dəyişdirilməsinə, tənqidi təfəkkürün, sualvermə mədəniyyətinin, yaradıcı və intellektual müstəqilliyin inkişafına yönəltməsək, rəqəmsal iqtisadiyyat üçün insan kapitalı yetişdirə bilməyəcəyik. Bu, bəlkə də son fürsətdir, sonra gec olacaq. Əks halda, gələcək nəsillər onlara sual verməyi öyrətməsək də, təbii olaraq bizə ağır bir sual verəcəklər: “Neftiniz vardı, zamanınız vardı – bəs niyə düşünən insan yetişdirmədiniz?” Bu sualın cavabını vermək isə bu günkü və dünənki təhsil menecerlərinin, təhsil sisteminin, cəmiyyətin üzərinə düşəcək...
Dosent İlham Əhmədov”
Qeyd:
Kollaj maarifçi.az nəşrinə məxsusdur.
Təqdim etdi:
Sultan Laçın