“İmitasiya yolu ilə davam etmək, yoxsa real təhsil islahatları ilə gələcəyi xilas etmək...”
“İctimai nəzarətin inkişafını daim təşviq edən ölkə rəhbərliyi belə nəzarətin mühüm vasitələrindən biri kimi sosial şəbəkələrdə və KİV-də vətəndaşların qaldırdığı problemlərdən, narazılıqlardan, ictimai rəydən tam məlumatlıdır, baxmayaraq ki, bəzi məmurlar buna əhəmiyyət vermirlər...”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun “İndi seçim anıdır...” başlıqlı növbəti analitik məqaləsini təqdim edir:
“Təhsilin uğuru məsuliyyət və səriştədən asılıdır. Prezident bir məsələyə dair öz iradlarını bildirdikdə, təkliflər verdikdə, aidiyyatı qurumların məmurları tez tələsik qış yuxusundan oyanır, "fəallaşır", iş görüntüsü yaratmağa çalışırlar. Sanki işlərində ciddi dönüş yaradacaqlarmış.
Bu fəallıq real işdə yox, hay-küydə, KİV-dəki müsahibələrdə hiss edilir. Az sonra yenidən süstlük, durğunluq davam edir, yüksək səviyyəli növbəti mesajlara qədər...
Əgər hər hansı məmur sidq-ürəklə Prezidentə xidmət edirsə, dövlətin inkişafını və imicini düşünürsə, onda işini elə qurmalıdır ki, ictimai rəy (hay-küy yox), onun xeyrinə işləsin, Prezident bu sahədəki gerilikdən, problemlərdən yox, real inkişafdan, beynəlxalq uğurlardan, xalqın bu sahədəki işlərdən yaranan ictimai məmnunluqdan danışsın...
Prezidentin hər məsələdən məlumatı var. İctimai nəzarətin inkişafını daim təşviq edən ölkə rəhbərliyi belə nəzarətin mühüm vasitələrindən biri kimi sosial şəbəkələrdə və KİV-də vətəndaşların qaldırdığı problemlərdən, narazılıqlardan, ictimai rəydən tam məlumatlıdır, baxmayaraq ki, bəzi məmurlar buna əhəmiyyət vermirlər.
Məmurlar qaldırılan problemləri vaxtında və səmərəli həll etmək, ictimai mənafe naminə cəmiyyətin yüksək potensiallı təbəqəsi ilə intellektual dialoqa girmək əvəzinə blogerlərin köməyi ilə "informasiya əks-hücumuna" start verir, bu hay-küy və toz-tozanaq fonunda problemləri cəmiyyətə unutdurmaq istəyirlər. Amma həll edilməyən problemlər bir an da olsun unudumur, hər an özünü göstərir…
Belə təəssurat yaranır ki, menecerlər real təhsil problemlərini həll etmək istəmirlər. Təhsil problemləri isə qarşılıqlı şəkildə sinergetik effekt yaradaraq ilbəil daha da böyüyür, həlli çətinləşir.
Yerində olmayan məmur yarıtmaz fəaliyyəti ilə xalqı özündən, o cümlədən hökumətdən narazı salır. İndiki həssas dövrdə hər bir məmur bu incəlikləri anlamalı, xalqa və dövlətə sadiqliyini real, konkret işlərlə sübut etməlidir. Əgər bacarmırsa, kənara çəkilməli, daha səriştəli kadrların bu problemləri həll etməsinə imkan verməlidir…
Prezidentin sonuncu müsahibəsi bir daha göstərdi ki, ölkənin postneft dövründə yeganə xilası elm və təhsilin inkişafı, insan kapitalının yüksək keyfiyyəti ola bilər. Artıq 22 ildir ki, prezident bu məsələni məmurların diqqətinə çatdırır.
Təəssüf ki, təhsil sistemi, TN və ETN menecerləri bu önəmli, dövlət əhəmiyyətli vəzifəni layiqincə yerinə yetirə bilmədilər…
Prezidentin "Neft kapitalını insan kapitalına çevirək" kimi strateji tapşırığını icra edə bilməyən menecerlərə etimad ola bilərmi?
Prezidentin dediyi "Neft və qaz tükənəndən sonra, ölkədə çətin durum yarana bilər" kimi çox ciddi xəbərdarlığı da əgər menecerlərin məsuliyyətini artırmırsa, onda biz hansı inkişafa ümid edirik?..
Son günlər ölkə prezidenti elm və təhsilin əhəmiyyəti haqqında fikirlərini bildirdikdən sonra sahə məmurları kollektiv şəkildə elmin əhəmiyyətindən danışmağa başlayıblar. Guya işlərində dönüş edirlər. Danışmaq yox, iş görmək lazımdır. Bu isə hiss edilmir…
Elmin əhəmiyyətini 2500 il əvvəl Konfutsiy hamıdan gözəl formada deyib: “elm və təhsildən faydalanan xalq firavan yaşayar”. Biz də dəfələrlə məqalələrimizdə bu aforizmi yazmışıq. Amma məmur bunu təkrar etməli deyil, reallaşdırmalıdır. Çünki dövlət siyasətini onlar icra edir, resurslara onlar sərəncam verirlər. Qonşu Qazaxıstan təcrübəsi bizə yaxşı nümunə ola bilər. Qazaxıstan təhsili bu gün dünyanın TOP-14 təhsil sisteminə daxildir.
Təklif edirik ki, ETN ölkə elm və təhsilinin ağır durumu barədə, real faktlar əsasında hesabat hazırlasın, hökumət üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş müzakirə keçirilsin və bu canlı translyasiya edilsin. Bu suallar müzakirəyə çıxarılsın: “Niyə ETN 22 ildə neft kapitalını insan kapitalına çevirə bilmədi? Ölkənin postneft dövrü üçün ETN-nin təklifi nədir?”
Davamı ilə bütün universitetlərdə bu problem müzakirə edilsin, təkliflər verilsin, sonda geniş tədbirlər planı hazırlansın və bu əsasda tədricən konkret addımlar atılsın. 25 il boşuna getdi, vaxt limitimiz azdır…
Əks halda tezliklə neft və qazımız tükənəcək, amma elm- təhsil problemlərimiz heç vaxt tükənməyəcək. Onsuz da elm- təhsil problemlərini həll etməyə bizə ən azı 10-15 il vaxt lazım olacaqdır, əgər indi düzgün qərarlar qəbul edə bilsək.
Yüksək texnologiyalara əsaslanan biliklər cəmiyyətində, süni intellekt dövründə elm və təhsilsiz, zəif insan kapitalı ilə ölkənin nə perspektivi ola bilər?..
44 günə Qarabağı 30 illik işğaldan azad edən, Şuşanı əlbəyaxa döyüşlə düşmənlərdən təmizləyən, dünya hərb tarixində hərbi innovasiyaların döyüş meydanında tətbiq edərək Zəfər çalan bir xalq niyə bəzi səriştəsiz məmurların məsuliyyətsizliyi səbəbi ilə öz övladlarını qeyri-müəyyən gələcəyin ümidinə buraxsın?
Qanunu bilməmək vətəndaşı məsuliyyətdən azad etmədiyi kimi, bəzi menecerlərin səriştəsiz və məsuliyyətsiz idarəetməsi nəticəsində elm- təhsilin çökməsi qanun qarşısında onları gələcək məsuliyyətdən azad etməyəcək...”
İlham Əhmədov, dosent.”