Son zamanlar müzakirə olunan məsələlərdən biri də qış aylarında dərslərin bir saat gec başlamasıdır. Valideynlər səhər saat 08:00-da havanın qaranlıq olmasından və yaranan təhlükəli vəziyyətdən narazılıq edirlər. Mütəxəssislər isə qeyd ediblər ki, qış mövsümündə dərslərin başlanma vaxtının saat 09:00-a keçirilməsi daha təhlükəsiz və məqsədəuyğun olardı. Bəs dərslər qış fəslində bir saat gec başlaya bilərmi?
Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən pravda.az-a bildirilib ki, dərslərin başlama saatında dəyişiklik nəzərdə tutulmayıb: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təhcizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə əsasən, ümumi təhsil müəssisələrində dərslərin səhər saat 8-də başlanması məqsədəuyğundur. Eyni zamanda, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 19.11.2010-cu il tarixli 1486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrinin Pedaqoji Şurası haqqında Əsasnamə”nin 3.1.2.9-cu və 4.1.1-ci bəndlərinə əsasən müəssisənin iş rejiminin müəyyənləşdirilməsi pedaqoji şuranın səlahiyyətləri daxilindədir”.