Elm və Təhsil Nazirliyi ictimaiyyətlə intellektual dialoqdan niyə qaçır?.. -EKSPERT  
Elm və Təhsil
2101
12:12, Bu gün

Elm və Təhsil Nazirliyi ictimaiyyətlə intellektual dialoqdan niyə qaçır?.. -EKSPERT  

“Sanki ETN hamıya bəyan edir: “bizim yarıtmaz fəaliyyətimizi tərifləməlisiniz, əks halda əməkdaşlıq olmayacaq…”
 
“Əslində, “bizdə təhsil eksperti yoxdur”  demək -  ETN-nin üçün çox  mənfi  haldır.  Əgər,  həqiqətən  ölkənin  250 minlik  elm-təhsil cameəsində bu sahəni dərindən bilən 5-6 şəxs yoxdursa, onda ETN bu  illər ərzində nə ilə məşğul olub?..”
 
“Elm və təhsil sistemində dialoq olmasa, inkişaf ola bilməz.   Elm tək adamın ağlı ilə, əmr və qərarı ilə yox, polemika, müzakirə, diskussiya ilə yaranır, inkişaf edir. Necə deyərlər, ağıl ağıldan üstün olar…”
 
“ETN  heç vaxt  təcrübə və biliyi olan  mütəxəssislərin potensialından səmərəli  istifadə edə bilmədi (daha doğrusu, istəmədi),   səmərəli  intellektual dialoq qurmadı.  Bu mənada  25 il vaxt  sanki boşuna getdi…”
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun “Elm və Təhsil Nazirliyi ictimaiyyətlə intellektual dialoqdan niyə qaçır?..”    başlıqlı növbəti analitik məqaləsini təqdim edir:  
 
“…Bu ərəfədə  ölkə  prezidenti  jurnalistlərlə müsahibəsində elm və təhsillə əlaqədar ciddi məsələlərə toxundu.  Bu fikirlər son günlər  ölkə gündəmini zəbt edib.  2 ay əvvəl  prezident   AMEA-nın 80 illik yubileyindəki  çıxışında da  bu mövzuya toxunmuş, elm-təhsil sistemi qarşısında bir sıra mühüm vəzifələr qoymuşdu…  
 
Məlum  olduğu kimi, hər bir ölkənin  perspektivləri:  iqtisadiyyatı,  milli təhlükəsizliyi, beynəlxalq mövqeyi  elm və təhsilin durumundan  asılıdır.  
 
22 il əvvəl  ölkə  prezidenti  ETN  qarşısında “neft kapitalını insan  kapitalına çevirmək” kimi  mühüm vəzifə qoymuşdu. Təəssüf ki, ETN bu illər ərzində  həmin tapşırığı icra edə bilmədi. 
Elm-təhsil sisteminin  idarəedilməsi və inkişafı  çox amillərdən, o cümlədən illər ərzində  toplanmış  təcrübə,  ənənə və varislik,  səmərəli kommunikasiyadan  asılıdır.  Əgər bu sahənin menecerləri  təcrübəsizdirlərsə, bu amillər  daha  vacibdir.   ETN  heç vaxt  təcrübə və biliyi olan  mütəxəssislərin potensialından səmərəli  istifadə edə bilmədi (daha doğrusu, istəmədi),   səmərəli  intellektual dialoq qurmadı.  Bu mənada  25 il vaxt  sanki boşuna getdi. Amma  bu müddətdə çox iş görmək olardı... 
 
Bu problem texniki xarakterli deyil, təhsildəki idarəetmə fəlsəfəsinin böhranıdır.  Belə  yanaşma təhsilin  idarəedilməsinə  sistemli yanaşmanın  olmadığını  göstərir. 
 
İntellektual dialoq nədir? Niyə elm və təhsil sistemi üçün bu vacibdir?..
 
İntellektual dialoq tərif demək, hesabat dinləmək, “PR” tədbirləri, brifinqlər təşkil etmək deyil. İntellektual dialoq alternativ fikirlərə dözümlü olmaq, tənqidi  təhlillərə açıq olmaq,  qərarları intuisiya və emosiyalarla yox, elm təhlil  əsasında qəbul etmək, qərar qəbulunu  “yuxarıdan aşağıya” göstərişlərlə yox, səmərəli  ekspert müzakirələri ilə aparmaqdır...  
 
Elm və təhsil sistemində dialoq olmasa, inkişaf ola bilməz.   Elm tək adamın ağlı ilə, əmr və qərarı ilə yox, polemika, müzakirə, diskussiya ilə yaranır, inkişaf edir. Necə deyərlər, ağıl ağıldan üstün olar. Təhsil sərəncam və əmrlə təkmilləşmir,  innovasiyalar  inzibati və avtoritar mühitində yox, tənqidi mühitdə formalaşır…
 
ETN-nin mühüm səhvlərindən biri mütəxəssisləri, ekspertləri  tərəfdaş  kimi  yox, risk, təhlükə  mənbəyi  kimi görməkdir. Nazir deyir ki, mən ölkədə təhsil eksperti tanımıram (tanımaq istəmirəm). Bəli, onların sayı azdır  (ETN yaratdığı, himayə etdiyi, KİV-lərə “tövsiyə”  etdiyi bəzi fəal “ekspert”ləri nəzərə almasaq). Çünki təhsil  ekspertinin formalaşmasına 10 illərlə vaxt (“bir alimin yetişməsinə 20-30  il vaxt lazımdır” (E.Əmrullayev)), sistematik elmi fəaliyyət tələb edilir. Necə deyərlər, “hər oxuyan Molla Pəhah olmaz”...  
 
Ümumən belə  yanaşma  ETN menecerlərinin  məsuliyyətsiz  və səriştəsizliyinin təzahürüdür.  Əslində, “bizdə təhsil eksperti yoxdur”  demək -  ETN-nin üçün çox  mənfi  haldır.  Əgər,  həqiqətən  ölkənin  250 minlik  elm-təhsil cameəsində bu sahəni dərindən bilən 5-6 şəxs yoxdursa, onda ETN bu  illər ərzində nə ilə məşğul olub? Bu mövzu KİV-lərdə  zaman-zaman müzakirə edilib. ETN-nin məsələyə səthi yanaşmasından fərqli olaraq, DİM təhsil eksperti anlayışına daha doğru yanaşma sərgiləyir...  
 
Təəssüf ki, ETN  müstəqil düşünən mütəxəssislərə əməkdaşlıq etmir.   İslahat proseslərinə (əgər bu varsa), müzakirə və araşdırmalara  ekspert və mütəxəssislər ya cəlb edilmir, ya da təcrübəsizləri cəlb edir (rəy bildirmək üçün yox, tərif demək üçün). ETN elmi-pedaqoji ictimaiyyətlə sistemli məsləhətləşmələr aparmır,  obyektiv (yəni,  tənqidi)  mövqe bildirənlər  narahatlıq amili kimi qəbul edilir. Sanki ETN hamıya bəyan edir: “bizim yarıtmaz fəaliyyətimizi tərifləməlisiniz, əks halda əməkdaşlıq olmayacaq”.  Bu əməkdaşlıqda kim maraqlı olmalıdır? Məmur yoxsa, mütəxəssislər?  Kim-kimə möhtacdır?..  
 
Təhsildə olan 25 illik saxta təriflər  kifayət deyilmi?  Bu təriflərin yekununda, təhsil tərsinə quruldu, təhsilimizin (həm də ölkənin)  beynəlxalq imici aşağı endi, keyfiyyət korlandı, amma saxta təriflər azalmadı...  
 
Bu sahədəki  real durumu ETN hamıdan yaxşı bilir və yeri gələndə  hamıdan da kəskin tənqid edir. Amma tənqidə monopoliyanı da özündə saxlamaq istəyir. Məsələ bundadır ki, ETN-nin tənqidi məyyən  faktları (nəticələri) bildirməkdən o yana getmir, amma  səbəblər düzgün göstərilmir. Ona görə də eyni problemləri hər il sadalayır, amma heç birini  həll etmir.  Lakin kənar, müstəqil, qərəzsiz  tənqidlər neytral, sistemli, ardıcıl, səbəb, həll təklifi, mümkün nəticələr  göstərilməklə təqdim edilir. Belə təkliflərin nəzərə alınmaması göstərir ki, ETN ümumiyyətlə, heç bir problemi həll etmək niyyətində deyil. 
 
Menecerlər təcrübəni, bilgini dialoq üçün resurs kimi yox, öz mövqeləri üçün təhlükə hesab edirlər. Belə idarəetmə modeli elmə yox, statistikaya xidmət edir. Bu  idarəetmə modeli  keyfiyyətə yox, hesabatlara,  gələcəyə yox, qısa müddətli  görüntüyə, “PR”-a  fokuslanır.  ETN mütəxəssislərlə açıq disskussiyadansa,  nəticəsiz brifinqlərə üstünlük verilir. 
 
Bu yaxında, ölkənin baş naziri bildirmişdi ki, universitetlərimizin diplomları hətta qardaş Türkiyədə tanınmır.  Bu ölkə təhsilinin ağır vəziyyətini göstərən narahatedici faktdır.  ETN   niyə ictimaiyyətə bu durumun səbəblərini izah etmədi? Problem nə vaxta həll ediləcəyini demədi?.. 
 
“PR”-ın reallığı əvəzləməsi... 
 
ETN-nin digər  səhvi real islahat əvəzinə “PR” mexanizmlərinə üstünlük verməsidir.   Bunun ən bariz nümunəsi son vaxtlar blogerlərlə görüşlərin  keçirilməidir. Bu təşəbbüs sosial şəbəkələrdə təhsilyönlü “uğur hekayələri” yaratmaq, olmayan keyfiyyəti  üstünlük kimi təqdim etmək cəhdidir...  
 
Belə yanaşma zərərlidir, çünki, cəmiyyətdə təhsil sisteminin real vəziyyəti barədə yanlış təsəvvür yaradır, problemlərin etirafını və həllini gecikdirir.  Amma hamı hər şeyi görür, bilir. Çünki hər bir ailə təhsillə əlaqəlidir, repetitorlara ayda ən azı 500 manat ödəyir, bu biabrçılığı necə unuda bilərlər?..
 
“PR” islahatın əvəzi deyil. “PR” islahat olanda məna kəsb edir. Zəif təhsili heç bir “PR” xilas edə bilməz. Amma ETN təhsili xilas etmək yox,   hay-küylü reklam və mənasız  təqdimatlar maraqlandırır… 
 
Problemlərin kökü  menecerlərin məsuliyyətsizliyi  və səriştəsizliyidir.   Qərarların nəticəsinə görə cavabdehlik yoxdur,  səhvlər sistemli təhlil edilmir, uğursuzluq şəxsi məsuliyyətə çevrilmir...
 
Bu problemlərin kökündə   menecerlərin müasir elm və təhsilin  fəlsəfəsini, qlobal təhsil trendlərini  bilməməsi, onların  süni intellekt dövrünün çağırışlarını  aydın dərk etməməsi dayanır. 
 
Bu sahənin  idarəedilməsində  texnokratik deyil, formallıq özünü göstərir.   Belə təhsil siyasəti dövlətin inkişafını da ləngidir.  Bu təkcə təhsil sistemi üçün deyil, dövlətin uzunmüddətli inkişafı üçün də risklidir.  Çünki  zəif təhsil zəif insan kapitalı yaradır, zəif insan kapitalı  zəif iqtisadiyyat yaradır, zəif iqtisadiyyat zəif dövlət modeli qurur... 
 
Süni intellekt və qlobal rəqabət dövründə təhsil sahəsində ləngimə  ciddi problemlər  yaradır. Bu uzunmüddətli dövr üçün də itkidir.   Bu səbəblərdən səmərəli  intellektual  dialoq əsasında idarəetmə vacibdir...  
 
ETN-nin problemi ayrı-ayrı şəxslərdə  yox,  bu qurumda  uzun illər formalaşan  səhv idarəetmə üslubudur.  İntellektual dialoqdan qaçan, tənqidi düşüncəni təhlükə sayan, “PR”-la reallığı əvəz etməyə çalışan struktur  nə elm yarada bilər, nə keyfiyyətli təhsil qura bilər, nə də gələcəyə hazır cəmiyyət formalaşdıra bilər...    
 
Təhsil sahəsində islahat sükutla yox, dialoqla başlanır, davam edir. Dialoqdan qorxan idarəetmə isə inkişafın yox, durğunluğun daşıyıcısıdır. 
 
25 illik təhsil təcrübəsi   göstərdi ki, belə qüsurlu idarəetmə təhsilə, cəmiyyətə,  dövlətə heç nə verə bilmir. Gözləməyə daha vaxt yoxdur,  amma gələcək naminə təhsildən gözləntilər də çoxdur... 
 
ETN bu yolda ictimaiyyətlə intellektual  dialoqdan  yenə  də  qaçacaq?..   
 
Dosent İlham Əhmədov”
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər