Bu peşələr sıradan çıxacaq: 2026-cı ildə əmək bazarını nə gözləyir?
Elm və Təhsil
6611
08 Jan 2026 | 13:10

Bu peşələr sıradan çıxacaq: 2026-cı ildə əmək bazarını nə gözləyir?

Süni intellekt, avtomatlaşdırma və robot texnologiyalarının genişlənməsi dünya əmək bazarında dərin dəyişikliklərə yol açır. Süni intellektin inkişafında mühüm rol oynamış və  bu sahənin “xaç atası” kimi tanınan Ceffri Qintonun son açıqlamaları isə narahatlıqları daha da artırıb. Qinton süni intellektin inkişafının bəşəriyyət üçün ciddi təhlükələr yarada biləcəyini vurğulayaraq, əmək bazarında kütləvi işsizlik riskinə diqqət çəkib.
 
Süni intellekt və avtomatlaşdırma 2026-cı ildə  əmək bazarında hansı əsas dəyişikliklərə səbəb ola bilər? Süni intellektin inkişafı hansı peşələri daha çox risk altına salır və ixtisaslı mütəxəssislər üçün təhlükə varmı?
Moderator.az-a danışan İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev deyib ki, süni intellekt, avtomatlaşdırma və robot texnologiyaları artıq nəzəri müzakirə mövzusu deyil, real iqtisadi və sosial dəyişikliklərin əsas hərəkətverici qüvvəsinə çevrilib:
 
“Birincisi, rutin və qaydaya əsaslanan işlərin sürətlə avtomatlaşdırılmasıdır. Mühasibat uçotu, məlumatların daxil edilməsi, çağrı mərkəzləri və sadə analitik proseslərdə insan əməyinə ehtiyac kəskin azalacağı gözlənilir. 
İkincisi, “insan + AI” modeli geniş yayılacaq. Yəni iş yerləri tam yox olmaqdan çox, məzmun baxımından dəyişəcək. İşçilər AI alətlərindən istifadə edən operatorlara və qərarvericilərə çevriləcəklər.
Üçüncüsü, çevik məşğulluq formaları (remote work, frilans, layihə əsaslı işlər) daha da güclənəcək. Şirkətlər daimi ştat yerinə AI ilə dəstəklənən kiçik komandaları üstün tutacaqlar.
Dördüncüsü, əmək bazarında bərabərsizlik arta bilər. Texnologiyaya çıxışı və rəqəmsal bacarıqları olanlar üstün mövqedə olacaq, digərləri isə geridə qala bilər.
Süni intellektin təsiri təkcə aşağı ixtisaslı işlərlə məhdudlaşmır. Daha yüksək risk altında olan peşələri sadalamaq olar. Məsələn, çağrı mərkəzi operatorları və müştəri dəstəyi, mühasibat və standart maliyyə analitikləri, hüquq işçiləri, jurnalistikada xəbər xülasəsi və standart mətn yazanlar, rutin proqramlaşdırma və test işi görən junior IT mütəxəssislər, yüksək ixtisaslı, lakin yalnız bir sahəyə fokuslanan mütəxəssislər risk altına düşə bilər. Məsələn, yalnız kod yazan proqramçı, yalnız diaqnoz şablonlarına əsaslanan həkim və ya yalnız standart dizayn hazırlayan qrafik dizayner AI ilə əvəz oluna bilər. Amma aşağıdakı bacarıqlara sahib olan mütəxəssislər üçün risk deyil, əksinə üstünlük yaranır. Məsələn, analitik və sistemli düşünmə, etik qərarvermə və məsuliyyət daşıyan rollar, yaradıcılıq, kontekst anlama və insan psixologiyası, AI-ni idarə, yönləndirən və nəzarətdə saxlayan bacarıqlar, multidissiplinar bilik (texnologiya + hüquq, texnologiya + təhsil, texnologiya + səhiyyə). Problem cəmiyyətin bu transformasiyaya nə dərəcədə hazır olmasıdır. Fikrimcə, qazananlar AI-dən qorxanlar yox, onu anlayan və onunla işləməyi bacaranlar olacaq”.
 
Mehin Mehmanqızı
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər