Bəzi mənbələrdə belə bir iddia ilə rastlaşırıq: “Qurani-Kərimin batini (ezoterik, işari) təfsiri ilk dəfə sufi mütəfəkkir Baba Nemətulla Naxçıvani tərəfindən verilib.”
Bu iddianın bir hissəsi doğrudur, bir hissəsi isə elmi baxımdan dəqiq deyil. Gəlin məsələni faktlarla və dünyada məşhur olmuş nüfuzlu alimlərin fikirlərinə də əsaslanaraq aydınlaşdıraq.
Şübhəsiz ki, Baba Nemətulla Naxçıvani Qurani-Kərimin batini (ezoterik, işari) təfsirini vermiş böyük sufi alimlərdən biridir. Onun təfsir metodunda ayələrin insanın daxili aləmi, mənəvi təkamülü, ilahi həqiqətlə qəlb arasındakı əlaqə ön plana çəkilir. Bu, inkar olunmayan elmi faktdır.
Biz, dəqiq olmayan iddia deyəndə nəyi nəzərdə tuturuq?
Hesab edirik ki, Baba Nemətulla Naxçıvaninin Qurani-Kərimin batini təfsirini İLK DƏFƏ verdiyini demək tarixi və elmi baxımdan düzgün deyil. Çünki o, XV-XVI əsrlərdə yaşayıb. Halbuki Qurani-Kərimin batini (işari) təfsiri ondan təxminən 6-7 əsr əvvəl, erkən sufi mühitində artıq formalaşıb və sistemləşib. Ən erkən əsas fiqurlar isə Cəfər əs-Sadiq (702-765, Cəfərilikdə 6-cı, İsmaililikdə 5-ci imam. Nəqşibəndi silsiləsindəki 4-cü şeyx) və Səhl ibn Abdullah Tustəri (təqr. 818-896) olub.
Cəfər əs-Sadiq ayələrin zahir-batin ikiliyini sistemli şəkildə izah edən ən erkən simalardan biridir. Sufi təfsir ənənəsinin metodoloji bünövrəsi ona isnad edilən şərhlərlə bağlanır. Onun fikirləri həm erkən sufilik, həm də işari təfsir məktəbi üçün əsas istinad nöqtəsi olub.
Bu fikirlər mənim “kəşfim” deyil. Bu mövqe İbn Teymiyyə, Zəhəbi, Henri Corbin kimi məşhur alimlər tərəfindən təsdiqlənir.
Mənbələr:
1. al-Zəhəbi, al-Tafsīr wa’l-Mufassirūn
2. Henri Corbin, History of Islamic Philosophy
3. Louis Massignon, Essai sur les origines du lexique technique de la mystique musulmane
Səhl ibn Abdullah Tustəriyə gəlincə, o, tarixdə ilk müstəqil batini (işari) Qur’an təfsirinin müəllifi hesab olunur. Məşhur əsərinin adı “Tafsīr al-Qurʾān al-ʿAẓīm” adlanır. O, ayələri nəfs – qəlb – ruh – sirr mərhələləri üzrə izah edir. Onun məşhur fikri belədir: “Allahın nuru qəlbdə yanmasa, bilik insanı xilas etməz.”
Bu fikirlər də mənim “kəşfim” deyil. Səhl ibn Abdullah Tustərinin Qurani-Kərimin ilk batini təfsirçisi olması Goldziher, Nicholson, Annabel Keeler kimi məşhur tədqiqatçıların yekdil mövqeləridir.
Mənbələr:
1. Ignaz Goldziher, Die Richtungen der islamischen Koranauslegung
2. Annabel Keeler, Sufi Hermeneutics
3. al-Suyūṭī, al-Itqān fī ʿUlūm al-Qurʾān
Yunis Xəlilov
Naxçıvan Dövlət Universitetinin “Ümumi Hüquq” kafedrasının müəllimi