“Monqolustanda 15 il öncədən tətbiq edilən distant təhsil forması Azərbaycanda niyə tətbiq olunmur?..”- EKSPERT
Elm və Təhsil
2684
05 Jan 2026 | 11:11

“Monqolustanda 15 il öncədən tətbiq edilən distant təhsil forması Azərbaycanda niyə tətbiq olunmur?..”- EKSPERT

“Azərbaycan Respublikası "Təhsil Qanunu"nda 16 il əvvəl  əks edilən bu təhsil formasının (texnologiyasının)  heç bir əsas olmadan ölkədə qadağan edilməsi, özlüyündə böyük bir  qanunsuzluqdur. Bu mövzuda son 20 ildə 100+ məqalə yazmışıq…”
 
“Deyilən müddətdə 4 təhsil naziri dəyişib, amma heç biri bu qanunsuz qadağaya aydınlıq gətirməyib, əsaslandıra bilməyib…”
 
“Bəli, belə suallar hamımızı düşündürür: “Bu il ölkədə nəhayət ki, distant təhsil sistemi yaradılacaqmı?  2026 təhsil tariximizə belə bir əlamətdar hadisə ilə yazılacaq, yoxsa, bu il  də əvvəlkilər kimi, boşuna gedəcək?..” Öncə qeyd edək ki, pandemiya vaxtı ölkəmizdə tətbiq edilən "distant təhsil" normal (yəni, beynəlxalq standartlar baxımından) distant təhsil deyildi. Bu vebinarlar sistemi idi. Heç bir hüquqi- normativ bazası da yox idi. Yəni, təhsilimiz kimi, distant təhsilimizi də tərsinə qurmuşduq. Yəqin ki, Elm və Təhsil Nazirliyi sentyabrdan  azkomplektli məktəblərdə də belə "distant təhsil"lə uşaqları yola verəcəkdir. 
Amma biz düzünə qurulan distant təhsildən söhbət aparırıq. Axı təhsildə işləri düzünə qurmağın vaxtı çoxdan çatıb.”
Bu fikirləri Moderator.az-a açıqlamasında “Azərbaycanda, nəhayət, distant təhsil sisteminə icazə verilərsə, belə bir normal sistem yaradıla biləcəkmi?” sualını cavablandırarkən təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədov ifadə edib.  
 
“Belə bir hipotetik suala cavab axtaraq: əgər ölkədə distant təhsil sisteminin yaradılmasına qərar verilsə, distant təhsillə alınan diplomlar Azərbaycanda da tanınsa, bizim yerli ali məktəblərin distant  təhsil vermək imkanı yaransa, təhsilimizdə  nələr baş verər?  
20 ildir ki, Təhsil Nazirliyi bu  mütərəqqi təhsil texnologiyasının ölkəmizdə tətbiqinə icazə vermir. 
Azərbaycan Respublikası "Təhsil Qanunu"nda 16 il əvvəl  əks edilən bu təhsil formasının (texnologiyasının)  heç bir əsas olmadan ölkədə qadağan edilməsi, özlüyündə böyük bir  qanunsuzluqdur. Bu mövzuda son 20 ildə 100+ məqalə yazmışıq”, -deyə davamında ekspert bildirib. 
 
“Bəs ETN niyə distant təhsilə embarqo qoyub?” sualını alim belə cavablandırıb: 
 
“Deyilən müddətdə 4 təhsil naziri dəyişib, amma heç biri bu qanunsuz qadağaya aydınlıq gətirməyib, əsaslandıra bilməyib.  Amma müəyyən ehtimallar söyləmək olar. Ola bilsin ETN qorxur ki, distant təhsilə yaşıl işıq yandırılsa,  gənclərimizin çoxu distant formada xarici universitetlərdə oxumağa çalışacaqlar və bu halda yerli universitetlərin plan yerləri boş qalacaq.  Süni İntellekt (Sİ) dövründə bu daha asan olacaq, çünki, xarici dil baryeri artıq  aradan qalxacaqdır. 
Əgər universitetlərimizə əcnəbi tələbələri distant təhsillə cəlb etmək istəyiriksə, əvvəl bu sistemin özünü yaratmaq lazimdir.  Ən çətini də budur. 
Bunun üçün əvvəlcə gərək bizim ali  təhsilin məzmunu, proqram- metodik təminatı, təşkili və idarəedilməsi beynəlxalq standartlara tam  uyğunlaşdırılsın...” 
 
“30 ildə təhsil  nazirliyi ali təhsildə bu işləri edə bilməyib. Bəs ETN bunu nə vaxt edəcək?” deyə özü sual edən mütəxəssis ardınca bunları dilə gətirib: 
 
“Hələ də diplomlarımız xaricdə tanınmır, çünki, 20 ildə heç bir universitetimiz Boloniya prosesi tələblərinə yüksələ bilməyib. Bu səbəblərdən bizim universitetlərdə hələ də xarici tələbələrin sayı azdır, gələnlər də əsasən İran və Türkiyə vətəndaşlarıdır. Onlar da əsasən öz biznes maraqlarına görə gəlirlər, bilik qazanmağa yox. 
Belə bir  durumda distant təhsil sistemi yaratmaq  çox çətin,  həm də risklidir.  Çünki distant təhsil almaq  istəyən xarici tələbələrin sayı az olacaqdır. Səbəbi qeyd etdiyimiz kimi,  həm keyfiyyətin zəif olması, həm də diplomlarımızın tanınmamasıdır. 
Digər tərəfdən, bu halda  özümüzü biabır edə bilərik. Biz əgər öz dərslik və tədris proqramlarımızı ingilis dilinə tərcümə edib, internetə qoysaq, çox pis mənzərə yarana bilər.  Ya plagiat olacaq, ya da keyfiyyətsiz "yerli məhsul".
Biz əvvəlcə  normal  offlayn ali təhsil sistemi qurmalıyıq, yəni universitetlərimizi təhsilin məzmunu, keyfiyyəti, idarəedilməsi baxımdan müasir standartlar həddinə yüksəltməliyik. Buna isə ən azı 10 il vaxt və xeyli pul lazımdır. Hər halda son 20-30  ildə bunu edə bilməmişik.  
Yalnız bunları edəndən sonra biz distant ali təhsil sistemi qura bilərik. Buna da ən azı əlavə 5-7  il vaxt lazım ola bilər...” 
 
Ekspert hesab edir ki,  “bu gün nazirlik əgər qərar versə ki, universitetlərimizdə distant təhsil sistemi yaradaq, buna ən azı 15 il vaxt, bir milyarda yaxın  pul lazım  olacaqdır”: 
 
“Əgər bu gün belə bir qərar yoxdursa, onda 15 ildən sonra da bizdə distant təhsil olmayacaq (halbuki, hətta  Monqolustanda da 15 il əvvəldən var).
Distant təhsili olmayan ölkə, rəqəmsal iqtisadiyyat qura bilərmi? Universitetlərimizin beynəlxalq rəqabətliyi, nüfuzu ola bilərmi? 
"Nəyi, necə etmək"  barədə detalları  sonra dəqiqləşdirmək mümkündür, əgər qərar olarsa. Bu meqalayihənin ilkin  versiyasını 20 il əvvəl biz təhsil nazirliyinə  təqdim etmişdik. Təbii ki, nazirlik öz ənənəsinə sadiq qalaraq, belə bir aktual təklifi rədd etdi...”
 
“Əgər ETN nəhayət ki, nə vaxtsa, qərar versə ki, ölkədə distant təhsil sistemi yaradılsın, biz ETN -nin menecerlərinə bu məsələlərdə, "ictimai əsaslar"la  "məsləhət- konsaltinq" xidmətləri, hər il  150-200 tədris-metodik məqalə yazırıq, təki menecerlər oxuyub, maariflənsinlər, öyrənsinlər, bu heç zaman gec deyil. Bəlkə tərsinə qurduqları təhsili nəhayət ki, sahmana salarlar. Axı, təhsil millətin gələcəyidir.  Təəssüf ki, bu çabaların heç bir faydası yoxdur. Təhsil düzəlmir ki, düzəlmir”, - deyə sonda İlham Əhmədov vurğulayıb.
 
P.S. Əcəba, bu gün Azərbaycanın monqol ətinə möhtac qalmasının əsas səbəblərindən biri də təhsil sistemimizin Monqolustan səviyyəsində belə, dünya standartlarına uyğun olmaması deyilmi?..
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər