“2026-cı ildə təhsil elmi-pedaqoji əsaslarla yenidən qurulacaq, yoxsa, tərsinə qurulmuş sistemdə kosmetik dəyişikliklər hələ də davam edəcəkdir?..”
“Minlərlə müəllimin sertifikasıya səbəbi ilə işini itirməsi, müəllim peşəsinin nüfuzunun aşağılanması, ETN-nin “zəif müəllimə niyə maaş verək?”, “ingilis dilini öyrədə bilməyən təhsil müəssisəsi məhkəməyə verilsin” kimi təkliflər təhsili xilas etmir. Əksinə...”
“Əgər söhbət “təhsildə rasionallaşma”dan gedirsə, onda sual yaranır: niyə son illər təhsilin büdcəsi 5 qat artsa da, onun keyfiyyəti ilbəil enir?..”
“Təhsili mühasibat məntiqi ilə idarə etməklə, insan kapitalı yaratmaq mümkün deyil...”
“Təhsili müəllimdən başlayaraq yox, onu yetişdirən təhsil sisteminin özünü dəyişdirərək xilas etmək mümkündür...”
Moderator.az aktuallığını nəzərə alaraq təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun Azərbaycan təhsil sisteminin bitməz-tükənməz problemləri barədə “Təhsil böhranının səbəbi” adlı növbəti analitik yazısını dəyərli oxucuların müzakirəsinə buraxır:
Tərsinə qurulmuş təhsil yenə də elmi-pedaqoji yox, “mühasibat” təfəkkürü ilə idarə olunacağıqmı?..
Azərbaycan təhsilinin əsas problemi kurikulum, dərslik, müəllim maaşı deyil. Problemin kökündə təhsilə baxış, onun hansı təfəkkürlə idarə edilməsi dayanır. Nazirin “yaxşı dərs keçməyən müəllimə niyə maaş verməliyik” kimi tezisi sual yaradır: təhsil niyə elmi-pedaqoji düşüncə ilə yox, “mühasibat məntiqi” ilə idarə edilir? Yəni, təhsilə niyə canlı, intellektual, sosial sistem kimi yox, xərc maddəsi, rasionallaşma və optimallaşdırma obyekti, hesabat cədvəli kimi baxılır? Bu sualın cavabı müəllimdən, şagirddən, valideyndən asılı deyil. Sualın cavabı təhsil siyasətində, təhsil fəlsəfəsindədir...
İki tezis, iki məntiq, iki fərqli baxış...
Normal elmi-pedaqoji məntiq deyir ki: “Müəllimin keyfiyyəti onu yetişdirən təhsil sisteminin keyfiyyətindən yüksək ola bilməz.” Bu tezis səbəb–nəticə baxımından təbiidir. Müəllimi təhsil sistemi hazırlayır, təhsil sistemini isə təhsil siyasəti, təhsil elmləri və təhsilin idarəedilməsi formalaşdırır.
Elm və Təhsil Nazirliyinin bu məsələyə yanaşması isə belədir:
“Təhsilin keyfiyyəti onun müəllimlərinin keyfiyyətindən yüksək ola bilməz...”
Bu tezis zahirən düzgün səslənsə də, konseptual olaraq yanlışdır, çünki bu halda səbəb nəticə ilə əvəz edilir, məsuliyyət sistemdən alınıb, icraçının üzərinə qoyulur... Bu məntiqi səhv təhsildəki bütün böhranların əsas səbəbidir. Ona görə də bir çox pedaqoqlar deyirlər: pis məktəb, pis müəllim, pis şagird yoxdur, pis təhsil sistemi var. Təhsil sistemini quranlar və idarəedənlər isə özlərindən başqa hamını günahkar hesab etməyə meyillidirlrə, baxmayaraq ki, sözdə “səhvlərdən nəticə çıxarmaq uğurun əsasıdır” kimi fikirlər bildirirlər...
Müəllim səbəb deyil, nəticədir...
Müəllim 11 il məktəbdə, 4 il universitetdə, sonra sertifikasiya, attestasiyalar, formal treninqlər –bir sözlə, fasiləsiz pedaqoji təhsil sistemində formalaşır (bunun təşkili və keyfiyyətinə hələ toxunmuruq), o, mövcud təhsil sisteminin məhsuludur. Əgər ali pedaqoji təhsil sistemi zəifdirsə, müəllim hazırlığı formal xarakter daşıyırsa, tədris-metodiki təminat, kurikulumlar keyfiyyətsiz, bürokratikdirsə, onda zəif müəllimin yetişməsi təbiidir. Müəllimi “keyfiyyətsiz” adlandırmaq, əslində, təhsil sisteminin öz fəaliyyətinə verdiyi diaqnozdur.
“Tərsinə qurulmuş təhsil sistemi” nə deməkdir?..
Normal qurulmuş təhsil sistemində proseslərə yanaşma ardıcıllığı belədir: təhsil fəlsəfəsi, təhsil siyasəti, kurikulum və proqramların tərtibi, müəllim hazırlığı, məktəb praktikası, təhsilin keyfiyyəti (nəticəsi). Bizim təhsil sistemində isə ardıcıllıq tərsinə cərəyan edir: nəticə günahlandırılır, səbəb isə toxunulmaz elan edilir. Bax bu, tərsinə qurulmuş təhsil sistemdir. Belə təhsil sistemində səhvləri nazirlik edir, cəzanı isə müəllimlər alır (8000 müəllim işdən azad edilir)...
ETN-in əsas problemi: səbəb–nəticə əlaqəsini “görməmək”…
ETN çox vaxt öz strateji səhvlərini görmür, amma müəllimin “səhvini” mikroskopla axtarır. Digər tərəfdən, ETN illərlə keyfiyyətsiz təhsil sistemi qurur, sonra da həmin sistemin məhsulunu cəzalandırır. Bu yanaşma nə elmi, nə pedaqoji, nə də etik baxımdan düz deyil. Nəticədə, təhsil sistemini quran menecerlər məsuliyyətdən yayınır, daha az günahı olanlar - müəllimlər hədəfə çevrilir...
Təhsildə rasionallaşdırma: ayrılan maliyyə niyə nəticə vermir?..
Əgər söhbət “təhsildə rasionallaşma”dan gedirsə, onda sual yaranır: niyə son illər təhsilin büdcəsi 5 qat artsa da, onun keyfiyyəti ilbəil enir? Bu sualın cavabı müəllimlərin maaşından, sertifikasiyadan, ixtisarlardan daha mühümdür. Əgər maliyyə artır, amma nəticə pisləşirsə, onda, deməli, problem müəllimdə deyil, problem təhsilin idarəetmə fəlsəfəsindədir. Maliyyə rasionallaşır, amma təhsilin özü rasionallaşmır...
“Mühasibat təfəkkürü” ilə təhsil idarə etmək mümkündürmü?..
Təhsil idarəsində “mühasibat təfəkkürü” üçün əsas göstərici qənaətdir, məqsəd xərcləri optimallaşdırmaqdır, ölçü xərclərin azalmasıdır. Amma təhsil investisiya, uzunmüddətli (strateji) düşüncə tələb edir, nəticənin görünməsinə isə xeyli vaxt lazım olr. Təhsili mühasibat məntiqi ilə idarə etməklə, insan kapitalı yaratmaq mümkün deyil... Bəlkə, 20 ildə “neft kapitalının insan kapitalına” çevrilə bilməməsi səbəbi elə budur?..
Müəllimi cəzalandırmaq çıxış yoludurmu?..
Minlərlə müəllimin sertifikasıya səbəbi ilə işini itirməsi, müəllim peşəsinin nüfuzunun aşağılanması, ETN-nin “zəif müəllimə niyə maaş verək?”, “ingilis dilini öyrədə bilməyən təhsil müəssisəsi məhkəməyə verilsin” kimi təkliflər təhsili xilas etmir. Əksinə, müəllim motivasiyasını məhv edir, gəncləri bu peşədən uzaqlaşdırır, sistemi daha da zəiflədir. Bu problemin həlli deyil, böhranın dərinləşməsidir...
2026-cı ildə təhsil elmi-pedaqoji əsaslarla yenidən qurulacaq, yoxsa, tərsinə qurulmuş sistemdə kosmetik dəyişikliklər hələ də davam edəcəkdir? Əgər ETN öz strateji səhvlərini etiraf etməzsə, səbəblərə toxunmazsa, müəllimi yenə günahlandırarsa, onda nəticə də dəyişməyəcək. Ümid edirik ki, təhsilin idarəedilməsi nəhayət ki, elmi- pedaqoji təfəkkürə əsaslanacaq, elmi əsaslar üzərində bərpa olunacaqdır. Güman edirik ki, “tərsinə qurulmuş təhsil” köklü şəkildə yenidən qurulacaq. Amma bunu sözlə, hesabatla, cəza ilə yox,konseptual dəyişikliklərlə etmək mümkündür...
Təhsili müəllimdən başlayaraq yox, onu yetişdirən təhsil sisteminin özünü dəyişdirərək xilas etmək mümkündür...
İlham Əhmədov, dosent.”