“Təklif edirik ki, Baş nazirin iştirakı ilə ölkənin elm və təhsil sisteminin durumu geniş müzakirə edilsin, buna NK-nin ayrıca iclası həsr edilsin, çıxış yolları araşdırılsın və göstərilsin...”
“Azərbaycanın bəzi universitetlərinin diplomları Türkiyədə tanınmır...” - Baş nazir Əli Əsədov.
“Son illərdə elm və təhsil sahəsində ciddi irəliləyişlərə nail olmuşuq...” Emin Əmrullayev
“Bəli, təəssüf ki, bu gün bizim universitetlərin diplomları nəinki Avropada, hətta qardaş Türkiyədə də tanınmır. Artıq təhsildəki böhran haqqında ciddi düşünməyin vaxtıdır. Bu fakt bizim ali təhsil sisteminin vəziyyəti haqqında həyəcan sinalıdır. 20 ildə heç bir universitetimiz Boloniya prosesi tələbləri səviyyəsinə yüksələ bilmədisə, diplomların tanınmaması təbii haldır”.
Bu fikirləri Moderator.az-a açıqlamasında təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədov ifadə edib.
“Amma bu biabırçılıq Elm və Təhsil Nazirliyini heç narahat etmir. Hay-küylü brifinqlər, tele-müsahibələr, xarici səfərlər, konfranslar və selfilər tüğyan edir yenə. Belə “pokazuxa” ilə real iş bir araya sımaz. ETN 15 ildir yalnız iş görüntüsü yaratmaqla məşğuldur. Boloniya prosesinin əsas tələblərindən biri də hər bir universitetdə "Təhsilin Keyfiyyətinə Təminat" sisteminin (TKTS) qurulmasıdır. Təəssüf ki, 20 ildə heç bir universitetimizdə beynəlxalq tələblər səviyyəsində TKTS qurulmadı. Çünki zəruri keyfiyyət standartları ETN tərəfindən hazırlanmamış və təsdiq edilməmişdir. Amma bu ETN-i narahat etmir. Nazir sözdə deyir ki, universitetlərimizdə "Təhsilin Keyfiyyətinə Təminat" sistemi yoxdur. Amma real olaraq heç nə etmir. Bu artıq ənənədir.. Nöqsanları səsləndirmək, amma heç nə etməmək. Bəs onda TKT Agentliyi və EAT Agentliyi niyə yaradıldı?”, -deyə davamında ekspert sual edib.
Alim hesab edir ki, son 20 ildə ali məktəblərimiz neft kapitalını insan kapitalına çevirə bilməyib:
“Postneft erası üçün rəqəmsal iqtisadiyyat qurmaq istəyirik, strategiyalar qəbul edirik. Amma insan kapitalımız buna hazır deyil. Çünki universittetlərimiz çox zəifdir. 20 ildə universitetlərimiz neft kapitalını insan kapitalına çevirə bilmədi. İnsan kapitalımız zəif olarsa, rəqəmsal iqtisadiyyat proqramlarına xarici investorlar tapa bilməyəcəyik. Rəqəmsal iqtisadiyyatın inkişafı bizim üçün çox vacibdir və bunu yalnız xarici şirkətlərlə reallaşdırmaq təhlükəlidir, bu rəqəmsal və texnoloji suverenliyə, milli təhlükəsizliyə ciddi təhdiddir. Hal-hazırda qonşu dövlətlərə bu sahədə böyük xarici investisiyalar edilir. Amma bu durum ETN-i heç narahat etmir...”
“20 ildir ölkədə distant təhsilin tətbiqinə qarşı səlib yürüşü təşkil edən Təhsil Nazirliyi hətta pandemiya kimi ciddi imtahandan da heç bir nəticə çıxarmadı. Distant təhsilə dair heç bir hüquqi normativ və resurs təminatı olmadan, hazırlıq işləri aparılmadan, yalnız vebinarlar keçirməklə " Biz distant təhsil qurduq və İngiltərə və Ukrayna bizim distant təhsil təcrübəmizi öyrənir" kimi məsuliyyətsiz bəyanat verən qurum, indi də yenə heç bir hüquqi normativ və elmi-texniki-metodiki və digər resurs təminatı olmadan, hazırlıq işləri aparılmadan yeni dərs ilindən məktəblərdə distant təhsil aparmaq istəyir. Bunun necə təşkil ediləcəyini və nə ilə nəticələnəcəyini indidən deyə bilərik. Niyə 50+ universitetimizdən heç birində hələ də beynəlxalq tələblər səviyyəsində distnt təhsil sistemi qurulmadı? Süni intellekt dövründə, distant təhsili olmayan universitetlərin nə rəqabət qabiliyyətliliyi ola bilər?”, - İlham Əhmədov növbəti sualları səsləndirib.
Davamında ekspert Elm və Təhsil Nazirliyini ölkənin elm və təhsilinin inkişafına töhfə verə bilməyən saxta elm-təhsil menecerlərdən təmizləməyin zəruriliyini də vurğulayıb:
“Universitetlərimizin qlobal reytinqlərdə cüzi irəliləyişi üçün ETN-nin bahalı manipulyasiyaları ilə universitetlərin real inkişafına nail olmaq mümkün deyil. Universitetlərimiz belə mənasız, amma bahalı manipulyasiyalara, bahalı təmirlərə milyonlar xərcləməkdənsə, real inkişaf haqqında düşünməli, konkret inkişaf proqramları icra etməlidir.
Son 30 ildə universitetlərimizdə elm və təhsilin inkişafı üçün zəruri investisiyaların heç 10 %-i edilməyib. Bu gün universitetlərimizə ən azı bir milyard manatlıq investisiya edilməlidir ki, 5-10 ildən sonra inkişafı müşahidə edə bilək. Amma əvvəlcə ETN-nin insan kapitalını, kadr heyətini gücləndirmək zəruridir. ETN-i ölkənin elm və təhsilinin inkişafına töhfə verə bilməyən saxta elm-təhsil menecerlərdən təmizləmək lazımdır...”
“Universitetlərin hamısının formal olaraq inkişaf strategiyaları var, amma onların reallaşdırılmasınıın monitorinqi ETN tərəfindən aparılırmı, hans irəliləyişlər olub, hansı mənbədən maliyyələşib bu "inkişaf"? ETN-ni bu suallar maraqlandırırmı? Yox. Maraqlandırsa idi, onları tez “PHŞ” edib, hər il onlardan özünün yaratdığı TİF Fonduna milyonlar cəlb etməzdi.
8 il əvvəl NK "Tədqiqat Universiteti" (TU) üçün meyarlar təsdiq edib, amma ölkədə hələdə bir dənə də olsa TU yaranmayıb. Ölkə universitetlərində aparılan tədqiqatlar hələ də normal maliyyələşmir, nəticələr yoxdur, amma hansısa yollarla "universitetlərin fənlərarası tədqiqat reytinqləri"ndə universitetlərimiz irəliləyir. Universitetlərimiz hələ də monodisiplinar tədrisi normal qura bilmir, ETN monodisiplinar tədrisə keçməkdən danışır”, - deyə alim diqqətə çatdırıb.
“Təm-təraqla yaradılan yeni təhsil Agentliklərinin fəaliyyəti də, elə ETN-nin fəaliyyəti kimi hiss edilmir. Nazir isə hər gün yeni-yeni uğurlardan danışır. Burda deyirlər, "Utanmasan oynamağa nə var ki?" Təklif edirik ki, Baş nazirin iştirakı ilə ölkənin elm və təhsil sisteminin durumu geniş müzakirə edilsin, buna NK-nin ayrıca iclası həsr edilsin, çıxış yolları araşdırılsın və göstərilsin. Bu sahəni çökdürən məmurların yox, ölkənin tanınmış alimlərinin və müstəqil ekspertlərin təklifləri dinlənilsin, əks halda bu sahəni xilas etmək mümkün olmayacaqdır. Tərsinə qurulmuş təhsilimizi kimlər və nə vaxt normal relslər üzərinə gətirəcək? Təhsilimizə sahib çıxmalıyıq. Çünki, təhsil millətin gələcəyidir”, -deyə ekspert bir daha vurğulayıb.
Sultan Laçın