“Monodisiplinar və multidisiplinar modellərə səthi yanaşma təhsilimizdə daha böyük fəsadlar yarada bilər...”
Elm və Təhsil
2187
10:20, Bu gün

“Monodisiplinar və multidisiplinar modellərə səthi yanaşma təhsilimizdə daha böyük fəsadlar yarada bilər...”

“Azərbaycan üçün ali təhsildə multidisiplinar model zəruridir…” Emin Əmrullayev 
 
"Bu gün çox az magistr proqramlarımız ola bilər ki,  beynəlxalq akkreditasiyadan keçmiş ola (bəlkə də heç yoxdur). Belə bir şəraitdə  multidisiplinar  təhsil modeli haqqında danışmaq, qeyri peşəkarlıq,  diletantlıqdır..."  
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun “Güclü monodissiplinar təhsil  modeli olmadan, multidisiplinar təhsil  modelinə  keçid  xaos yaradar” başlıqlı növbəti elmi-analitik məqaləsini təqdim edir:  
 
 
“Son illər ali təhsildə “multidisiplinarlıq”, “çevik kurikulum”, “fənlərarası sinerji” kimi anlayışlar  şüarlara çevrilib. Bu terminlər müasirlik, innovasiya və qlobal uyğunlaşma görüntüsü yaradır.  Lakin təhsil sistemində əsas olan  terminlərin populyarlığı və görüntü yaratmaq deyil, əsas olan institusional hazırlıq səviyyəsidir… 
Bu ərəfədə ADNSU-da keçirilən elmi konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib ki: 
 
“Azərbaycan üçün ali təhsildə multidisiplinar model zəruridir.  Bu halda yetişən kadrlar arasında heç bir bilgi alış-verişi olmur.  Bəlkə, hansısa böyük ölkələr üçün bu model uğurludur, amma Azərbaycan kimi ölkə üçün ali təhsildə multidisiplinar model zəruridir”.   
 
Bizim təhsil sistemində monodisiplinar və multidisiplinar təhsil modeli anlayışları termin olaraq  az işlənir, nisbətən yenidir.  Ölkədə təhsil elmləri üzrə elmi-tədqiqat mərkəzi 10 il əvvəl dağıdılıb, bu sahədə durğunluq var, ona görə də bu təhsilin müasir trendləri barədə tədqiqat aparanlar, yazanlar, danışanlar da azdır.  Bu səbəblərdən bu anlayışların izah edilməsinə, bu təhsil modellərinin mahiyyətinin açılmasına ciddi ehtiyac var. 
 
Təcrübə göstərir ki, proseslərə elmi yanaşma olmayanda,  anlayışlar düzgün təyin edilməyəndə,  terminlər və ideyalar qarışdırılanda, səhv qərarlar və pis nəticələr alına bilər. 
 
Bu 2  model arasında nə kimi əlaqələr var? Oxşar və fərqli cəhətlər nədir?
 
İlkin olaraq qeyd edək ki,  güclü monodissiplinar təhsil modeli qurulmadan multidisiplinar təhsilə keçid inkişaf yox, xaos yaradacaq. 
 
1. Monodisiplinar təhsil fundamentdir. Niyə?
 
Monodisiplinar təhsil  elmi metodun öyrədildiyi mühitdir,  anlayışların dəqiq tərif  verildiyi  bir sistemdir,  müəyyən fənn  daxilində  məntiqin, terminologiyanın və tədqiqat mədəniyyətinin formalaşma  mərhələsidir.   Bu modeldə tələbə  müəyyən bir elm sahəsinin düşüncə tərzini öyrənir, sübut, arqument, metod və nəticə arasındakı əlaqəni mənimsəyir, intellektual intizam qazanır.  
 
Multidissiplinarlıq isə bu bacarıqların üzərinə qurulan ikinci mərhələdir. Bünövrəsi olmayan evə eyvan əlavə etmək mümkün olmadığı kimi, zəif monodissiplinar bazası olan ali təhsil  sistemində  multidisiplinarlıq  yalnız  terminlərin  qarışmasına gətirib çıxara bilər.
 
2. Multidisiplinarlığın yanlış anlaşılması. 
 
Çox vaxt multidisiplinarlıq belə başa düşülür: müxtəlif fənləri bir proqramda toplamaq, birləşdirmək, müxtəlif müəllimləri eyni kursa cəlb etmək, “hər şeydən  bir az” öyrətmək.  Bu, multidisiplinarlıq deyil, bu fragmentasiyadır.  Əsil multidisiplinarlıq müxtəlif sahələrin metod və məntiqinin qarşılaşdırılmasıdır, problemlərə fərqli elmi prizmalardan baxmaq bacarığıdır, sahələrarası dialoqu idarə edə bilən akademik mədəniyyətdir.  Bu yalnız öz sahəsini dərindən bilən alim, müəllim   və tələbələrlə mümkündür.
 
3. Azərbaycan kontekstində risklər
Azərbaycan ali təhsilində  xeyli problemlər var, bu səbəbdən monodissiplinar proqramlar formal xarakter daşıyır,  fundamental fənlər zəif tədris olunur, tədqiqat metodologiyası səthi verilir, akademik yazı və analitik oxu bacarıqları formalaşmır.  Belə bir mühitdə multidisiplinarlıq  dərinliyi  artırmır,  amma məsuliyyəti azaldır. Bu model ixtisaslı kadr deyil, “ümumi məlumatlı” məzun yaradır. Nəticədə  universitet elmi müəssisədən seminarlar  klubuna çevirir.  Bu artıq akademik xaosdur:  nə sahə var, nə metod, nə də ölçülə bilən nəticələr...
 
4. Güclü ali təhsil sistemlərində necə edirlər?
 
Qabaqcıl ali təhsil sistemləri (Almaniya, Böyük Britaniya, Skandinaviya) əvvəlcə monodissiplinar intizamı qurur, bakalavr səviyyəsində sahə dərinliyi yaradır, yalnız bundan sonra magistratura və doktoranturada multidisiplinar modullara keçirlər.  Bu ölkələrdə multidisiplinarlıq  alternativ deyil, üst qatdır,  əsas deyil, inteqrativ mexanizmdir, şüar yox, akademik mədəniyyətin nəticəsidir... 
 
Biz isə 25 ildən artıqdır magistratura pilləsi “yaratmışıq”, amma 90 %  magistratura proqramlarında və onların tədrisində keyfiyyət yoxdur. Niyə? Səbəbini ETN bilir. Bu 25 ildə mgistratura proqramlarının hazırlanmasına nə qədər investisiya qoyulub? İndi də bu proqramların yenilənməsi gedir. Bura maliyyə yatırılırmi? Yəqin ki, əvvəllər olduğu kimi, ictimai əsslarla edilir bu “islahat”.  Ucuz ətin şorbası isə zəif məzunlar yaradır. Bu gün çox az magistr proqramlarımız ola bilər ki,  beynəlxalq akkreditasiyadan keçmiş ola (bəlkə də heç yoxdur). Belə bir şəraitdə  multidisiplinar  təhsil modeli haqqında danışmaq, qeyri peşəkarlıq,  diletantlıqdır.  
 
5. İdarəetmə baxımından edilən əsas səhv
 
Təhsil islahatlarında tez-tez  zəif  nəticələrdən danışırıq,  amma səbəblər aradan qaldırılmır. Multidisiplinarlıq  haqqında danışmaq  fundamental fənlərin keyfiyyətini artırmır, müəllim hazırlığını avtomatik  yüksəltmir,  elmi mühit yaratmır.   Əgər sistemin özəyi zəifdirsə, onun üzərinə  yeni, daha ağır kompleks strukturlar  yükləmək sistemi dağıda bilər. 
 
6. Bəs  doğru keçid necə olmalıdır?
 
Monodissiplinar ali təhsil  modelindən multidisiplinar ali  təhsil  modelinə  keçid təxminən bu  yol xəritəsi  ilə rellaşa bilər:
 
1. Monodissiplinar proqramların elmi və metodoloji baxımdan gücləndirilməsi;
 
2. Akademik yazı, tədqiqat metodları və analitik düşüncənin standartlaşdırılması;
 
3. Müəllimlərin sahə üzrə dərinləşməsi,   elmi fəaliyyətin stimullaşdırılması;
 
4. Yalnız bunlardan sonra seçilmiş proqramlar üzrə pilot multidisiplinar ali təhsil modellərinə keçid mümkündür. 
Bu ardıcıllıq pozularsa, nəticə inkişafa  yox, idarəolunmaz xaotik proseslərə təkan olar.   Multidisiplinarlıq ali təhsilin gələcəyidir, amma təhsilin başlanğıcı deyil. Güclü monodissiplinar baza olmadan multidisiplinar təhsil bilikləri birləşdirmir, qarışdırır, düşüncəni zənginləşdirmir,  qarmaqarışıqlıq  yaradır, sistemi inkişaf etdirməz, müvəqqəti olaraq  onun zəifliyini ört-basdır edər.
 
Problemlər, nöqsanlar, pis nəticələrin səbəbləri  qaldıqca, son nəticələr dəyişməz. Əvvəl sağlam bünövrə qurulmalı,  sonra inteqrativ proseslər  olmalıdır. Başqa yol xaosdur.  Bu səbəblərdən bu  yazı ilə ETN-i  xəbərdar edirik: məsələlərə səthi yanaşmalar daha böyük fəsadlar yarada bilər...
 
Dosent İlham Əhmədov”
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər