“Öncə Azərbaycan təhsilinin STEAM-dan da mühüm problemlərini həll etmək gərəkdir...”-EKSPERT
Elm və Təhsil
485
13:43, Bu gün

“Öncə Azərbaycan təhsilinin STEAM-dan da mühüm problemlərini həll etmək gərəkdir...”-EKSPERT

“Əvvəlcə klassik təhsilin bazası olan ana dili və riyaziyyatı düzgün tədris etmək lazımdır. Yəni uşaq oxusun, dərk eləsin, oxuma həvəsi olsun, riyazi təfəkkürü inkişaf etsin, məsələ-misallar həll edə bilsin...”
 
“Mən son 20 ildə Azərbaycan təhsil sistemində hədəfinə çatmış hansısa strategiya, dövlət proqramı görməmişəm. Hamısı yarımçıq, hamısı –səmərəsiz... Pullar gedir- nəticə isə yoxdur.  STEAM da Azərbaycanda eyni qayda və prinsiplərlə tətbiq olunan bir şeydir...”
 
"Odur ki, əgər buna doğrudan da ehtiyac varsa, STEAM bilgilərini şagirdlərə dərnək formasında və ya sinifdənkənar, məktəbdənkənar təlimlərlə aşılamaq olar.  Yoxsa bunu icbari şəkildə bütün məktəblərdə fənn kimi tədris etmək doğru deyil. 30 ildir bizim məktəblilərin həyatı repetitorların evlərində testləri əzbərləməklə keçir, amma sadə riyazi məsələləri həll edə bilmirlər.  Belə şagirdlərə STEAM-i-filanı öyrətməklə gözlənilən nəticəni əldə etmək mümkün deyil..."
 
Xəbər verildiyi kimi, bu günlərdə Beynəlxalq STEAM Azərbaycan Festivalının(SAF) açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev deyib: “...Gələn il SAF layihə kimi qalmayacaq, Azərbaycan təhsilinin bir hissəsinə çevriləcək. SAF-ın növbəti ildən ayrı bir fənn kimi tədris edilməsini planlaşdırırıq. Həmçinin bu layihə gələn il Qarabağ Universitetində də ayrıca ixtisas kimi tədris ediləcək”.
 
Görəsən, onsuz da lüzumsuz tədris yükləri ilə yüklənmiş orta və ali məktəblərimiz üçün hazırda belə bir fənnin keçilməsi  nə qədər məqsədəuyğundur? Və bunun mütəxəssislərin sözlərinə görə, heç bir strategiyaya malik olmayan təhsilimizdə doğrudan elmi və praktik baxımdan hansısa gerçək nəticələri olacaqmı?.. 
 
Tanınmış təhsil eksperti İlham Əhmədov mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib:
 
 “Öncə məlumatı olmayan oxuculara STEAM haqda qısa bir məlumat verməyi özümə borc bilirəm. 
 
Elm və Təhsil Nazirliyinin son illər daha çox güvəndiyi nailiyyətlərdən biri STEAM təhsil layihəsidir. STEAM təhsili nədir? Bu təhsil modelinin üstünlükləri nədən ibarətdir?
 
STEAM - Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. STEAM təhsilalanlarda tənqidi yanaşma, yaradıcı düşünmə, qazanılan biliklərin müqayisəli şəkildə anlaşılması, yaradıcı formada yeni layihələr əsasında biliyin möhkəmlənməsi, əməkdaşlıqetmə və s. kimi XXI əsr bacarıqlarını formalaşdırır. STEAM fənləri ayrılıqda öyrətmək əvəzinə, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirir.
 
2023-cü ilin yanvarında Bakıda STEAM Mərkəzinin yeni binasının açılışı oldu. Yəqin ki, bir neçə milyon manat bu müasir binanın tikintisinə və təchizatına pul qoyulub (konkret rəqəm yəqin dövlət sirridir, ETN mətbuatda belə məlumatları vermir). Olmazdımı, o məbləğin 10%-ni bu işin elmi- metodik təminatına sərf etsin, bu yeni təhsil sferası hər tərəfli öyrənilsin?..
 
Rusiyada aparılan tədqiqatlar göstərir ki, STEAM təhsil postsovet məkanında gözlənilən nəticələri vermir. Klassik təhsil daha səmərəlidir. 
 
Təhsl Nazirliyi elmdən və elmi proqnozlardan uzaq olduğu üçün innovasiyaları ölkəyə transfer edəndə çox vaxt lazımlısını kənar edib (necə ki, 25 il distant təhsili yaxın qoymurlar), lazımsızı başa keçirdirlər. 
 
STEAM təhsilinin heç bir faydası yoxdur?!
 
Texniki mütəxəssislərin daha çox maaş alması ilə bağlı ümumi mifə baxmayaraq, bəzi araşdırmalar bunun əksini göstərir.
 
STEAM (Science, Technology, Engineering, Art, Math) texnoloji və iqtisadi inkişafın mühərriki hesab olunur. İnkişaf etmiş ölkələrdə STEM mütəxəssislərinin çatışmazlığı texniki sahələrdə daha çox tələbə yetişdirmək üçün ali təhsil istiqamətinin dəyişdirilməsini zəruri etdi.
 
Hər il təxminən 300 min STEAM mütəxəssisi Rusiyanın əmək bazarına daxil olur. Bu, hər dördüncü məzun deməkdir. STEAM bacarıqlarına artan tələbat bu sahədə bərabərsizlik yaradır. Karyeralarının əvvəlində STEAM mütəxəssisləri yüksək maaş aldığı halda, bu maaş çox keçmir ki, eyni sürətlə azalmağa başlayır.
 
STEAM bacarıqları yaxşı əmək haqqı almağa imkan verir, lakin bu bacarıqlar tez köhnəlir. Texnoloji işçilər daha aktiv şəkildə əlavə kurslar keçməlidirlər. Araşdırmalar göstərir ki, bu baş vermir. STEAM işçiləri, STEAM olmayan işçilərdən və daha gənc mütəxəssislərdən getdikcə daha çox geri qalırlar. Qeyri-STEAM ixtisasları ilə müqayisədə heç bir üstünlük yoxdur, texnoloji bacarıqların köhnəlməsi heç bir şəkildə kompensasiya edilmir və yenidən hazırlıq da kömək etmir...
 
Belə hesab edirəm ki, hazırda Azərbaycan təhsilinin STEAM-dan da mühüm problemləri var. Bu, ibtidai siinflərdə uşaqların təhsilinin keyfiyyətini yüksəltməkdir. Onların oxu vərdişlərini, oxuyub anlama qabiliyyətlərini, riyazi biliklərini inkişaf etdirməkdir. Və bu məzmunda yuxarı sıniflərə keçdikcə riyaziyyatın və ana dilinin dərs saatlarını ixtisar etməmək şərti ilə əsas aparıcı fənlər bu ikisi olmalıdır... 
 
STEAM kimi inteqrativ fənnlərin tədrisi isə bir eksperimentdir. Bu fənn bir sıra ölkələrdə özünü doğrultmadı- ondan imtina etdilər, bəzi ölkələrdə isə hələ də tətbiq edirlər.
 
İbtidai məktəb şagirdlərə ilk növbədə oxumağı, yazmağı, nazirin özünün dediyi kimi, oxuduğu mətni anlamağı öyrətməlidir. Yəni əsas, köklü vərdişlər, məsələlər öyrədiləndən sonra qalan şeyləri uşaqlara həyat öyrədəcəkdir. Odur ki, əgər buna doğrudan da ehtiyac varsa, STEAM bilgilərini şagirdlərə dərnək formasında və ya sinifdənkənar, məktəbdənkənar təlimlərlə aşılamaq olar.  Yoxsa bunu icbari şəkildə bütün məktəblərdə fənn kimi tədris etmək doğru deyil. 30 ildir bizim məktəblilərin həyatı repetitorların evlərində testləri əzbərləməklə keçir, amma sadə riyazi məsələləri həll edə bilmirlər.  Belə şagirdlərə STEAM-i-filanı öyrətməklə gözlənilən nəticəni əldə etmək mümkün deyil. Öncə klassik təhsilin bazası olan ana dili və riyaziyyatı düzgün tədris etmək lazımdır. Yəni uşaq oxusun, dərk eləsin, oxuma həvəsi olsun, riyazi təfəkkürü inkişaf etsin, məsələ-misallar həll edə bilsin. Bir daha təkrar edirəm, ana dili və riyaziyyatı biləndən sonra uşaqlar onlara gərək olacaq digər bilgiləri mənimsəyəcəklər. Həyat həmişə belə olubdur. Biz də belə görmüşük. Yoxsa riyaziyyatın, ana dilinin saatını azaltmaqla hansısa qondarma fənnləri məktəblilərə sırımaq doğru deyil. Onsuz da bizim təhsil menecerlərinin apardığı islahatların hamısı yarımçıq, səmərəsizdir. Həmin islahatların nə icra planı, nə strategiyası, nə də gərəkli maliyyələşməsi var.  Görülən işlərin hamısı hədəfdən yayınır. Mən son 20 ildə Azərbaycan təhsil sistemində hədəfinə çatmış hansısa strategiya, dövlət proqramı görməmişəm. Hamısı yarımçıq, hamısı –səmərəsiz... Pullar gedir- nəticə isə yoxdur.  STEAM da Azərbaycanda eyni qayda və prinsiplərlə tətbiq olunan bir şeydir... İndi bölgələrdə də STEAM mərkəzləri tikəcəklər, çoxlu tədbirlər keçirəcəklər. Və s. və i.a. Amma hər şey maliyyə israfına yönəlir- nəticəsi isə yoxdur. Maliyyələşmə nəticəyönlü olmalıdır. Nəticə verməyən proseslər, layihələr maliyyələşməməlidir. Nazir bir yandan deyir ki, biz proseslərə yox, nəticələrə maliyyə ayırmalıyıq. Amma özü iş başına gələndən heç bir nəticə verməyən layihə və prosesləri maliyyələşdirir...”
 
Təqdim etdi:
Sultan Laç
 
Link kopyalandı!
Son xəbərlər