Elm və Təhsil
765
15 Nov 2025 | 22:10

"Sınaq poliqonu"na çevrilmiş Azərbaycan təhsili

Son günlər Elm və Təhsil Naziri Emin Əmrullayevin Milli Məclisdə səsləndirdiyi açıqlamalar sanki rezonans effekti yaratdı. Təhsil hər birimizin həyatının, gələcəyimizin ayrılmaz hissəsidir – buna görə də bu sözlər dərhal cəmiyyətin diqqət mərkəzinə düşdü.

Amma sosial şəbəkələrə və mətbuata nəzər salanda bu açıqlamalara müsbət yanaşan çox az adam var. Hətta bəziləri biraz da irəli gedərək, Emin müəllimi “təhsil düşməni” kimi qələmə verməkdən çəkinməyib.

Onsuz da qalmaqallı açıqlamaları ilə diqqət çəkən Emin Əmrullayev bu dəfə daha sərt tənqidlərin hədəfinə çevriləcək. Və bu, yalnız başlanğıcdır. Təhsil məsələsi sadəcə siyasət deyil – gələcəyimizdir. Gələcək nəsillərin taleyi isə bu gündən formalaşır.

Hər kəs eyni sualı verir: bu dəyişikliklər müəllimlərin gündəlik işini həqiqətən asanlaşdıracaq, yoxsa sadəcə kağız üzərində qalan eksperiment olaraq qalacaq?

Cəmiyyətin reaksiyası göstərir ki, təhsil sahəsindəki hər yenilik yalnız plan üzrə deyil, real nəticələr və müəllimlərin gündəlik təcrübəsi ilə ölçülməlidir. Əks halda, istənilən islahat boş sözlərdən o tərəfə keçməyəcək.

ETN isə hələ də axtarışdadır: iş saatlarının dəyişdirilməsi, ardıcıl eksperimentlər və qeyri-sabit qərarlar… Sanki Azərbaycan təhsil sistemi “sınaq poliqonu”dur. Halbuki son 30 ildə imitasiya üzərində qurulan  təhsil modeli cəmiyyətin gələcəyə pessimist yanaşmasına  zəmin yaradır, çox təəssüf.

Rəqəmsal dünyaya transformasiya olunmayan cəmiyyətlərdə insanlar qlobal inkişafdan geri qalacaq, özlərini zəif hiss edəcək, zamanla gərəksiz olduqlarını anlayacaqlar. Bu, xüsusilə öyrənmək, dəyişmək istəməyənlərə aiddir.

Amma, qlobal proseslərə adaptasiya olanlar üçün vəziyyət tam fərqli olacaq: yaradıcı düşünən, analiz edən, ideya istehsal edən cəmiyyətlər üçün rəqəmsal dövr yeni imkanlar yaradacaq. Unutmayaq ki, süni intellektin məlumat bazası insan zəkası, insan yaradıcılığı və insan təcrübəsi ilə zənginləşir.

Süni intellekt “yanacaq mənbəyi”nə çevrilə bilməyən cəmiyyətlər üçün isə, proses çətin və ağrılı olacaq.

Xatırladaq ki, 44 günlük müharibədən sonra  Azərbaycan Prezidenti İlham Əliyevin gələcəyə baxışının əsas strateji istiqamətlərindən birini “yaradıcı və innovativ cəmiyyət” qurmaq təşkil edir. Bu model Azərbaycanın gələcək inkişafının tək mühərrikidir. Çünki bu gün ölkələr arasında rəqabət artıq ərazi və ya resurs uğrunda deyil, bilik, texnologiya və yaradıcılıq uğrunda gedir. Dövlət başçısının vurğuladığı innovativ cəmiyyət konsepsiyası, əslində, Azərbaycanın yeni təhlükəsizlik doktrinası, yeni sosial-iqtisadi modelidir. Belə bir mərhələdə ölkənin ən strateji sektoru - təhsil sistemi ən çevik və nəticəyönlü sahə olmalıdır. Əksinə, təhsil hər gün dəyişən dünya ilə ayaqlaşmaq üçün qabaqlayıcı qərarlar qəbul etməli, yeni nəsli qlobal rəqabətə hazırlamalı idi. Bu işdə əsas məsuliyyət isə heç şübhəsiz ki, Elm və Təhsil Nazirliyinin üzərinə düşür.

ETN bu istiqamətdə görülən işlər barədə danışmaq, nəticələr haqqında sorğular aparmaq əvəzinə, hələ də toplananların yerini dəyişməklə məşğuldur.

P.S. Yağış yağanda körpüləri su basır, əksər media əməkdaşları və sosial şəbəkə istifadəçiləri gecə-gündüz bundan yazır, danışırlar. Amma hər kəsin göz önündə “lil” basmış təhsil sistemini görmək istəmirlər, sanki belə bir problemimiz yoxdur.Artıq gecikmək olmaz: aidiyyatı qurumlar və məsul şəxslər ölkəmizin gələcəyini xilas etmək üçün real islahatlar aparmalı, gənclərin bacarıqlarını inkişaf etdirəcək davamlı strategiya tətbiq etməlidirlər. Əks halda, imitasiya üzərində qurulan hər dəyişiklik boş yerə sərf edilmiş enerji kimi qalacaq və Azərbaycan təhsil sistemi yalnız ötən illəri yox, gələcək nəsillərin perspektivini də riskə atacaq.

 

Bahadur Aliyev

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər