Məktəblərdə “boş saat” dövrü bitir, müəllim hazırlıq və monitorinqə vaxt ayıracaq
Elm və Təhsil
239
11:29, Bu gün

Məktəblərdə “boş saat” dövrü bitir, müəllim hazırlıq və monitorinqə vaxt ayıracaq

"Azərbaycan təhsilində illərlə davam edən ən böyük paradoks ondan ibarət olub ki, müəllimin fəaliyyəti yalnız auditoriyada keçirdiyi 45 dəqiqəlik dərs saatı ilə ölçülüb, lakin sistemdən isə dünya standartlarında nəticə tələb edilib. Bu, həm pedaqoji məntiqə, həm idarəetmə düşüncəsinə, həm də beynəlxalq təcrübəyə zidd modeldir".
 
Moderator.az xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında təhsil mütəxəssisi Kamran Əsədov deyib.
 
O qeyd edib ki,  Elm və Təhsil Nazirliyinin irəli sürdüyü yeni model  müəllim fəaliyyətini tam iş günü üzərində qurmağa və real əməkhaqqı artımının hüquqi mexanizmini yaratmağa yönəlir:
 
"PISA 2022 nəticələrində Azərbaycan şagirdlərinin riyaziyyatda 397 bal toplaması, OECD ortalamasından 75 bal geri qalması, oxu-anlama üzrə baza səviyyəsinə belə çatmayanların payının 50%-i keçməsi və elmlərdə də analoji gecikmələrin müşahidə olunması təhsil prosesinin yalnız auditoriya dərsinə endirilməsinin nə qədər təhlükəli olduğunu rəqəmlərlə sübut edir. Bu statistika göstərir ki, hazırkı mexanizm nə müəllimin peşəkar inkişafına şərait yaradır, nə də şagirdin inkişaf dinamikasını idarə etməyə imkan verir; nəticədə həm məktəb zəifləyir, həm də repetitorluq bazarı güclənir.
 
Hüquqi çərçivə də bu problemin struktur xarakter daşıdığını təsdiqləyir. “Təhsil haqqında” Qanunun 19.1-ci maddəsində ümumi təhsilin məqsədinin “təhsilalanlara zəruri bilik, bacarıq və vərdişlərin verilməsi” və onların həyata hazırlanması olduğu qeyd olunur, eyni qanunun təhsilverənlərlə bağlı müddəaları isə pedaqoji fəaliyyətin keyfiyyətinə dair dövlət öhdəliyini müəyyən edir. “Ümumi təhsil haqqında” Qanunun 26-cı maddəsində müəllimin sosial müdafiəsinin təmin edilməsinin dövlətin birbaşa borcu olduğu açıq şəkildə göstərilir. Bu iki normanın birlikdə təhlili onu deməyə əsas verir ki, müəllimin həm keyfiyyətli fəaliyyət göstərməsi, həm də sosial təminatının möhkəm olması qanunvericiliyin tələbidir. Elm və Təhsil Nazirliyinin yeni modeli məhz bu iki tələbi eyni anda təmin etməyə yönəlir: müəllimin iş vaxtını tam iş günü prinsipi ilə təşkil edir və ona adekvat əməkhaqqı təminatını mümkün edən hüquqi baza yaradır.
 
Reallıq isə uzun illərdir belə qurulmayıb. Müəllimin əməyi faktiki olaraq yalnız 45 dəqiqəlik dərs vahidi ilə ölçülüb, ştat və saathesabı fərqi olsa da, praktikada hər iki halda müəllim dərsi deyib məktəbi tərk edib. Hazırlıq, qiymətləndirmə, metodik iş, şagirdlə fərdi məşğuliyyət, dərnək və layihələr isə formal səviyyədə qalıb. Təhlil göstərir ki, bu model müəllimi məktəbin intellektual və sosial həyatından kənarda saxlayır və keyfiyyətin yüksəlməsi üçün zəruri olan pedoqoji dövriyyəni – müşahidə, refleksiya, komanda işi, planlaşdırma və inkişaf fəaliyyətlərini sıfıra endirir. Bu səbəbdən dərsdənkənar fəaliyyətlər çox vaxt formal xarakter daşıyır, metodbirləşmələr isə sənədləşmə iclası səviyyəsində qalır. 
 
Yeni modelin tətbiqi bu boşluğu dolduran mexanizm kimi çıxış edir. Əgər müəllim tam iş günü məktəbdə olur və həftəlik 18–24 saat auditoriya dərsindən əlavə 100 saatdan çox vaxtı pedaqoji fəaliyyətə sərf edirsə, məktəb daxilində real peşəkar icma formalaşır".
 
Kamran Əsədov bildirir ki, dünya təcrübəsində bu model özünü təsdiq edir:
 
"Sinqapurda müəllimin həftəlik 5–6 saatı yalnız peşəkar öyrənmə görüşlərinə ayrılır, Finlandiyada dərs analizi və tədqiqat müəllimin gündəlik fəaliyyətinin tərkib hissəsidir, Estoniyada isə müəllimin məktəbdə daimi olması rəqəmsal idarəetmə və şagird monitorinqi üçün əsas şərtdir. Hər üç ölkə PISA nəticələrinə görə dünyanın ilk onluğundadır və onların ümumi cəhəti auditoriya dərsindən çox pedaqoji icma fəaliyyəti ilə nəticəni idarə etmələridir.
 
Bu yanaşma tətbiq olunanda Azərbaycan məktəblərində bir neçə fundamental dəyişiklik baş verir. Şagird davranışlarının idarə olunması daha effektiv olur, çünki müəllim məktəbdə daha çox olur və sosial-emosional əlaqə güclənir. Təhsildə bərabərsizlik azalır, çünki repetitorluq zərurətini doğuran əsas səbəb – məktəbin şagirdi inkişaf etdirməkdə yetərsiz qalması – struktur şəkildə aradan qaldırılır. Müəllimin yükü daha ədalətli bölünür: bu gün bəzi müəllimlər sadəcə formal olaraq məktəbdə “ad saxlayır”, digərləri isə bütün yükü daşıyır; 8 saatlıq model bu uyğunsuzluğu aradan qaldırır".
 
Təhsil mütəxəssisi onu da vurğulayıb ki, etiraz edən müəllimlərin gətirdiyi arqumentlər təhlildə dayanıqlı görünmür:
 
"“Maaş artırılmadan belə model olmaz” iddiası nəzərə almır ki, təklif olunan mexanizm əməkhaqqının məhz real iş vaxtına və məktəbə bağlılığa görə artırılmasının hüquqi imkanını yaradır. “Kənd məktəblərində şərait yoxdur” fikri isə problemə yanlış təfsirdir: infrastruktur çatışmazlığı yeni modelə maneə deyil, əksinə onun tətbiqini zəruri edən faktordur, çünki iş saatına əsaslanan maliyyələşmə resurs bölgüsünü ehtiyaca uyğunlaşdırır və bu çatışmazlıqların inventarlaşdırılmasını məcbur edir. “MiQ nəticəsində müəllim uzaq rayona düşür” arqumenti isə sistemin yerləşdirmə mexanizmi ilə bağlıdır, iş vaxtı modeli ilə deyil; yeni mexanizm əksinə, bu problemə differensial bölgü ilə daha ədalətli çərçivə yaradır.
 
Hesab edirəm ki, Elm və Təhsil Nazirliyinin bu islahatı həm qanunvericilik, həm statistika, həm də dünya təcrübəsi fonunda təhlil edildikdə doğru istiqamət kimi görünür. Müəllim məktəbin kənarında olan yox, onun intellektual mərkəzi olmalıdır. Auditoriya dərsi müəllimin fəaliyyətinin yalnız bir hissəsi olmalıdır. Şagird nəticəsi yalnız real pedaqoji əmək və komanda işi ilə yüksələ bilər. Nazirliyin irəli sürdüyü yeni model bu məntiqi praktikaya çevirir və müəllimin həm nüfuzunu, həm sosial vəziyyətini, həm də pedaqoji təsir gücünü artıran müasir mexanizm təqdim edir. Təhsil sisteminin qarşısında duran əsas çağırış – keyfiyyətin yüksəldilməsi – yalnız bu cür struktur dəyişikliklə mümkündür. Nazirliyin bu istiqamətdə atdığı addım, təhlil göstərir ki, həm praktik, həm hüquqi, həm də strateji cəhətdən ölkə təhsilinin uzunmüddətli inkişafı üçün ən düzgün qərardır".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər