Müəllimlərin 8 saatlıq iş rejiminə keçirilməsi təklifi məktəblərin Publik Hüquqi Şəxsə çevrilməsinə hazırlıq üçündürmü?..
Elm və Təhsil
2135
03 Nov 2025 | 16:46

Müəllimlərin 8 saatlıq iş rejiminə keçirilməsi təklifi məktəblərin Publik Hüquqi Şəxsə çevrilməsinə hazırlıq üçündürmü?..

“Dünən Elm və Təhsil Nazirliyində tədris yükü 5 saat olana müəllim demirdilərsə, sabah da hər gün 8 saat məktəbdə olmayana müəllim deməyəcəklər?..”
 
“ETN bu yeniliyin guya  müəllimlərə qayğı kimi, yəni maaşlarının artması üçün edildiyini deyir. Amma olacaq cüzi maaş artımı da inflyasiya hesabına az vaxtda əhəmiyyətini itirəcək, müəllimə qalan isə hər gün 8 saat məktəbdə oturmaq olacaq..."
 
“Hesab edirəm ki,  bu, təhsilin məzmunu və texnologiyası ilə əlaqəli yenilik deyil. Bu da “Məktəblinin dostu” (MD) kimi müəllimə və məktəbə ziyanlı bir “innovasiya”dır. Artıq MD layihəsi 10 ilə yaxındır tətbiq edilir, amma məktəblər də ilbəil batır. MD layihəsi olan məktəblərin sayı artdıqca, məktəblərdə bıçaqlanma və digər qanuna zidd əməllər də artır. Bu layihəyə ayrılan 10 milyon manatı təhsilin konkret problemlərinin həllinə yönəltmək daha yaxşı olardı”.
 
Təhsil eksperti, dosent İlham Əhmədov bu fikirləri Moderator.az-a açıqlamasında son günlər səslənən müəllimlərin 8 saatlıq iş rejiminə keçirilməsi təklifinə münasibət bildirərkən ifadə edib.
 
“Mediada yazılanlara inansaq, növbəti yeniliyin mahiyyəti müəllimləri gündə 8 saat məktəbdə (icbari) saxlamaqdır. Dünən Elm və Təhsil Nazirliyində tədris yükü 5 saat olana müəllim demirdilərsə, sabah da hər gün 8 saat məktəbdə olmayana müəllim deməyəcəklər? Əgər məqsəd həqiqətən müəllim peşəkarlığını və məktəb təhsilinin keyfiyyətini artırmaqdırsa, gündəlik dərs müddətləri və iş rejimi ilə bağlı belə tənzimləmələr, repetitorluğu rəsmi şəkildə məktəb strukturlarına daxil edilməsi cəhdləri, əks nəticə verəcəkdir. Bu halda tezliklə təhsilin kommersiyalaşması, müəllim azadlığının məhdudlaşmasını müşahidə edəcəyik”, - deyə davamında ekspert bildirib.
 
Alim hesab edir ki, ölkədəki məktəblərin çoxunda müəllimlərin dərslərindən əlavə saatlarda rahat oturub işləməsi üçün şərait də yoxdur:
 
“ETN bu yeniliyin guya  müəllimlərə qayğı kimi, yəni maaşlarının artması üçün edildiyini deyir. Amma olacaq cüzi maaş artımı da inflyasiya hesabına az vaxtda əhəmiyyətini itirəcək, müəllimə qalan isə hər gün 8 saat məktəbdə oturmaq olacaq. Əgər oturmağa da yer tapa bilsə. Çünki  məktəblərin çoxunda sıxlıqdır, əlavə otaqlar və normal iş şəraiti yoxdur.
 
Necə ki, indi universitetlərin qəbul planı ilbəil artır, tələbə sayı artır  amma auditoriya fondu sabit qalıb, sıxlıq yaranıb. Bütün bu məsələlər, bu problemlər  ölkədə təhsilin inkişafı strategiyasının yoxluğu səbəbindəndir...”
 
Ekspert iddia edir ki, “bu “innovasiya” yəqin ki, məktəblərin Publik Hüquqi Şəxsə(PHŞ) çevrilməsinə hazırlıq üçündür. Amma səhv addımdır. Universitetlər PHŞ olub nə qazandı ki, indi də məktəbləri PHŞ edirlər. Bir daha deyirəm, belə “innovasiya”ların yaranma səbəbi ölkədə təhsil strategiyasının yoxluğu və menecerlərin pedaqoji təfəkkürünün zəifliyidir (bəlkə də bu ideya ekspromt yaranıb).”
 
“Belə “innovasiya” təhsildə monopoliyaya cəhd və məktəbi biznes məkanına çevirmək arzusundan qaynaqlanır. Məktəbdə bütün müəllimlərin eyni vaxtda olmasına və səmərəli fəaliyyətinə normal şərait varmı? Dediyim kimi, əksər məktəblərdə bu gün sıxlıqdır. Müəllimlərin belə mənasız vaxt itkisi nəyə lazımdır? Bəlkə, kimlərsə onları peşəsindən bezdirib, ərizələrini alıb, yeni vakansiyalar qazanmaq istəyir? Sertifikasiya oyunları kifayət deyildi?”, -deyə həmsöhbətimiz sual edir.
 
“Ola bilsin ki, müəllimin iş rejiminin dəyişməsi, 8 saatlıq işə keçid nəticəsində onun maaşı qismən artsın, amma sonrakı inflyasiya ilə bu artım tezliklə yox olacaq, müəllimə qalan elə 8 saatlıq növbətçilik olacaqdır. Müəllimlərin 12 saatlıq dərs yükünün 18 saatlıq yüklə əvəzlənməsi zamnı, maaşların 50 % artması kimi bir “hədiyyə” olacaqdır bu da”, - İlham Əhmədov diqqətə çatdırıb.
 
“Bəs əgər bu təklif doğrudan da təcrübədə tətbiq edilərsə, ölkə təhsilində hansı nəticələrə gətirib çıxa bilər?” sualını isə ekspert belə cavablandırıb:
 
“Belə yanaşma praktikada iki nəticəyə yol aça bilər: 
 
1) evdə və kurslarda əlavə dərs deyən müəllimlərin statusu və gəlir imkanları məhdudlaşar, onlar evlərində repetitorluq xidməti etmək üçün məktəb direktoru ilə “razılaşmalı” olarlar, (görünür, 9-11-ci sinif şagirdləri ilə razılaşmalar azlıq edir); 
 
2) məktəb institusional olaraq repetitorluğun bir hissəsini “rəsmiləşdirər”, tədricən məktəb təhsili pullu olar; 
 
3) Təhsil məmurlarının biznes şəbəkəsinə çevrilən kurslar repetitorluq bazarını tam şəkildə ələ keçirərlər...
 
Göründüyü kimi, bu mexanizmin arxasında duran motivlər heç də təhsilin inkişafı, onun keyfiyyəti, daha yaxşı insan kapitalı yaradılması yox, təhsil məmurlarının biznes maraqları, bazara nəzarəti və təhsil xidmətlərinin kommersiyalaşdırılmasıdır.
 
Təbii bir sual da yaranır ki, bu “innovasiya”nın nə kimi ziyanları ola bilər?
 
a) Müəllim peşəsinin daha da nüfuzdan düşməsi. Müəllimlərin əlavə gəlir mənbələrini məhdudlaşdırmaqla, onların iqtisadi azadlığı məhdudlaşar, onlar məktəb direktorlardan asılı olar. Məktəblərdə olan kişi müəllimlərin sayı daha da azalar. Müəlimlərin pedaqoji təşəbbüskarlığı və müstəqil peşəkar inkişafı zəifləyər.
 
b) Repetitorluğun məktəbə transferi, rəsmi təhsillə kölgə təhsilinin inteqrasiyası, monopoliya riski yaranar. Məktəblərin rəsmi kurs və repetitorluq xidməti göstərməsi bazarda monopoliya yaradar, repetitorluğun ləğvi yox, onun kütləviləşərməsi daha da artar, əhalinin indiki çətin maddi durumunda az gəlirli ailələr üçün təhsil daha da əlçatmaz olar. Əlavə ödənişli təhsil yalnız imkanlı ailələr üçün mümkün olarsa, sosial ədalətsizlik daha da dərinləşər, ictimai məktəblərin keyfiyyəti və ictimai təhsil xidməti zəifləyər.
 
c) Etika və açıqlıq problemləri. 
Məktəblərin repetitorluqdan gəlir götürməsi maraqlar toqquşmasına səbəb ola bilər. Direktorların müəllimləri əlavə kurslara cəlb etməsi, rəqabətin süni məhdudlaşdırılması və şəffaflığın azalması ehtimalı yaradır.
 
4. Bu siyasətin arxasında ola biləcək mexanizmlər kimi şəxsi biznes stimulu (məktəbin əlavə gəlir mənbəyi kimi kursların gəliri), nəzarətin artması (müəllimləri məktəbə daha çox bağlamaqla onları asılı edir), bazar payı və monopoliya formalaşar (rəsmi status verilməklə kurslar məktəblərin nəzarətinə keçər, bazar təmərküzləşər).
 
5. Nə itiririk? Müəllimin müstəqilliyi, əlavə gəlir mənbələri, təhsilin hamıya əlçatanlığı, şəffaflıq imkanları azalır.
 
6. Qanunvericilik və etik baxımdan bu dəyişikliklər qanun çərçivəsində həyata keçirilirmi, məktəblərin repetitorluq fəaliyyətindən gəlir toplama qaydaları şəffaf və auditə açıqdırmı, valideynlər və ictimaiyyət bu barədə tam məlumatlıdırmı? Məktəbdəki bu əlavə xidmətlər üçün rəsmi icazə və normativ baza varmı? Bu siyasət təhsildə bərabərliyə necə təsir edəcək?” kimi suallara da cavab tapılmalıdır...”
 
Təqdim etdi:
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər