Azərbaycanda ali təhsilin müddəti azaldıla bilər? - AÇIQLAMA
Elm və Təhsil
283
15:35, Bu gün

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilər? - AÇIQLAMA

"Ali təhsilin müddətinin azaldılması məsələsi sadəcə “zamanın qısaldılması” deyil, məzmuna, keyfiyyətə və əmək bazarının real tələblərinə uyğunlaşdırma məsələsidir".
 
Moderator.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, Avropada 28 ölkədən 19-da bakalavr təhsili 3 ildir. 
 
"Yeni qaydalarda Almaniya, Niderland, İtaliya və Türkiyə kimi ölkələrdə “3+2” modeli (3 il bakalavr + 2 il magistr) Bolonya sisteminə tam uyğun hesab olunur. Bu model həm tələbələrin tez əmək bazarına daxil olmasına, həm də ixtisaslaşmış magistr proqramlarına yönəlməsinə şərait yaradır. Azərbaycanda hazırda bakalavr pilləsi 4 il, magistr pilləsi 2 ildir. Amma reallıqda çoxlu sayda tələbə bakalavr pilləsində artıq 3-cü ildən sonra ixtisas üzrə baza biliklərini tam formalaşdırır. Sonuncu il isə daha çox təkrar, qeyri-ixtisas fənləri və formallıqlarla keçir. Əslində son kurs tamamilə mənasızdır. 
 
Əmək bazarına baxsaq, Dövlət Statistika Komitəsinin 2024-cü il hesabatına görə, bakalavr məzunlarının 57 faizi məzun olduqdan bir il ərzində ixtisası üzrə iş tapa bilmir. Bunun əsas səbəbi - tədris proqramlarının əmək bazarının tələblərindən gecikməsi və çox uzun tədris dövrləridir".
 
Ekspert bildirib ki, dünyada təhsil müddətinin qısaldılması keyfiyyətin azalması deyil, fokusun artırılması deməkdir: "Finlandiyada bakalavr təhsili 3 ildir, lakin proqramlarda praktik komponent 40%-ə yaxındır. ABŞ-də “accelerated bachelor” proqramları geniş yayılıb - 3 illik intensiv model tələbə üçün həm iqtisadi, həm də motivasiya baxımından daha səmərəlidir. Əlbəttə, tibb, mühəndislik və hüquq kimi sahələr istisnadır. Amma pedaqogika, sosial elmlər, iqtisadiyyat, tarix, filologiya, turizm, kənd təsərrüfatı kimi sahələrdə 3 illik model həm beynəlxalq uyğunluğu təmin edər, həm də tələbəyə vaxtında peşə fəaliyyətinə başlama imkanı verər.
 
Tədris müddətinin 3 il olması, magistratura pilləsinin isə 1 ilə endirilməsi təhsil sistemini çevikləşdirəcək, universitetləri real nəticələrə fokuslayacaq, tələbə üçün isə həm zaman, həm də iqtisadi qənaət demək olacaq. Bu addım Elm və Təhsil Nazirliyinin islahat xəttinə uyğun, dünya təcrübəsinə əsaslanan rasional və müasir yanaşmadır".
Link kopyalandı!
Son xəbərlər