Bizi sosial şəbəkələrdən izləyin:
"Azərbaycanda hər il təhsilə 5 milyard manata yaxın vəsait ayrılır".
Moderator.az "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda keçirilən 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, son illərdə təhsil sahəsində bir sıra dövlət proqramları, konsepsiyalar və strategiyalar həyata keçirilib:
"Bu sənədlərin əsas istiqaməti təhsilin keyfiyyətinin artırılması, əlçatanlığının təmin edilməsi, beynəlxalq standartlara uyğun təhsil mühitinin formalaşdırılması və təhsil islahatlarının ardıcıl şəkildə həyata keçirilməsidir"
Nazir müavini vurğulayıb ki, təhsilə ən böyük investisiyalar əsasən dövlət tərəfindən həyata keçirilir:
"Dünya təcrübəsinə baxdıqda görürük ki, orta hesabla təhsil investisiyalarının təxminən 85 faizi dövlətin, 15 faizi isə özəl sektorun payına düşür. Lakin bu göstərici ölkələrə və təhsil səviyyələrinə görə dəyişir. Azərbaycan üzrə isə bu nisbət bir qədər fərqlidir, yəni təhsil sahəsinə qoyulan investisiyaların təxminən 95 faizi dövlət büdcəsindən, cəmi 5 faizi isə özəl sektor tərəfindən qarşılanır. Hər il dövlət büdcəsindən təxminən 5 milyard manata yaxın vəsait məhz təhsil sahəsinə yönəlir. Bu, ümumi daxili məhsulun təxminən 3.8 faizinə bərabərdir".
İ.İsayev qeyd edib ki, təhsilalanların 1.6 milyonu dövlət ümumi təhsil sektorunda oxuyur:
"25 minə yaxın təhsilalan özəl təhsil müəssisələrində təhsil alır. Həmçinin investisiyaların 15-16 faizi ali təhsil sisteminə, bütün xərclərin təxminən 10 faizi məktəbəqədər təhsil müəssisələrinə yönəldilir. Bundan başqa, inklüziv təhsilin də əhatəsi genişləndirilir".