Türkiyə universitetlərində yeni mərhələ: Azərbaycanda da bakalavr təhsili 3 illik ola bilərmi?
Elm və Təhsil
263
10:43, Bu gün

Türkiyə universitetlərində yeni mərhələ: Azərbaycanda da bakalavr təhsili 3 illik ola bilərmi?

Türkiyədə ali təhsil müddəti üç ilə endiriləcək. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı bildirib. Azərbaycanda da ali təhsil müddətinin üç ilə salınması mümkündürmü?
 
Moderator.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, ali təhsilin keyfiyyəti onun müddətindən çox, məzmununun strukturuna, tədris metodologiyasına və proqramların nəticəyönümlü təşkilinə bağlıdır:
 
 “Türkiyədə bakalavr təhsilinin 3 ilə endirilməsi təşəbbüsü sadəcə tədris illərinin azalması deyil, bütövlükdə ali təhsil sisteminin səmərəliliyinin artırılmasına yönəlmiş ciddi islahat kimi qiymətləndirilməlidir. Əslində, bu ideya dünya təhsil məkanında çoxdan mövcud olan, lakin yalnız tədrisin nəticələri, təcrübə və keyfiyyət təminatı mexanizmləri oturuşduqdan sonra uğurla həyata keçirilə bilən bir yanaşmadır.
Dünyanın bir çox ölkələrində – xüsusilə Avropa Ali Təhsil Məkanında – bakalavr səviyyəsi 3 illik (180 kredit) proqramlar əsasında qurulur. Bu model Almaniya, İtaliya, Niderland, Belçika kimi ölkələrdə humanitar və sosial elmlər üzrə uğurla tətbiq olunur. Mühəndislik, tibb və texnologiya kimi daha çox laboratoriya və praktik komponent tələb edən ixtisaslarda isə 4–5 illik proqramlar saxlanılır. Bu yanaşma, tədrisin dərinliyini qorumaqla yanaşı, ixtisaslara uyğun çevik və nəticəyönlü planlaşdırmanı mümkün edir. Beləliklə, təhsil müddətinin 3 ilə endirilməsi ideyası elmi baxımdan qəbul edilən beynəlxalq normativ çərçivəyə uyğundur, lakin onun uğuru tədris planlarının keyfiyyətli şəkildə yenidən dizayn edilməsindən asılıdır”.
 
Təhsil ekspertinin fikrincə, Türkiyə bu addımı atmaqla ali təhsili həm iqtisadi, həm də sosial baxımdan daha çevik hala gətirməyi hədəfləyir:
 
 “Statistik məlumatlara əsasən, Türkiyədə hazırda 208 universitetdə 8 milyondan çox tələbə təhsil alır və onların təxminən 70 faizi bakalavr pilləsində oxuyur. Hər il 900 mindən çox tələbə universitetə qəbul olur. Belə böyük kontingentin təhsil müddətini optimallaşdırmaq dövlət üçün həm maliyyə, həm də idarəetmə baxımından əhəmiyyətli qənaət yarada bilər. Bu, eyni zamanda tələbələrin əmək bazarına daha tez daxil olmasını, ölkənin gənc işçi qüvvəsinin artmasını və ali təhsildə yüklənmənin azalmasını təmin edəcək.
Müsbət tərəfi ondadır ki, 3 illik model, düzgün tətbiq olunduğu halda, tədrisin səmərəliliyini artırır. Yaz məktəblərinin bərpası, yuxarı semestrlərdən əvvəlcədən fənn götürmək imkanları, onlayn modulların tətbiqi tələbələrin vaxtdan daha rasional istifadə etməsinə şərait yaradır. Bu, həmçinin tələbənin öz ixtisasına fokuslanmasını təmin edir, təkrarlanan və formal fənlərin çıxarılması ilə dərs yükünü balanslaşdırır. Əlavə olaraq, bu modelin tətbiqi tədris planlarının yenilənməsinə, təcrübə və staj komponentlərinin gücləndirilməsinə, universitet–sənaye əməkdaşlığının genişlənməsinə təkan verəcək.
Lakin bu addımın mənfi təsirləri də istisna deyil. Tədris müddətinin qısaldılması dərslərin intensivliyini artırır, bəzi fənlərin dərinlik səviyyəsini azalda bilər. Mühəndislik, tibb, pedaqogika və texnologiya kimi sahələrdə praktik saatların və laborator təcrübələrin sıxlaşdırılması tələbənin öyrənmə tempinə mənfi təsir göstərə bilər. Əgər bu istiqamətdə proqramlar yenidən qurulmazsa, təhsil keyfiyyəti formallığa çevrilə, biliklərin praktik tətbiqi zəifləyə bilər. Buna görə də, təhsil müddətinin azaldılması ilə paralel olaraq, qiymətləndirmə və akkreditasiya sistemləri də dəyişməli, tələbənin öyrənmə nəticələrinə əsaslanan yeni ölçmə meyarları tətbiq edilməlidir”.
 
K.Əsədov vurğulayıb ki, Azərbaycanda isə ali təhsil sistemi hazırda 4 illik (240 kredit) bakalavr proqramları üzərində qurulub:
 
“Təhsil Qanununun 15-ci maddəsinə əsasən, ali təhsilin birinci pilləsi — bakalavr təhsili — tam orta təhsil bazasında 4 il müddətində həyata keçirilir. Bununla yanaşı, bəzi ixtisaslarda bu müddət 5 ilə qədər uzanır. Bu müddətin qısaldılması üçün qanunvericilik dəyişiklikləri, dövlət standartlarının və ixtisas proqramlarının yenilənməsi tələb olunur. Eyni zamanda, tədrisin keyfiyyətinin qorunması məqsədilə staj, tədqiqat, laboratoriya və layihə işlərinin kreditləşdirilməsi sistemi yenidən qurulmalıdır.
Bu baxımdan Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi islahatlar bu istiqamətdə müsbət baza yaradır. Nazirliyin nəticəyönlü kurikulumlara keçidi, rəqəmsal tədris resurslarının tətbiqi, praktik yönümlü fənlərin genişləndirilməsi və keyfiyyət təminatı mexanizmlərinin gücləndirilməsi ali təhsilin modernləşdirilməsinə xidmət edir. Əgər bu addımlar davamlı və sistemli şəkildə inkişaf etdirilərsə, gələcəkdə Azərbaycanda da müəyyən ixtisaslar üzrə 3 illik modellərin pilot tətbiqi mümkündür. Bu, xüsusilə iqtisadiyyat, idarəetmə, hüquq və humanitar sahələrdə sınaqdan keçirilə bilər”.
 
Kamran Əsədov hesab edir ki, bakalavr təhsilinin 3 ilə endirilməsi təhsilin keyfiyyətinə mənfi təsir göstərməməsi üçün məzmunun, qiymətləndirmə mexanizmlərinin və tədris metodologiyasının yenilənməsi vacibdir:
 
“Əks halda, formal təhsil göstəriciləri artsa da, real nəticələr zəifləyə bilər. Amma düzgün planlaşdırılmış, nəticəyönlü və çevik sistem sayəsində bu islahat həm tələbələr, həm də dövlət üçün səmərəli nəticələr doğura bilər. Türkiyənin bu addımı təhsilin optimallaşdırılması istiqamətində cəsarətli və strateji qərardır. Azərbaycan üçün isə bu modelin tətbiqi, Elm və Təhsil Nazirliyinin rəhbərliyi altında mərhələli və analitik yanaşma ilə həyata keçirilərsə, ali təhsilin beynəlxalq rəqabət qabiliyyətini gücləndirə bilər”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər