Təhsil naziri etiraf etdi ki, 3 şagirddən 1-i savadsızdır...- Amma səbəblərindən danışmadı...- Ekspert izah edir...
Elm və Təhsil
504
09:40, Bu gün

Təhsil naziri etiraf etdi ki, 3 şagirddən 1-i savadsızdır...- Amma səbəblərindən danışmadı...- Ekspert izah edir...

“Məktəb təhsilinin kütləvi olaraq repetitorluqla əvəzlənməsi əzbərçiliyə səbəb olub.  Bu halda şagirdlər əsasən test imtahanlarına hazırlaşır, yaddaşa əsaslanan təlimə üstünlük verir,  amma öyrəndiyini tətbiq etməyi öyrənmir. Yaradıcılıq və tənqidi düşünmə arxa  plana  keçir...”
 
Xəbər verildiyi kimi, sentyabrın 29-da elm və təhsil naziri Emin Əmrullayev Bakıda "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib ki, Azərbaycanda şagirdlərin təxminən üçdə biri funksional savadlılıq səviyyəsinə çatmır. Bu o deməkdir ki, ölkəmizdə 3 şagirddən biri savadsızdır.  Amma cənab nazir bunun əsas səbəblərini göstərməyib izah etməyib.
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında təhsil eksperti, ADPU-nun dosentu İlham Əhmədov bunları söyləyib:  “Funksional savadlılıq  sadəcə oxuyub-yazmaq bacarığı deyil. Bu, insanın  gündəlik həyatda rastlaşdığı məlumatları oxuya bilməsi, başa düşməsi və təhlil edib praktikada tətbiq etməsidir. Məsələn,  hər hansı sadə müqaviləni, təlimatı oxuyub anlamaq, qrafik, cədvəl və statistik məlumatları təhlil etmək, mətnlərdə gizli məna və məqsədi sezə bilmək bura aiddir.  Bir sözlə, funksional savadlılıq bilikləri həyat bacarığına çevirmək qabiliyyətidir.  
 
Doğrudan da, Azərbaycanda  şagirdlərin 30 %-i  funksional savadlı deyil. Bunun bir neçə əsas səbəbi var:
 
1. Məktəb təhsilinin kütləvi olaraq repetitorluqla əvəzlənməsi əzbərçiliyə səbəb olub.  Bu halda şagirdlər əsasən test imtahanlarına hazırlaşır, yaddaşa əsaslanan təlimə üstünlük verir,  amma öyrəndiyini tətbiq etməyi öyrənmir. Yaradıcılıq və tənqidi düşünmə arxa  plana  keçir... 
 
2. Bəzi  müəllimlərin  zəifliyi səbəbi ilə təlim metodlarının  düzgün  seçilməməsi. Bu halda  müəllimlər ənənəvi  “dərs deyən – dinləyən” öyrətmə modelini tətbiq edirlər. Fəal  öyrənmə (diskussiya, layihə işi, problem həlli) metodları isə az tətbiq olunur...
 
3. Məktəb mühiti və resurs çatışmazlığı problemi... 
 
4. Ailə və sosial mühit, kitab oxumaq vərdişlərinin zəifliyi... 
 
5. Qiymətləndirmə sistemi,  imtahanlar əsasən fakt bilgilərini ölçür, şagirdin bu bilikdən necə istifadəsini yox...
 
Ümumən  funksional savadlılığın zəifliyi həm təhsil sistemi, həm də cəmiyyətin öyrənmə  mədəniyyətinin zəifliyi  ilə bağlıdır. Bunun  həll yolları da kompleks olmalıdır.  Yəni  müəllimlər üçün yeni təlim metodikaları yaradılmalı, imtahan sistemində tətbiq yönümlü tapşırıqlar  artırmalı,  oxu və müzakirə mədəniyyəti məktəbdə və ailədə gücləndirilməli,  məktəblərdə layihə əsaslı və praktiki dərs modelləri geniş  tətbiq  edilməlidir...”
 
Sultan Laçın   
 
Link kopyalandı!
Son xəbərlər