“Gəlin əvvəl universitetlərimizi universitet edək, sonra hara istəsəniz, köçürək…”
Elm və Təhsil
160
17:17, Bu gün

“Gəlin əvvəl universitetlərimizi universitet edək, sonra hara istəsəniz, köçürək…”

“Son 20 il ərzində dəfələrlə təklif etmişik ki, başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da universitetlərdə distant təhsil sistemi yaradılsın. Distant təhsil tətbiq olunsa, regionlardan gələn tələbələr onlayn oxuya bilər və...”
 
“Universitetlərin şəhərdən kənara köçürülməsi mövzusu da çoxdan müzakirə edilir. Bu müzakirələr 15 il əvvəl bir az aktiv oldu, sonra qapandı. Son vaxtlar bu mövzu yenidən aktivləşib. Əvvəlki müzakirələrdə universitet kampuslarının Bakı ətrafında yerləşdirilməsi nəzərdə tutulurdusa, indi regionlara, o cümlədən Qarabağ və Zəngəzur bölgələrinə köçürülməsi məsələsi müzakirə olunur. Bu isə ciddi əlavə problemlər yaradır. O mənada kı, bu günədək ali məktəblərə ayrılan milyonlar əsasən daşa-divara xərclənib. İndi də həmin daş-divarı qoyub köçəcəklər rayonlara. Nəticədə bütün bu təmir-tikinti işləri və binalar regionlara köçməklə səmərəsiz olacaq. Yəni universitetlərin regionlarda fəaliyyətini sıfırdan başlamaq lazım gələcək. Bununla yanaşı, yeni kampuslarla birlikdə müasir tədris proqramları, fənn proqramları və tədris planları hazırlanmalıdır”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında təhsil eksperti İlham Əhmədov "Ali məktəblərin paytaxtdan kənara və bölgələrə köçürülməsi məsələsi nə yerdədir?” sualını cavablandırarkən ifadə edib.
 
“Həmçinin hesab edirəm ki,  universitetlərin bütün professor və müəllim heyətinin regionlara köçməsi də çox çətin prosesdir. Onların məişətinin təşkil olunması və ailələrinin yerləşdirilməsi problem yaradacaq; ailə Bakıda yaşayacaq, ailənin bir üzvü digəri regionda işləməli olacaq. Bu isə ailələrə əlavə çətinliklər yaradır.
 
Bu problemin həllində maliyyə məsələsi də mühüm rol oynayır. Kampusların şəhərdən kənara köçürülməsi və yeni kampusların tikilməsi çox böyük investisiyalar tələb edir. Hazırda əsas maliyyə vəsaitləri Qarabağın yenidən qurulmasına yönəldildiyi üçün universitetlər üçün kampus tikintisi asan olmayacaq. Universitetlərin öz maliyyə imkanları isə buna yetərli deyil, dövlət dəstəyi isə hələ müəyyən deyil. Buna görə də problem hələ də açıq qalır”, -davamında bunları söyləyən ekspert çıxış yollarından birini də göstərib:
 
“Son 20 il ərzində dəfələrlə təklif etmişik ki, başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da universitetlərdə distant təhsil sistemi yaradılsın. Distant təhsil tətbiq olunsa, regionlardan gələn tələbələr onlayn oxuya bilər və bu təhsil keyfiyyətcə əyani təhsildən geri qalmayacaq. Beləliklə, onların nəqliyyat xərcləri azalacaq, təhsil haqqı daha münasib olacaq. Eyni zamanda, Bakıda yaşayan tələbələr də hər gün dərsə gəlmək məcburiyyətində qalmayacaq. Onlar distant və ya hibrid təhsil ala bilər: məsələn, həftədə iki gün universitetə gəlir, qalan günləri isə onlayn dərs keçirlər...”
 
“Yadımdadır ki, təxminən 17-18  il əvvəl də bu mövzu müzakirə ediləndə konkret universitetlərə Xocahəsənli qəsəbəsində yeni kampus tikmək üçün torpaq sahəsi və layihə smeta sənədləri də hazırlanmışdı. Səhv etmirəmsə, hər kampusun inşasına ortalama o vaxtki qiymətlərlə 150 milyon manat (təxminən 200 milyon $) vəsait nəzərdə tutulurdu. Onda da elə indiki kimi, təhsilin keyfiyyəti ilə əlqədar heç bir işə pul ayrılmırdı, təhsilin real inkişafına xidmət edəcək hər bir işi Təhsil Nazirliyi ictimai əsaslarla icra etməyi tələb edirdi. O vaxt belə müzakirələrin birində biz də iştirak edirdik. Çıxışımda bildirdim ki, gəlin əvvəl universitetlərimizi universitet edək, sonra hara istəsəniz, köçürək”, - İlham Əhmədov fikrini belə yekunlaşdırıb.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər