“Azərbaycan təhsilindəki ağır durum 25 ildir pisdən daha pisə doğru irəliləyir...”
Elm və Təhsil
429
15:15, Bu gün

“Azərbaycan təhsilindəki ağır durum 25 ildir pisdən daha pisə doğru irəliləyir...”

“Bu çökmənin bir səbəbi də odur ki, ölkənin bir çox sahələrində müəyyən mənada beyin mərkəzləri olsa da, bu günə qədər təhsilimizdə “beyin mərkəzi”  olmayıb...”
 
“Ölkədə 30 ildir ki,  normal təhsil strategiyası,  təhsil konsepsiyası yoxdur. Belə vəziyyətdə  hansı yeniliklər, planlar, proqramlar  ola bilər ki? Bütün bu işlər əslində təhsil strategiyasından qaynaqlanmalıdır. Ona görə sistemsiz, xaotik, ziddiyyətli addımlar və nəticədə təhsilin ilbəil çökməsi  müşahidə edilir. Ən pisi isə odur ki, ETN bu tənəzzülün qarşısını ala bilmir.  Həm dediyimiz kimi, proseslərə konseptual baxış yoxdur, həm peşəkarlıq zəifdir, həm də vəziyyəti düzəltməyə maraq hiss edilmir.  Arada hay-küylü forumlar və s. tədbirlər olur, məqsəd  ictimaiyyətin nəzərində  iş görüntüsü yaratmaq,  KİV üçün press-relizlər və selfilər çəkdirmək,  bahalı otellərdə əhəmiyyətsiz tədbirlərlə gündəmə gəlməkdir. Təhsil isə çökməkdə davam edir”.  
 
 
Bu fikirləri təhsil ekspertti İlham Əhmədov Moderator.az əməkdaşının "Məlumatınız yoxdur ki, Elm və Təhsil Nazirliyi 2025-2026-cı tədris ili üçün hansı yenilik və tədbirləri planlaşdırıb, hansı problemlərin həlli üçün plan və proqramlar irəli sürüb?” sualını cavablandırarkən ifadə edib.
 
Ekspert hesab edir ki, digər sahələrdə olduğu kimi, təhsil sahəsində də tənəzzülün əsas səbəblərindən biri respublikada bu sahə ilə əlaqəli “beyin mərkəz”lərinin olmamasıdır.
 
“Təhsildəki bu ağır durumun ETN-də nə  həkimi, nə diaqnozu,   nə müalicəsi, nə dərmanı var.  Amma bu  problemlərin hamısını son 5 ilin ayağına yazmaq da ədalətsizlik olardı.  Azərbaycan təhsilindəki ağır  durum 25 ildir pisdən daha pisə doğru irəliləyir. Sadəcə son illər təhsil daha sürətlə batır... Bu çökmənin bir səbəbi də odur ki, ölkənin bir çox sahələrində müəyyən mənada beyin mərkəzləri olsa da, bu günə qədər təhsilimizdə “beyin mərkəzi”  olmayıb. Ən pisi isə budur ki, məmurlar buna heç ehtiyac da duymayıblar. Ona görə də 25 illik “təhsil islahatları” nəticəsində tərsinə qurulmuş təhsil binası yaranıb”, -deyə həmsöhbətimiz diqqətə çatdırıb.
 
“Bəlkə belə “beyin mərkəzi”  ya Azərbaycan Respublikası Təhsil İnstitutu(ARTİ), yaxud ETN olsun?  Təəssüf ki, ARTİ -nin elmi potensialı son 10 ildə yox edildi, ETN isə nazirin bildirdiyi kimi “elmi qurum deyil.”  Bəs təhsildə “beyin mərkəzləri”nin rolu nədir?.. Təhsilimiz bu gün dünyada gedən sürətli inkişafa cavab verə biləcək bir şəkildə fasiləsiz yenilənməlidir. Bunu təmin etmək üçün yalnız praktik təcrübə kifayət deyil, strateji baxış və elm əsaslı qərarlar zəruridir. Bu səbəbdən “beyin mərkəzləri”nin fəaliyyətinə ehtiyac var.
 
“Beyin mərkəzləri” elmi təhlil və araşdırmalar edərək təhsil siyasətinə yön verər, dövlət və ictimaiyyət üçün məlumat əsaslı qərarların qəbulunu dəstəkləyə bilər. Belə “beyin mərkəzləri” təhsilə dair elmi araşdırmalar aparar, analitik hesabatlar hazırlayar, ictimai əhəmiyyətli tövsiyyələr, təhsil siyasətinə dair təkliflər verə bilər...
 
Təəssüf ki, təhsil məmurları bu haqda heç düşünmürlər də. Bunun üçün onların potensialı da kifayət deyil. “Biz proseslərə yox, nəticələrə investisiya edirik” yanaşması ilə belə suallara heç vaxt cavab tapmaq mümkün olmaz”, - İlham Əhmədov vurğulayıb.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər