Elm və Təhsil
470
13:13, Bu gün

"Təhsil sahəsində məmurların ekspertlərə ehtiyacı daha çoxdur...”-EKSPERT

"Gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq, təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır."
— Prezident İlham Əliyev
 
“Ekspertlərin məqsədi yalnız tənqid yox, problemin aydınlaşdırılması və həll yollarının göstərilməsidir. Onlar problemləri qabardanda, alternativ yanaşmalar təklif edəndə məmurların narazılığı əbəsdir, əslində onlar minnətdar olmalıdırlar...”
 
“Təhsil sistemi isə heç bir məmurun şəxsi monopoliyası deyil – bu, ümummilli məsələdir...”
 
Tanınmış təhsil eksperti ADPU-nun dosenti İlham Əhmədov 15 sentyabr - Bilik Günündə Moderator.az-a təqdim etdiyi Azərbaycan təhsilinin mövcud vəziyyətini və qarşıya çıxan problemləri təhlil etdiyi növbəti məqaləsində təhsil sisteminin qarşısında duran çətinlikləri göstərib və bu çətinliklərin aradan qaldırılması üçün təkliflər irəli sürüb. Məqalədə, xüsusilə, islahatların səhv istiqamətdə irəliləməsi, peşəkar ekspertlərin və mütəxəssislərin cəmiyyətdəki rolunun zəif olması kimi məsələlərə diqqət çəkilib. Təhsil sahəsindəki böhranın yalnız idarəetmə səhvlərindən deyil, həm də sistematik yanaşma problemlərindən qaynaqlandığı vurğulanıb. Ekspert həmçinin, təhsil islahatlarının uğur qazanması üçün dövlətin və mütəxəssislərin birgə fəaliyyətinin vacibliyini qeyd edib.
 
Təhsilin böhranı və müzakirələrin  vacibliyi...
 
Ölkədə ən mühüm sahə təhsil olmasına baxmayaraq, ən ağır vəziyyət də məhz bu sahədədir. Təhsil islahatları prosesində edilən ciddi səhvlər nəticəsində sistem sanki,  “tərsinə qurulub”. Təhsilə dair beyin mərkəzləri, konsaltinq şirkətləri, davamlı müzakirə platformaları yoxdur. Məmurların peşəkarlığı isə çox vaxt kifayət etmir.
 
Belə bir vəziyyətdə yeganə ümid – bilgisi, səriştəsi və vətənpərvərliyi ilə seçilən ziyalılara qalır. Onlara istər ekspert, istər alim, istər müəllim və ya analitik deyək – fərq etməz, əsas məsələ budur ki, onların bilik və təcrübəsindən doğru-düzgün  istifadə edilsin... 
 
Ekspert kimdir?.. 
 
 
Ekspert problemləri səsləndirən, qabardan və həll yollarını  təklif edən mütəxəssisdir. Hər mütəxəssis hələ ekspert deyil. Mütəxəssis minlərlədir, ekspertlər çox az. Çünki hər oxuyan molla Pənah olmur, hətta xaricdə oxusa da...  
 
“Bəzən bizə deyirlər ki, niyə təhsili tənqid edirsiniz, düzəldin. Amma problemi həll etmək üçün əvvəlcə onu başa düşmək lazımdır. Cəmiyyət də, biz də eyni yerdə dayanmalıyıq....” -  Emin Əmrullayev
 
 
Ekspertlərin məqsədi yalnız tənqid yox, problemin aydınlaşdırılması və həll yollarının göstərilməsidir. Onlar problemləri qabardanda, alternativ yanaşmalar təklif edəndə məmurların narazılığı əbəsdir, əslində onlar minnətdar olmalıdırlar...
 
Hz. Əlinin dediyi kimi:  "Kim dediyinə baxma, nə dediyinə bax"...
 
Məmurların xilası, problemlərin həlli mütəxəssislərlə sıx əməkdaşlıqdadır...
 
Əslində sorğu verən vətəndaşa “sən kimsən ki?”  kimi sual qoymaq doğru deyil. Əksinə, məmurların özlərinin təhsil sahəsində bilik və təcrübəsi, peşəkarlığı daha ciddi sual altındadır. O özü kimdir ki?  Çox vaxt ixtisası təhsillə bağlı olmayanların dostluq   prinsipləri əsasında,   kollektiv şəkildə bu sahədə mühüm postlara gətirilməsi, kadr siyasətində çox ciddi problemlər yaradıb. Sistematik olaraq belə səhvlərin edilməsi nəticəsində təhsil  xeyli zəifləyib...
 
Ekspertin məmura ehtiyacı yoxdur. Amma məmurun ekspertə ehtiyacı, ondan öyrənməyə böyük ehtiyacı var, əgər onu peşəkar inkişaf və problemlərin həlli maraqlandırırsa...  
 
Təhsildə Beyin mərkəzlərinin rolu...
 
"Müasir dünyada beyin mərkəzlərinin dövlətlərin və cəmiyyətlərin inkişafında rolu olduqca böyükdür." (Prezident İlham Əliyev).
 
Dünyanın inkişaf etmiş ölkələrində dövlət qurumları müstəqil ekspertlərlə əməkdaşlıq edir. Bizdə isə təhsildə nə real beyin mərkəzləri, nə də konsaltinq şirkətləri var. Nəticədə məmurlar hər şeyi özlərinin “ən yaxşı bildiyini” düşünür, amma faktiki olaraq illərdir islahatlar uğursuz olur...  
Təhsildə beyin mərkəzlərinin yoxluğunu, azsaylı ekspertlərlə əməkdaşlıq qismən də olsa, kompensasiya edə bilər... 
 
Təhsil siyasəti və ekspertin funksiyası...
 
Təhsil siyasəti – təhsil sisteminin fəaliyyəti və inkişafını təmin edən tədbirlər kompleksidir.
Təhsil eksperti – sahədə dərin bilik və təcrübəyə malik mütəxəssisdir.
 
Təhsil ekspertinin fəaliyyət sahələri:
 
1. Təhsil proqramlarının hazırlanması və qiymətləndirilməsi.
2. Yeni strategiyalar və yol xəritələrinin işlənməsi.
3. Rəqəmsallaşma proqramlarının qurulması.
4. Keyfiyyətin idarə edilməsi.
5. Ölçmə və qiymətləndirmə sistemləri.
6. Monitorinq xidmətləri.
7. Məsləhət və metodiki dəstək.
8. Pedaqoji kadrların inkişafı.
9. Elmi araşdırmalar və nəşrlər.
 
Ekspertlərin digər əsas funksiyası da ictimai nəzarətdə fəallıq etməkdir.  Amma təhsil  məmurları  çox vaxt ictimai nəzarəti diqqətə almırlar. Tənqidə dözümsüz yanaşır, yalnız tərif gözləyirlər.
 
Ekspertlərin cəmiyyət qarşısında heç bir maddi öhdəliyi yoxdur. Onlar bu işi vətənpərvərlik və məsuliyyət hissi ilə, özlərinin mənəvi borcu olaraq edirlər. Təəssüf ki, rəsmi olaraq dövlət qarşısında məsuliyyəti və vəzifəsi  olan təhsil məmurları öhdəsinə düşən işi keyfiyyətsiz icra edir və  ümumi işə dəstək verən ekspertləri   də görməzdən gəlirlər. Əslində  məmurlar ekspertlərə təmənnasız fəaliyyətlərinə görə  “çox sağ ol” deməli, onların potensialından faydalanmalıdır...
 
Təhsildə əsas sual budur:  Məmurların məqsədi real problemləri həll etməkdir, yoxsa sadəcə iş görüntüsü yaratmaq?
 
Əgər doğrudan da təhsil problemlərinin həlli  onlar üçün prioritetdirsə, bu zaman praktik  əməkdaşlıq etmək lazımdır. Tək əldən səs çıxmaz... 
Strateji və  ümummilli məsələlər  xalqın ümumi potensialı ilə həll edilə bilər. 30 illik təhsil təcrübəsində edilən çoxsaylı səhvlər  bu əməkdaşlığın zəruriliyini çoxdan sübut edib.  Durumdan nəticə çıxaranlar isə azdır.  Təhsil sistemi isə heç bir məmurun şəxsi monopoliyası deyil – bu, ümummilli məsələdir..."
 
İlham Əhmədov, dosent"
 
Link kopyalandı!
Son xəbərlər