BDU-nun əcnəbi tələbəsi:
Elm və Təhsil
186
15:35, Bu gün

BDU-nun əcnəbi tələbəsi: "Azərbaycan mənim ikinci Vətənimdir"

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin II kurs tələbəsi, Mərkəzi Afrika Respublikasından olan Jean-Lucien Pouf Kanyangrebay Azərbaycanı artıq özünün ikinci Vətəni hesab edir. O, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” ilə BDU-da “İnformasiya texnologiyaları” ixtisası üzrə bakalavr təhsili alır.
 
Moderator.az universitetə istinadla xəbər verir ki, Jean-Lucien Azərbaycana gəlməzdən əvvəl Misirin Qahirə şəhərində təhsil alıb. Burada təhsil aldığı müddətdə Azərbaycanda oxuyan bir tələbə ilə tanış olması onun həyatında dönüş nöqtəsi olub. Dostunun məsləhəti ilə o, BDU və “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” barədə məlumat əldə edib və Azərbaycanın Misirdəki səfirliyinə müraciət edərək sənədlərini təqdim edib. Onun sözlərinə görə, Azərbaycanda təhsilin üstünlüklərindən biri əlavə dil hazırlığına ehtiyac qalmadan dərslərə qoşula bilməkdir.
 
BDU-nu seçməsinin əsas səbəblərindən biri fakültənin çevik proqramı və çoxdilli təhsil imkanları olub. O, həm Azərbaycan, həm rus, həm də ingilis dillərində təhsil almaq şansını yüksək qiymətləndirir. Eyni zamanda, Bakı şəhərini xarici tələbələr üçün çox əlverişli və rahat hesab edir. “Burada özümü ölkəmdəki kimi hiss edirəm”, – deyə bildirir.
 
Gənc tələbə fakültəsində aldığı bilik və bacarıqları xüsusi vurğulayır. Onun sözlərinə görə, güclü riyazi hazırlıq müasir kompüter elmləri ilə birləşdirilir, nəzəri biliklər praktikada tətbiq olunur. Bu isə tələbələrə süni intellekt, kibertəhlükəsizlik və məlumat elmi kimi sahələrdə ixtisaslaşmaq imkanı yaradır. Jean-Lucien birinci kursdan etibarən proqramlaşdırmada möhkəm baza əldə etdiyini, müəllimlərinin dəstəyi ilə kibertəhlükəsizlik sahəsində praktiki təcrübə qazandığını bildirir.
 
BDU-nun “Tələbə evi”ndə yaşayan tələbə yataqxana həyatından da razıdır: “Bura təhlükəsiz və səliqəlidir. İşçilər bizimlə ailə üzvü kimi maraqlanır, gündəlik vəziyyətimizi izləyirlər. Bu da həm tələbələr, həm də valideynlər üçün böyük rahatlıqdır”.
 
Azərbaycan mədəniyyəti və mətbəxi də onun qəlbini fəth edib. Ölkəni “çox təmiz və təhlükəsiz” adlandıran Jean-Lucien, insanların mehribanlığından və qonaqpərvərliyindən razılıqla danışır. Onun sevimli Azərbaycan yeməyi isə “üç bacı” dolmasıdır.
 
Jean-Lucien gələcək planlarından da söz açır. O, artıq öz ölkəsində Rəqəmsal və Kibertəhlükəsizlik üzrə Mərkəzi Afrika Akademiyasını yaradıb. Gənc alim kriptoqrafiya üzrə mütəxəssis olmaq və bu bilikləri ilə vətəninə fayda vermək niyyətindədir. Bununla yanaşı, Azərbaycanda fəaliyyətini davam etdirmək imkanını da nəzərdən keçirir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər