Bizi sosial şəbəkələrdən izləyin:
Alimlər ilk dəfə olaraq Misirdə təxminən 4500 il əvvəl yaşamış insanın qədim genomunu deşifrə ediblər. Frensis Krik İnstitutu və Liverpul Con Mures Universitetinin iştirakı ilə aparılan tədqiqat bizə ilk piramidaların tikildiyi dövrə, Erkən Krallıq dövrünə aid fərdin tam genomunu əldə etməyə imkan verib.
Moderator.az "Nauka" nəşrinə istinadla xəbər verir ki, “Nature” jurnalında dərc olunan tədqiqat qədim Misirin genetik tarixini anlamaqda mühüm addımdır.
Qalıqlar Qahirədən təxminən 265 km cənubda yerləşən Nuveyrat kəndində tapılıb. Cəsəd qayaya oyulmuş bir məzarda keramik-saxsı qabda basdırılıb və bu, ehtimal ki, DNT-nin daha yaxşı qorunmasını təmin edib.
Nəticədə çoxlu sayda yad DNT qalıqlarını süzgəcdən keçirmək zərurətinə baxmayaraq, təkmil ekstraksiya və ardıcıllıq üsulları sayəsində genetik materialı bərpa etmək mümkün olub.
Təhlillər göstərib ki, onun əcdadının təxminən 80%-i qədim Şimali Afrika qrupları ilə, təxminən 20%-i isə Bərəkətli Aypara bölgəsi- Mesopotamiyadakı əhali ilə bağlıdır.
Bu, təkcə mədəni əlaqələrin deyil, həm də piramidaların tikildiyi dövrdə əhalinin qarışıqlığını göstərən faktiki miqrasiya axınlarının sübutudur.
Dişin kimyəvi izləri və skelet araşdırmaları da daxil olmaqla əlavə təhlillər, kişinin Misirdə böyüdüyünü təsdiqləyib və sümüklərindəki izlər onun dulusçu olduğunu deməyə əsas verir. Onlar əlləri uzadaraq oturaq görülən işlərin əlamətlərini ehtiva edir. Eyni zamanda, onun qabın içindəki boşluqda dəfn edilməsi o dövrün sənətkarı üçün qeyri-adi idi və daha yüksək sosial statusdan xəbər verə bilər.
Tədqiqatçılar qədim dövrlərdə əhalinin müxtəlifliyi və hərəkətləri haqqında daha dolğun təsəvvür əldə etmək üçün daha çox sayda arxeoloji nümunənin öyrənilməsinin zəruriliyini vurğulayırlar.
S.Laçın