Azərbaycan gerçəkliyində “özünə hörmət edən təhsil sistemi” və “özünə hörmət edən universitet” anlayışları...
Elm və Təhsil
325
16:29, Bu gün

Azərbaycan gerçəkliyində “özünə hörmət edən təhsil sistemi” və “özünə hörmət edən universitet” anlayışları...

“Özünə hörmət edən təhsil sistemi - 20 il ərzində, təhsil büdcəsini səmərəli xərcləyərək ölkə rəhbərinin 
 
"Neft kapitalını insan kapitalına çevirmək" tapşırığına əməl edə bilən sistemdir...”
 
“Özünə hörmət edən universitet   -maaş xaric büdcəsinin 80 %-dən çoxunu elm, təhsil, innovasiya, kadrlarının inkişafına, tələbənin rifahına yönəldən universitetdir…”
 
"Təhsil sistemimiz sanki, tərsinə qurulub..." –Emin Əmrullayev
 
Aktuallığını nəzərə alaraq təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun ““Özünə hörmət etməyən təhsil sistemi” başlıqlı növbəti yazısını dəyərli Moderator.az oxucularının nəzərinə çatdırırıq:
 
“Bu yaxınlarda  təhsilin TOP menecerlərindən biri “özünə hörmət edən universitet” anlayışından istifadə etdi. Bu anlayış bizim təhsil sistemi üçün yeni termindir. Bu anlayışa heç ölkənin  "Təhsil qanunu"nda da rast gəlinmir. Bəlkə "Ali təhsil haqqında qanun"da bu anlyışa tərif veriləcək?  Bəlkə də "Ali təhsil haqqında qanun"un 10 il ləngiməsinə səbəb elə bu anlayışdır, ona konkret tərif verə bilmirlər?.. 
 
 “Özünə hörmət edən universitet” anlayışının elmi izahının verilməsinə bu gün ehtiyac var. Bu anlayışa təxmini də olsa, tərif verək.  Onda  müzakirələr daha konkret və səmərəli ola bilər. 
 
Bu anlayışa müxtəlif təriflər vermək olar. Bu məsələyə hansı prizmadan baxmağımızdan asılıdır.   Amma bu təriflərin əsasında klassik təhsil dəyərləri, humanizm, cəmiyyətə, vətəndaşa, tələbəyə keyfiyyətli təhsil xidməti, ölkənin təhsil ənənələri, milli mentalitet v.s.  amillər nəzərə alınmalıdır.   
 
“Özünə hörmət edən universitet” anlayışına tərif verərkən qeyd edilən  mənəvi dəyərlər diqqətdə saxlanılsa da,  iqtisadi baxımdan tərif vermək daha doğru olardı. Çünki müasir dövrdə maliyyə sıxıntısı olan universitet  universitet ola bilməz. Bizim universitetlər isə davamlı maliyyə sıxıntısı şəraitində işləyiblər… 
 
TƏRİF 1:  Özünə hörmət edən universitet  
-maaş xaric büdcəsinin 80 %-dən çoxunu elm, təhsil, innovasiya, kadrlarının inkişafına, tələbənin rifahına yönəldən universitetdir. 
Bizim universitetlər isə maaşlar xaric büdcəsinin 80 %-dən çoxunu təmir-tikintiyə, mebellərə, rəhbərlik üçün bahalı xidməti avtomobillərin alınmasına,  xarici səfərlərin  təşkilinə sərf edirlər.  Bununla belə, tələbələrə yataqxana tikmək haqqında düşünmürlər də.  Bu tərif baxımından bizim universitetlərin 90 %-nə “özünə hörmət edən universitet” demək çətindir. 
 
Əgər biz təhsil sisteminə “özünə hörmət edən universitet” anlayışı daxil ediriksə, onda özünə hörmət edən təhsil sistemi, özünə hörmət edən təhsil meneceri,  özünə hörmət edən məktəb, özünə hörmət edən rektor, özünə hörmət edən məktəb direktoru v.s.  anlayışları da daxil etməliyik. 
 
Bu anlayışlar təyin edildikdən sonra təhsil aksiomları  və təhsil teoremləri müəyyən edə bilərik. Bu halda təhsil elmləri daha ciddi, məntiqi və müasir məzmun alar, tətbiqi xarakteri artar. 
 
Özünə hörmət edən təhsil sistemi nədir? 
 
Burda da müxtəlif yanaşmalar mümkündür.  Amma biz  özünə hörmət edən təhsil sistemi anlayışını təyin edəndə hökmən öz reallığımızı nəzərə almalıyıq. 
 
TƏRİF 2: Özünə hörmət edən təhsil sistemi - 20 il ərzində, təhsil büdcəsini səmərəli xərcləyərək ölkə rəhbərinin "Neft kapitalını insan kapitalına çevirmək" tapşırığına əməl edə bilən sistemdir. 
 
Təbii ki,   bizim reallıqda təhsil sistemimiz  20 il ərzində, təhsil büdcəsini səmərəsiz israf etmiş, ölkə rəhbərinin "Neft kapitlını insan kapitalına çevirmək" tapşırığına əməl edə bilməmişdir. 
 
Yəni, təhsilimizə  özünə hörmət edən təhsil sistemi deyə bilmərik. 
 
Deməli nə universitetlərimizə, nə də təhsil sistemimizə özünə hörmət edən təhsil  deyə bilərik…
 
TEOREM 1: Özünə hörmət etməyən təhsil sisteminin apardığı təhsil islahatları tərsinə qurulmuş təhsil sistemi yaradacaqdır…
 
TEOREM  2: Özünə hörmət etməyən təhsil sisteminin məzunlarının 60 %-dən çoxu,  oxuduğu mətni anlamır... 
 
TEOREM  3: Özünə hörmət etməyən təhsil sistemində təhsilin keyfiyyəti sinifdəki şagirdlərin sayı ilə tərs mütənasibdir…  
 
TEOREM  4: Özünə hörmət etməyən təhsil sistemində menecerlərin sözü ilə əməli  ziddiyət təşkil edir… 
 
TEOREM  5: Özünə hörmət etməyən təhsil sistemində "Təhsildə güzəşt vətənə xəyanətdir" deyib, əməldə səriştəsiz dostlara güzəştlə vəzifələr, tenderlər, qrantlar verilir… 
 
TEOREM  6: Özünə hörmət etməyən təhsil sistemində ingilis dilini bilməyənlərin elm və təhsildən danışmasına  qadağa qoyulur… 
 
TEOREM  7: Özünə hörmət etməyən təhsil sistemində distant təhsilə qadağalar qoyulur…
 
TEOREM  8: Özünə hörmət etməyən təhsil sistemi keyfiyyətsiz təhsili ilə yetişdirdiyi müəllimləri sertifikasiyadan kütləvi şəkildə kəsərək, işdən azad edir… 
 
TEOREM 9:  Özünə hörmət edən Rayon Təhsil Şöbəsi bir dərs ilində  milyonlrla manat pulu mənimsəmir…
 
TEOREM 10:  Özünə hörmət edən məktəbin şagirdləri kütləvi şəkildə kursların və repetitorların xidmətindən istifadə etmir. Özünə hörmət edən internat məktəb  kimsəsiz uşaqların qidalanması və təhsilinə ayrılan milyonlarla manatı mənimsəmir… 
 
TEOREM 11:  Özünə hörmət edən məktəb direktorunun müəllimlərə yönəli hədə dolu səs yazıları “votsap” qruplarda yayılmır. Özünə hörmət edən məktəb direktoru dövlət əmlakı olan sinif otaqlarını şəxsi mülkiyyəti kimi  repetirorlara icarəyə vermir. 
 
TEOREM 12:  Özünə hörmət edən təhsil meneceri öz ixtisasına və iş təcrübəsinə uyğun işlə məşğul olur. 
 
TEOREM 13:  Özünə hörmət edən Təhsil Nazirliyi menecerləri, idarə etdiyi universitetlər,   RTŞ-ləri, məktəbləri də özünə hörmət edirlər. (əksi də düzdür)… 
 
TEOREM 14:  Özünə hörmət edən təhsil sistemi 1500 ucqar məktəbi bağlayıb, qalan 3000 məktəbdə "Məktəblinin dostu" kimi təhsilə yamaq layihəni maliyyələşdirməyi arzulamır… 
 
Bu tərifləri və  teoremləri davam etdirmək də olar. Bu sahə yeni olduğu üçün, yəqin ki, gələcəkdə bu istiqamətdə tədqiqatlar davam edəcək, inkişaf olacaqdır.  
 
İlkin araşdırma göstərir ki, həqiqətən də ölkədə təhsil sistemi tərsinə qurulub.  Hələ çoxmu davam edəcək təhsildəki  bu xaos?
 
Bizim təhsilimizin bu qədər ciddi  maddi, mənəvi, təşkilati, kadr, texnoloji  v.s. problemləri  olduğu halda, niyə xaricdə "özünə hörmət etməyən universitetlər"  axtarışında olmalıyıq?..
Dos. İlham Əhmədov”
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər