“Elm və təhsil naziri ildə bir dəfə ölkə təhsilinin durumu barədə ictimai hesabat versin...” - EKSPERTDƏN TƏKLİF
Elm və Təhsil
1025
10:54, Bu gün

“Elm və təhsil naziri ildə bir dəfə ölkə təhsilinin durumu barədə ictimai hesabat versin...” - EKSPERTDƏN TƏKLİF

“Doğru  suallar qoymaqla və bu suallar ətrafında müzakirələr aparmaqla təhsili irəlilətmək olar...” -Emin Əmrullayev. 
 
“Təhsil islahatlarının vəziyyəti, ümumən ölkə təhsilinin durumu, ETN-nin fəaliyyəti bu onilliklər ərzində heç hökumət tərəfindən kompleks monitorinq edilibmi?..”
 
“Təhsilə ayrılan 5 milyard büdcə də qeyri-şəffaf və səmərəsiz xərclənir. Artan təhsil büdcəsinin real nəticəsi heç cür hiss edilmir...”
 
 “Neft kapitalı insan kapitalına niyə çevrilmədi?” 
 
“25 illik islahatları niyə  nəticəsiz oldu?” 
 
“Təhsilimiz  niyə qapalı sistemə çevrilib?”
 
Aktuallığını nəzərə alaraq təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun Azərbaycan təhsilinin problemlərinə həsr olunmuş növbəti məqaləsini dəyərli Moderator.az oxucularının ixtiyarına buraxırıq:
 
Yeni dərs ilinin başlanmasına az qalıb. Bu ərəfədə təhsil problemləri gündəmi daha çox  zəbt edir. Amma təhsilimizdə o qədər problem var ki, bu mövzu mövsümi yox, gündəlik müzakirə obyektidir. Təəssüf ki,  təhsildə problemlərimiz azalmaq əvəzinə  ilbəil artır...  
 
İctimaiyyətdə belə təsəvvür var ki, təhsilin real durumu  və onun həll yolları  barədə təhsil məmurlarında aydın təsəvvür yoxdur. Bu haqda heç düşünən də yoxdur. 
 
Nazirin ayda bir dəfə hamının da bildiyi hansısa  problemi səsləndirməsi, amma sonralar onun həllinə heç bir  cəhd etməməsi də artıq ənənə halını alıb.  Bu halda nə inkişaf ola bilər? Təklif edirik ki, ildə bir dəfə- Bilik Günü(15 sentyabr) və yaxud  Beynəlxalq Təhsil Günü(24 yanvar)  Elm və Təhsil Nazirliyi(ETN) ölkə təhsilinin durumu barədə xalqa, parlamentə və hökumətə  geniş hesabat versin, bu sahədə ilbəil artan problemlərin səbəblərini və həll yollarını (əgər bilirsə) ictimailəşdirsin.   
 
Bu yanaşma həm də ənənə halını almalıdır.  Bəlkə bu halda təhsilin inkişafı az da olsa mümkün olar.
 
Neft dövrü bitir, biz postneft erasına hazırıqmı? Yeni eranı — iqtisadiyyatın qeyri-neft sektorunu qura bilirikmi? Təbii ki, bu yeni erada təhsil sistemi həlledici rol oynayacaq. Bizim təhsil sistemi bu çağırışlara cavab verə biləcəkmi? ETN ölkə rəhbərliyinin “Neft kapitalını insan kapitalına çevirmək” siyasətini reallaşdıra bildimi? Hansı potensialla? Bu barədə hökumətə hesabat verdimi?
 
25 ildir ölkədə təhsil islahatları gedir. Təhsil islahatlarının vəziyyəti, ümumən ölkə təhsilinin durumu, ETN-nin fəaliyyəti bu onilliklər ərzində heç hökumət tərəfindən kompleks monitorinq edilibmi? Təhsildəki acınacaqlı durum göstərir ki, 25 il ərzində xərclənən milyardlarla pul “Neft kapitalını insan kapitalına çevirmək” siyasətini reallaşdıra bilmədi. Niyə belə oldu? Kimdir günahkar?
 
Düşünürəm ki, hər ilin qeyd edilən günlərdən biri ölkənin təhsil sistemi üçün “ümummilli sertifikasiya günü” elan edilsin. Parlament, hökumət və ictimaiyyət bu sahədəki problemləri tam şəffaf şəkildə görməli, bilməli, hiss etməli, millətin gələcəyinin hansı peşəkarlar tərəfindən və necə qurulduğu xalqa məlum olmalıdır. İctimaiyyət, müstəqil ekspertlər ümummilli əhəmiyyətli monitorinqlər və hesabat barədə öz fikirlərini bildirməli, ölkə rəhbərinin tələb etdiyi kimi davamlı müzakirələr olmalıdır.
 
Rusiya Federasiyasında "İctimai Palata" adlı qurum var. Bu qurum tez-tez ölkə təhsilindəki vəziyyətə dair dinləmələr keçirdir, ictimai nəzarət, vətəndaş cəmiyyəti institutlarının inkişafı və dövlət orqanları ilə cəmiyyət arasında dialoqu təmin edir. Onun əsas məqsədi dövlət siyasətinə ictimai maraqların daxil edilməsini təmin etməkdir. İctimai Palata təhsil sahəsində mövcud problemləri müzakirəyə çıxarır, təkliflər hazırlayır və hökumətlə əməkdaşlıq edərək bu təkliflərin həyata keçirilməsinə töhfə verir. O, təhsil sisteminin şəffaflığını və keyfiyyətini artırmaq üçün ictimai nəzarəti təmin edir və mütəxəssislərin, valideynlərin, tələbələrin rəyini nəzərə alaraq təhsil siyasətinə təsir göstərir.
 
Konkret olaraq Rusiya İctimai Palatası təhsil sahəsində də bu fəaliyyətləri göstərir:
 
İctimai nəzarət və ekspertiza — təhsil qanunvericiliyinin və dövlət proqramlarının həyata keçirilməsini izləyir, təhsil sahəsində islahatlarla bağlı qanun layihələrinə ictimai rəy hazırlayır.
 
Dialoq platforması — təhsil məsələləri ilə bağlı müzakirələr, forumlar, dəyirmi masalar təşkil edir, təhsil sistemində çalışan mütəxəssisləri, müəllimləri, valideynləri və digər maraqlı tərəfləri bir araya gətirir.
 
Problemlərin həlli və təşəbbüslər — təhsil sahəsində mövcud problemləri araşdırır və onların həlli ilə bağlı təkliflər irəli sürür, məktəb və ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılması üçün layihələr hazırlayır.
 
Vətəndaş hüquqlarının qorunması — təhsil hüquqlarının pozulması ilə bağlı şikayətləri qəbul edir və həll yolları axtarır, əlillər və sosial müdafiəyə ehtiyacı olan digər qruplar üçün təhsilin əlçatanlığını təmin etməyə çalışır.
 
Təhsilin inkişafı üçün tövsiyələr — təhsil sisteminin modernləşdirilməsi ilə bağlı dövlət orqanlarına tövsiyələr verir, məktəblərdə və ali təhsil müəssisələrində rəqəmsallaşma və yeni texnologiyaların tətbiqi ilə bağlı layihələr dəstəkləyir.
 
Maarifləndirici fəaliyyət — təhsil sahəsində ictimaiyyətin məlumatlılığını artırmaq üçün konfranslar, seminarlar və kampaniyalar təşkil edir, vətənpərvərlik tərbiyəsi, mədəni dəyərlərin qorunması və innovativ təlim metodlarının inkişafı ilə bağlı layihələr həyata keçirir.
 
Hesab edirik ki, bizim ölkəmizdə də belə geniş və səmərəli fəaliyyət göstərə bilən İctimai Palatanın yaranmasına ehtiyac var. Onun tərkibinə ziyalılar, alimlər, incəsənət və ictimai xadimlər, ekspertlər daxil edilməlidir. Bu həm də təhsilə müstəqil nəzarət forması ola bilər.
 
6 il əvvəl ETN nəznində yaradılan İctimai Şura ictimaiyyətin gözləntilərini doğrultmadı, bu müddət ərzində təhsilin vəziyyəti barədə heç bir kompleks monitorinqlər aparmadı, təhsildəki real vəziyyət haqqında xalqa heç bir məlumat vermədi. Bu qurumun da tərkibi, ETN tərkibi kimi, əsasən təhsilə aidiyyatı olmayan, amma ETN-ə yaxın olan şəxslərdən formalaşdı…
 
Ölkə əhalisinin 50%+ hissəsi bu və ya digər formada təhsil sistemi ilə əlaqəlidir. Bu sistemin mükəmməl işləməsində hamı maraqlıdır. Amma reallıq tam başqa mənzərə göstərir. Bizim təhsil sistemimiz bu gün tam qapalı bir quruma çevrilib. Əvvəllər qapıları hamının üzünə açıq olan məktəb indi qapalı bir obyekt olub. Təbii ki, sinif otaqlarının boş olması, uşaqların çoxusunun məktəbdə yox, repetitor yanında olması faktını ictimaiyyətdən gizlətmək üçün edilib bu qapalı rejim. Amma 25 il davam edən bu durum ölkədə hamıya məlumdur, aşkar işin gizlədilməsinə nə ehtiyac?..
 
Təhsilə ayrılan 5 milyard büdcə də qeyri-şəffaf və səmərəsiz xərclənir. Artan təhsil büdcəsinin real nəticəsi heç cür hiss edilmir. Bu sahədəki islahatlar artıq 25 ildir davam edir, hər hansı inkişaf oldumu? Yox, əksinə işlək təhsil sistemi söküldü və əvəzində səmərəsiz, yarımçıq mexanizm yaradıldı. Təhsilə dair bütün reytinqlərdə çox aşağı yerlərdəyik. Hətta qonşu ölkələrdən də geridəyik.
 
Postneft erasının, biliklərə əsaslanan iqtisadiyyatın, innovativ iqtisadiyyatın qurulmasına elm-təhsil sistemi nə təklif edə bilər, bu yeni eraya təhsilimiz hazırdırmı? ETN ölkə iqtisadiyyatına hansı töhfələr verə bilər? Bir daha təklif edirəm ki, bizim ölkədə də İctimai Palata yaradılsın, hər il beynəlxalq təhsil günü ETN ölkə təhsilinin durumu barədə ictimai hesabat versin...”
 
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər