Ondan başlayaq ki, elə başlığa baxarkən söhbətin özəl məktəb və liseylərdən getməsi artıq hamımıza gün kimi aydın oldu.
Amma özəl məktəb və liseylərlə bağlı hər hansı fikir yürütməyə hələlik tələsməyək. Onsuz da cəmiyyətdə özəl məktəblərə münasibət heç də birmənalı deyil. Bunun isə bir səbəbi var: onların əlçatmazlığı və bu əlçatmazlığı yaradan əsas meyar-bahalı illik təhsil haqqı.
Bu gün Azərbaycan təhsilində vur-tut 32 özəl məktəb (lisey) var. Doğrudur, onların da müxtəlif sayda və müxtəlif məkanlarda filialı olanı, yalnız bir korpusla fəaliyyət göstərəni olsa da, marka olaraq bu rəqəm yalnız 32-dir və onlardan yalnız biri paytaxtdan kənarda yerləşir.
Hazırda özəl məktəblərdə təhsil haqqı 3-18 min aralığında dəyişir. Təklif olunan müxtəlif məbləğlərin da təbii ki, öz açıqlaması var. Bugün valideynə təklif etdiyi xidmətlər paketinin kəmiyyət və keyfiyyəti, əvvəlki illərin qəbul imtahanı, beynəlxalq fənn olimpiadaları, eləcə də digər ciddi müsabiqələrin nəticələri özəl təhsil müəssisələrindəki illik təhsil haqqını nizamlayır.
Doğrudur, bugün bir çox özəl təhsil müəssisələrinin təklif etdiyi xidmətlər həddindən artıq bahadır. Amma bir başqa reallıq isə həmin təhsil müəssisələrinə olan valideyn müraciəti axınıdır. Gerçəklik budursa, o zaman biz niyə özəl təhsil müəssisələrindən şikayətlənib, onların illik təhsil haqqılarından giley edirik?! Fikrimcə, bunun bir əsas səbəbi sırf psixoloji baryer, insanlarda övladının gələcəyi, təhsilinin inkişafı ilə bağlı narahatlıq və bunun onun maddi imkanı ilə uyğunluq təşkil etməməsidir. Bəli, bu gün hər kəs övladının daha keyfiyyətli, daha modern standartlara cavab verən bir təhsil müəssisəsində oxumasını istəyir. Bu, onun mənəvi haqqı, valideyn gözləntisidir. Amma yuxarıda da yazdığımız kimi, bu cür müəssisələrin də sayı az, illik təhsil haqqısı çox yüksək, müraciət axını isə tükənməz… Nəticədə, övladının uğurlu təhsilini yalnız bu kimi təhsil ocaqlarında görən valideyn çar-naçar qalaraq, yeganə “çıxış yolunu” ancaq şikayətlənməkdə görür. Yoxsa, azad iqtisadiyyat, sahibkarlıq fəaliyyətin olduğu dövrdə heç bir özəl müəssisəni göstərdiyi xidmətə görə niyə yüksək maliyyə tələb etməkdə günahlandırmaq olmaz.
Deməli, burada əsas məsələ yenə də orta ümumtəhsil müəssisələridir. Çünki sıravi məktəblərimizlə özəl müəssisələr arasında keyfiyyət, yanaşma, nəticəlilik, modern tədris metodları, innovativlik və s. kriteriyalar arasında olan çox güclü disbalans, uçurum qədər fərq valideyni hədsiz narahat edir. O zaman əsas sual da belə qoyulmalıdır: dövlət məktəblərimiz özəllərə niyə uduzur? Hazırda Elm və Təhsil Nazirliyinin bazasında olan təmayüllü gimnaziyaları, lisey komplekslərini, bir də tək-tük sayda güclü şəhər məktəblərini çıxmaqla yerdə qalan müəssisələrin heç birisi özəllərlə rəqabət apara bilmək gücündə deyil. Elə sadaladığımız bütün kriteriyalara görə…
Biz bu fərqləri buraxılı və qəbul imtahanlarının nəticələrində də görürük.
Təbii ki, qəbul prinsipləri özəl, dövlət məktəblərinə baxmır. Bu gün özəl də, dövlət də vahid tədris proqramından istifadə edir. Amma təhsilə yanaşmada, təhsil məzmunun modern formada təşkilində, pedoqoji işin təşkilində özəl məktəblər dövlət məktəblərini qabaqlayır. Təbii burada da istisnalar var. Bir çox dövlət məktəbləri var ki, xüsusən də yuxarıda dediyimiz kimi şəhərin mərkəzində fəaliyyət göstərən məktəb-lisey komplekslərinin, təmayüllü liseylərin, gimnaziyaların nəticələri özəl məktəbləri bəzi hallarda qabaqlayır. Amma orta statistik ümumi təhsil məktəbləri var ki, onların nəticələri hər zaman özəl məktəblərdən geri qalır. Dövlət İmtahan Mərkəzinin hər il təqdim etdiyi elmi-statistik göstəricilərdə bütün bu datalar öz əksini tapıb.
DİM-in yüksək səviyyədə hazırladığı təhlillərdə hər şey öz əksini tapir: 0-50 bal aralığındakı nəticələr onların cinsə görə, məktəblərə görə, regional ərazilərə görə göstəriciləri, bütün statistik vahidlər orada əksini tapır.
Amma yenə də cəmiyyətdə haqlı olaraq belə bir sual yaranır: yüksək keyfiyyətli təhsil, yüksək nəticələr, innovativ, modern yanaşma və s. -bütün bunların hamısı ümumilikdə Azərbaycanda mühitində özəl məktəblərin qiymətinin hətta 15-18 min manat aralığında olmasına haqq qazandırırmı? Yəni real bazar qiymətləri ilə tələb olunan məbləğ arasındakı fərq niyə bu qədər çox olmalıdır? Sıravi vətəndaş olaraq bu sualı ünvanlayan hər kəsi özünə görə haqlı hesab etmək olar. Amma məsələyə bir də özəl məktəbin öz yanaşmasından, öz pəncərəsindən baxmaq lazımdır. Əvvəlcə özəl məktəblərin müsbərlərini əks etdirən bir neçə detail xüsusilə qabardaq:
1.Özəl məktəblərdə şagirdə fərdi yanaşma hər zaman ön plandadır. Burada hər hansı şagirdin diqqətdən kənarda qaldığını, tədris və təlim baxımından kölgədə süründüyünü demək olmaz. Bu, sadəcə mümkün deyil;
2.Özəl məktəblərdəki sırf tələb olunan kurikulumun məzmun standartlarına uyğun dərslərin təşkili və bunun şagirdlərdə həm şəxsiyyətyönümlü formalaşma , həm də onların repetitor xidmətlərindən azad olmasında müstəsna rolu. Yəqin ki, özəl məktəblərdə şagirdlərin əhəmiyyətli hissəsinin repetitor xidmətindən istifadə etmədiyini bilirik. Çünki istisna halları çıxsaq, oradakı böyük şagird auditoriyasının buna sadəcə ehtiyacı yoxdur;
3.Dünyanın bir çox nəhəng təhsil ölkələrində tətbiq olunan beynəlxalq əsaslı modern-innovativ təhsil proqramlarının alınması və dərslərin onların əsasında təşkili. Əmin ola bilərsiniz ki, bu proqramdan “çıxmış” şagirdlər digər həmyaşıdlarından təfəkkür və yanaşmalarına görə xeyli fərqlənir;
4.Beynəlxalq imtahan proqramlarının alınması və bununla da şagirdlərə məktəbi bitirəndən sonra birbaşa xaricdə təhsil almaq imkanının yaradılması.
Doğrudur, bu punktdan bütün özəl məktəblər yararlanmır. Aralarında ən yüksək təminatlı özəllərdə bu imkanlar sunulur;
5.Qidalanma, idman, sağlamlıq, hobbi, əyləncə və özünüinkişafla bağlı keyfiyyətli xidmətin təşkili.
Siyahını təbii ki, uzatmaq da olar. Amma elə bu 5 maddə “özəllərin” hansı mərtəbədə olduğunu göstərir. Amma və lakin… İndi gəldik əsas məsələyə: dünyanın hər yerində təhsil müəssisəsi özəl və dövlət olmaqla iki yerə bölünür. Bizdəki fərq isə ikincilərdəki keyfiyyətin, birincilərdən zəif olmasıdır. Amma bu o demək deyil ki, biz dövlət məktəblərimizə yan baxmalı və onları təhsilimiz üçün uğursuz saymalıyıq. Bu o demək deyil ki, biz dövlət müəssisələrində çalışan on minlərlə müəllimi zəif hesab etməliyik. Əsla elə deyil! Bu gün hər nə olursa-olsun, təhsilimizin əsas bünövrəsi məhz orta statistic göstəriciləri olan məktəblərimizdir. Məhz bu məktəblərdəki əlçatanlılıq, məhz bu məktəblərdəki müəllim fədakarlığı hesabına şagirdlərimiz müəyyən göstərici və savada malik olurlar. Bunları kimsə dana bilməz! Lakin yeganə arzu və istəyimiz həmin məktəblərin yüksək keyfiyyətli özəllərin bəzi təcrübələrindən yararlanmaları və şagirdlər üçün daha verimli olmalarıdırlar. Çünki bugün orta statistic vətəndaşın öz övladını həmin məktəblərdə oxutdurmaq üçün maddi gücü olmasa da, buna mənəvi hüququ var. O zaman gəlin, biz özəllərdəki müsbətlərin bəzilərini öz məktəblərimizə gətirək. Təbii ki, hər detail gətirə bilmərik və bu, absurd da səslənər. Məsələn, qidalanma, beynəlxalq imtahan proqramları və s. Amma elə mexanizmlər var ki, onları gətirə bilərik. Necə, nə cür, bu barədə düşünmək lazımdı. Həmin o vətəndaşın xətrinə… Həmin o övladı isə nigeran olan valideynin xətrinə…
Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı